Diaqnoz. Əvvəl də qeyd etdiyimiz kimi dərinin piqmentli törəmələri - nevus hüceyrəli xal, mavi nevus, “südlü kofe” ləkələri, yuvenil çil, mürəkkəb nevus, yuvenil melanoma olmaqla, bəzən piqmentləşə bilən seboreyalı keratoz, bazosellulyar xərçəng, tromboz və ya skleroz hemangioma ilə yanaşı, daha az rast gəlinən ziyil, Kapoş sarkoması və piogen qranulomalar da mövcuddur.
Keçən 30 ildə melanomanın rastgəlmə tezliyinin artması hər bir piqmentli törəmənin diqqətlə qiymətləndirilməsini tələb edir. Törəmənin anamnezi, əvvəlcədən mövcud olan nevusun melanomaya çevrilmə potensialına görə əhəmiyyətlidir. Ölçü, forma, elevasiya, rəng, lokal qaşınma, qanaxma və xoralaşma kimi hər hansı bir dəyişikliyin baş verməsindən şübhələnmək lazımdır. Bu məlumat diqqətli bir fiziki müayinə ilə tamamlanır və eksiziya lazım olub-olmamasına qərar verilir.
Bütün şübhəli törəmələrdə histoloji qiymətləndirmə lazımdır. Üstün tutulan metod, total eksiziyonal biopsiyadır.
Təsnifatı. Klark və əməkdaşları xəstəliyi klinik gedişinə, böyümə, görünüş və proqnoza görə 3 qrupa bölürlər.
Lentiqo bədxassəli melanoma. Hutchinson melanotik çil kimi tanına törəmə, adətən, bədənin günəşə məruz qalan yerlərində - baş, boyun, əl və ayaqlarda gec yaşlarda (təxminən 70 yaş) müşahidə olunur. Rastgəlmə tezliyində cinsiyyətə görə fərq müəyyən olunmamışdır. Törəmə uzun illər boyu (5-15 il) mövcud ola bilər. Uzunluğu 1-4 sm-ə qədər olub, maliqnizasiya etdikdə düyünlü olur. Baş, boyun melanomalarının 50%-ni təşkil edir. Adətən, melanomaların 13,9%-i bu qrupa daxildir. 5 illik yaşam faizi 55,2%-dir.
Səthi yayılan melanoma - ən çox rast gəlinən tipdir. Melanomaların 54,5%-ni təşkil edir. Bədənin hər hansı bir hissəsində rast gəlinə bilər. Daha çox qadınların aşağı ətraflarında meydana çıxır. İnvaziyadan əvvəlki böyümə müddəti 1-5 ildir. Törəmələrin kənarı kələ-kötürdür. 5 illik yaşam faizi 46,5%-dir.
Nodulyar bədxassəli melanoma - melanomaların 31,6%-ni təşkil edir. Bədənin hər hansı bir yerində müşahidə olunur, bir neçə aydan iki ilə kimi qısa bir anamnezlə və nodulyar bir morfologiya ilə xarakterizə edilir. Daha gənc yaşlarda, təxminən 43 yaşında meydana çıxırlar. Rastgəlmə tezliyində cinsiyyətə görə fərq müəyyən olunmamışdır. Törəmə mavi, qara, bəzən amelatonik görünüşlüdür və ətraf toxumadan kəsdikdə patoloji ocağın sərhədlərini təyin etmək olur. Şiş inkişaf etdikdə polipşəkilli olur və bu zaman xüsusilə proqnozu pisləşir, 5 illik yaşam faizi 27,3%-dir.
Dostları ilə paylaş: |