Xarİcİ dövlətİn arbİtraj məhkəmələrİnİn qətnamələrİnİn
İcrası və tanınması
Maddə 474. Ümumi qaydalar
Bu bölmənin maddələri həmçinin, xarici dövlətlərin arbitraj məhkəmələrinin qətnamələrinin icra edilməsi və ya tanınması barədə qətnamələrə də tətbiq edilir.
Maddə 475. Xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsinin icra edilməsi və ya tanınması barədə ərizə
Xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsinin icrasını və tanınmasını bildirən hüquqi və fiziki şəxs, arbitraj qətnaməsinin əslini və ya onun təsdiq edilmiş surətini, habelə arbitraj sazişinin əslini və ya onun surətini təqdim etməyə borcludurlar. Əgər arbitraj məhkəməsinin qətnaməsi və ya saziş xarici dildədirsə, tərəflər bu sənədlərin təsdiq edilmiş, Azərbaycan dilinə tərcüməsini təqdim etməlidirlər.
Maddə 476. Xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsini məcburi icra etməkdən və ya tanımaqdan imtina
476.0. Xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsinin məcburi icra edilməsi və tanınmasından şəxsə aşağıdakı hallarda imtina edilə bilər:
476.0.1. işdə iştirak edən şəxsin əleyhinə yönəldilən arbitraj məhkəməsi qətnaməsinin məcburi icrası və ya tanınması haqqında ərizəsinə baxan məhkəməyə o, aşağıdakı sübutları təqdim edərsə:
476.0.1.1. arbitraj sazişində iştirak edən tərəflərdən biri bu və ya digər dərəcədə fəaliyyət qabiliyyəti olmayan olmuş, yaxud bu sazişə əsasən tərəflərin tabe olduğu qanuna görə, sazişdə belə müddəa olmadıqda isə qətnamə çıxarılan ölkənin qanununa görə etibarsız hesab edilmişdir;
476.0.1.2. əleyhinə qətnamə çıxarılmış tərəf arbitrin və ya arbitraj baxışının təyin edilməsi vaxtı haqqında lazımi qaydada xəbərdar edilməmiş və ya başqa səbəblərdən öz izahatını təqdim edə bilməmişdir;
470.0.1.3. qətnamə arbitraj sazişində nəzərdə tutulmayan və ya onun şərtlərinə uyğun gəlməyən mübahisə üzrə çıxarıldıqda, yaxud arbitraj sazişinin hədlərindən kənara çıxan məsələlər üzrə bəndlərə malik olduqda; lakin əgər arbitraj sazişi ilə əhatə olunan məsələlər üzrə bəndlər bu Saziş ilə əhatə olunmayan məsələlərdən ayrıla bilərsə, onda arbitraj sazişi ilə əhatə olunan məsələlər üzrə bəndləri olan qətnamənin hissəsi tanına və icraya yönəldilə bilər;
476.0.1.4. münsiflər məhkəməsinin tərkibi və ya arbitraj qaydaları tərəflərin razılığına və ya bunların olmaması arbitrajın olduğu ölkənin qanununa uyğun gəlmirsə;
476.0.1.5. qətnamə tərəflər üçün hələ məcburi deyildirsə və ya ləğv edilmişsə, yaxud qanunları əsasında çıxarıldığı ölkənin məhkəməsi tərəfindən ləğv edilmişsə və ya icrası dayandırılmışsa;
476.0.2. əgər arbitraj məhkəməsinin qətnaməsinin icraya yönəldilməsi və tanınması barədə ərizəyə baxan məhkəmə müəyyən etsə ki, mübahisənin obyekti Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən arbitraj baxışının predmeti ola bilməz, yaxud arbitraj məhkəməsinin qətnaməsinin icraya yönəldilməsi və tanınması Azərbaycan Respublikasının suverenliyinə və ya qanunvericiliyin əsas prinsiplərinə ziddir.
Maddə 477. Münsiflər məhkəməsinin qətnaməsi
Xarici münsiflər məhkəməsi qətnaməsinin icra edilməsi və tanınması üçün bu Məcəllənin maddələri müvafiq olaraq tətbiq edilə bilər. Bundan əlavə, BMT-nin 1958-ci il 10 iyun tarixli xarici münsiflər məhkəməsinin qətnaməsinin tanınması və icra edilməsi barədə Nyu-York Konvensiyası tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə Əlavə
Dostları ilə paylaş: |