Maddə 455. Fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması haqqında qərarın icrası
455.1. Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsi alınmaq yolu ilə icra edilir.
455.2. Nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.
455.3. Gəmilərin (kiçik gəmilərin) idarə edilməsi hüququnun məhdudlaşdırılması haqqında qərarın icrası gəmilər (kiçik gəmilər) üzərində dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
455.4. Ov etmə hüququnun məhdudlaşdırılması haqqında qərarın icrası ov etmə qaydaları üzrə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
455.5. Nəqliyyat vasitələrini idarə etmə hüququnun və ya ov hüququnun müəyyən müddətə məhdudlaşdırılması barədə qərar qəbul etmiş səlahiyyətli vəzifəli şəxs göstərilən hüququn məhdudlaşdırılması müddətini, təyin edilmiş müddətin azı yarısı keçdikdən sonra nəqliyyat vasitələrini idarə etmə hüququ və ya ov hüququ məhdudulaşdırılmış şəxsin işlədiyi və ya oxuduğu müəssisənin, idarənin, təşkilatın vəsatəti ilə azalda bilər.
455.6. Barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. (183)
Dostları ilə paylaş: |