Sinirlərin regenersasiyası. Hüceyrələrin regenerasiya və differensasiya qabiliyyətindəki məhdudiyyətinə görə sinir toxuması digər toxumalardan fərqlənir. Sinir hüceyrələri bir dəfə məhv olarsa, bir daha bərpa edilə bilməz. Bu həm mərkəzi sinir sistemi, həm də periferik sinirlərə aiddir. Yaralanma nahiyyəsinin yaxınlığından asılı olaraq periferik sinirlərdə sinir hüceyrələri müəyyən qədər regenerasiya edə bilər. Periferik sinir aksonunun bərpası bir toxumanın deyil, xüsusi bir hüceyrənin regenerasiyasıdır.
Müəyyən olunmuşdur ki, serebral yaralarda bədənin digər nahiyələrindəki kimi iltihab və fibroplaziya olur, lakin onlar yerli toxuma və hüceyrə tiplərinə görə modifikasiya olunmuşlar. Serebral yaralardakı ilk iltihabi cavab vaskulyarizasiya və fibroplaziya ilə birlikdə yaranır. Yaralanmadan 10-20 gün sonra makrofaqlar, 35 gün sonra fibroplaziya inkişaf edir, bu zaman makrofaqların sayı azalır. Fibroplaziya dövründə hüceyrə formaları sadə qliya hüceyrələrinə bənzər atipik astrositlərdir. Sinir hüceyrəsinin cisminin zədələnmə dərəcəsi ilə hüceyrənin cavab reaksiyası arasında bir əlaqə var. Periferik sinir hüceyrəsinə daha yaxın olan zədələnmə zamaı itirilən aksoplazmanın bərpası daha çətindir. Məsələn, bilək və ya əl səviyyəsində orta və ya dirsək sinirinin xəsarəti zamanı nevroloji regenerasiya fazaları 2-3 ay davam edir. Bazu səviyyəsində olan bir xəsarət zamanı isə regenerasiya fazaları 1 il və ya daha çox müddət tələb edir. Daha proksimalda olan bir xəsarət hüceyrə cisminin ölməsinə səbəb olur. Hüceyrə cismi yaşasa da, akson yaratmaqüçün lazımlı metabolik balans hüceyrənin əmələ gətirdiyi metabolik balansdan çox olduğu üçün hüceyrə regenerasiyası mümkün olmur.