Maddə 253-1. İcbari sığorta müqaviləsinin bağlanmaması
İcbari sığorta qanunvericiliyinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə—
fiziki şəxslər on manat miqdarında, vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (46, 116, 119)
Maddə 253-2. İcbari sığorta növləri üzrə müvafiq ayırmaların aparılmaması
Sığortaçılar tərəfindən icbari sığorta növləri üzrə qanunvericilikdə müəyyən edilmiş qaydada sığorta haqlarından müvafiq ayırmaların aparılmamasına görə—
vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir. (116, 119)
Maddə 253-3. Auditorun mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin bağlanmaması
Auditor xidməti göstərən fiziki və hüquqi şəxslər tərəfindən sığortaçı ilə mülki məsuliyyətin icbari sığortası müqaviləsinin bağlanmamasına görə—
vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər səksən manatdan yüz manatadək miqdarda cərimə edilir. (115, 117, 119)