Xarİcİ dövlət məhkəmələrİnİn qətnamələrİnİn tanınması
Maddə 469. Ümumi qaydalar
Xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.
Maddə 470. Ailə işləri üzrə qətnamə qəbul edilməsinin məcburiliyi
470.1. Əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.
470.2. Əgər ər-arvadın hər ikisi qətnamə qəbul edilən zaman nikahı pozan orqanın aid olduğu dövlətin vətəndaşı olmuşsa, qətnamənin tanınması tələb olunmur.
Maddə 471. Tanınmaya qarşı etiraz
İşdə iştirak edən şəxs, xarici dövlətin məhkəmə qətnaməsinin daxil olmasını bildiyi 1 ay müddətində bu qətnamənin tanınmasına etiraz barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edə bilər.
Maddə 472. Etiraza baxılma
472.1. Xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı işdə iştirak edən şəxsin etirazına işdə iştirak edən şəxslərə bu Məcəllədə göstərilən qaydada bildirməklə açıq məhkəmə iclasında baxılır.
472.2. Çağırış vərəqəsinin ona təqdim edilməsi məhkəməyə məlum olduqda, işdə iştirak edən şəxsin üzürsüz səbəbdən məhkəməyə gəlməməsi etiraza baxılmasına mane olmur.
472.3. Əgər şəxs etiraza baxılması vaxtının başqa vaxta keçirilməsinə dair məhkəməyə müraciət edərsə və bu xahiş məhkəmə tərəfindən üzürlü hesab edilərsə, onda məhkəmə baxışı başqa vaxta keçirir və bu barədə işdə iştirak edən şəxslərə bildirir.
472.4. Xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı etiraza baxılanda məhkəmə qərardad çıxarır.
Maddə 473. Xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasının rədd edilməsi
473.1. Məcburi icra edilməli olmayan xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasının rədd edilməsinə bu Məcəllənin 465-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda yol verilir.
473.2. Qərardadın surəti onun çıxarıldığı gündən 3 gün müddətində xarici dövlətin məhkəmə qətnaməsinin çıxarılması barədə ərizə vermiş şəxsə və ya onun nümayəndəsinə və qətnamənin tanınmasına qarşı etiraz etmiş şəxsə göndərilir.
Fəsil 50
Dostları ilə paylaş: |