Maddə 396. İnzibati xətalar haqqında işlərin icraatını təmin etmək tədbirləri
396.1. İnzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, inzibati xəta haqqında protokolun yerində tərtibi mümkün olmadıqda, onun tərtibi vacibdirsə, onu tərtib etmək, işlərə vaxtında və düzgun baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədilə səlahiyyətli vəzifəli şəxs aşağıda göstərilən tədbirləri tətbiq edə bilər:
396.1.1. gətirilmə;
396.1.2. inzibati qaydada tutma;
396.1.3. şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama;
396.1.4. nəqliyyat vasitəsinə baxış;
396.1.5. şeyləri və sənədləri götürmə;
396.1.6. nəqliyyat vasitəsini idarə olunmasından kənar etmə;
396.1.7. sərxoşluq vəziyyətini müayinə etmə;
396.1.8. nəqliyyat vasitələrini saxlama və onların istismarını qadağan etmə.
396.2. İnzibati xətalar haqqında işlərin icraatının təmin edilməsi ilə bağlı tədbirlərin qanunsuz tətbıq edilməsi nəticəsində dəymiş zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir.
Dostları ilə paylaş: |