Maddə 423. İnzibati xəta haqqında işə baxılması qaydası
423.1. İnzibati xəta haqqında işə baxılarkən:
423.1.1. işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur;
423.1.2. inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir;
423.1.3. fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir;
423.1.4. iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılması və ya işin baxılmasının başqa vaxta keçirilməsi məsələsi həll edilir;
423.1.5. işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur;
423.1.6. edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir.
423.2. Aşağıda göstərilən hallarda işin baxılmasının başqa vaxta keçirilməsi barədə qərardad qəbul edilir:
423.2.1. əgər onun etirazı işin mahiyyəti üzrə baxılmasına mane olursa, özü-özünə etirazetmə və ya işə baxan hakimə, vəzifəli şəxsə, yaxud kollegial orqanın üzvünə etirazetmə barədə ərizə daxil olduqda;
423.2.2. mütəxəssisə, ekspertə və ya tərcüməçiyə etirazetmə işin mahiyyəti üzrə baxılmasına mane olduqda;
423.2.3. işdə iştirak edən şəxsin gəlməsinə və ya əlavə sənədlərin tələb olunmasına, yaxud ekspertizanın təyin edilməsinə zərurət olduqda.
423.3. Bu Məcəllənin 420.3-cü maddəsinə müvafiq olaraq iştirakı məcburi olan şəxsin gətirilməsi barədə qərardad çıxarılır.
423.4. Bu Məcəllənin 421-ci maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarırlar.
423.5. İşin baxılması davam edərsə, inzibati xəta haqqında protokol, zəruri hallarda isə işin digər materialları elan edilir. Barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən digər şəxslərin, habelə mütəxəssisin izahatları, ekspertin rəyi dinlənilir, digər sübutlar araşdırılır, işin baxılmasında prokuror iştirak etdikdə, onun rəyi dinlənilir.
Dostları ilə paylaş: |