Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


Maddə 111. Balıq ehtiyatlarının mühafizəsi və ov qaydalarının pozulması



Yüklə 2,2 Mb.
səhifə62/255
tarix10.01.2022
ölçüsü2,2 Mb.
#108092
1   ...   58   59   60   61   62   63   64   65   ...   255
Maddə 111. Balıq ehtiyatlarının mühafizəsi və ov qaydalarının pozulması

111.1. Balıq ehtiyatlarının mühafizəsi qaydalarının pozulmasına görə—

  • inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək miqdarda cərimə edilir.

111.2. Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə—

  • inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. (1, 101, 119)

Maddə 112. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulması

112.0. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni:

112.0.1. heyvanlar aləminin obyektlərindən istifadənin limitlərinin artırılmasına;

112.0.2. dövlət ekoloji ekspertizasının tələblərinin yerinə yetirilməməsinə;

112.0.3. heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin və miqrasiya yollarının mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə;

112.0.4. qurumuş bitkilərin və ya onların qalıqlarının özbaşına yandırılmasına;

112.0.5. bitki mühafizə vasitələrinin, onların boy stimulyatorlarının, mineral gübrələrin və başqa maddələrin (preparatların) saxlanması, daşınması və tətbiq edilməsi qaydalarının pozulmasına;

112.0.6. özbaşına, yaxud müəyyən edilmiş qaydanı pozmaqla heyvanları köçürdükdə, iqlimə uyğunlaşdırdıqda və artırdıqda genetik cəhətdən dəyişmiş orqanizmlərdən istifadə edilməsinə;



112.0.7. heyvanlar aləmi obyektlərinin vəziyyəti, sayı, onların istifadəsi haqqında məlumatların gizlədilməsinə və ya təhrif edilməsinə görə—

  • fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər beş min beş yüz manatdan yeddi min manatadək miqdarda cərimə edilir. (1, 101, 119)

Maddə 113. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması

113.1. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, yəni:

113.1.1. dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;

113.1.2. ağır ekoloji nəticələrə səbəb ola bilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;

113.1.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;

113.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada yararsız torpaqları bərpa etmədən yeni (xam torpaq sahələrini) təsərrüfat və ya sair fəaliyyət dövriyyəsinə daxil edilməsinə;

113.1.5. ətraf mühitin və onun komponentlərinin qlobal mənfi dəyişikliklərinə səbəb olan, o cümlədən ekoloji təhlükəsizlik sahəsində beynəlxalq müqavilələri pozan fəaliyyətin həyata keçirilməsinə;

113.1.6. müvafiq ərazinin təbii mühitinə xas olmayan, habelə nəzarətsiz artım və yayılmasının qarşısını almaq üçün səmərəli tədbirləri hazırlamadan süni yolla əldə edilmiş orqanizmlərdən istifadə edilməsinə, çoxaldılmasına və ya yayılmasına;

113.1.7. ətraf mühit və insanlar üçün təhlükə dərəcəsi qiymətləndirilməmiş maddələrin tətbiq edilməsinə;

113.1.8. insan orqanizmində və ətraf mühitdə cəmləşə bilən və təbii parçalanmaya uğramayan toksik maddələrdən istifadə edilməsinə, habelə zərərsizləşdirmə texnologiyası ekoloji cəhətdən təhlükəli olan toksik maddələrin tətbiq edilməsinə;

113.1.9. emal, zərərsizləşdirmə və təkrar istifadə texnologiyası ekoloji cəhətdən təhlükəli olan məhsulların ölkəyə gətirilməsinə və ya istehsalına;

113.1.10. radioaktiv tullantıların, işlənmiş, lakin yenidən istifadəyə yararlı olan nüvə yanacağının, müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş siyahıda göstərilən toksik və sair təhlükəli istehsalat və məişət tullantılarının, digər radioaktiv maddələrin və nüvə materiallarının, təkrar istifadə edilə bilinməyən qeyri-toksik tullantıların, habelə istifadəsi və təkrar istifadəsi texnologiyası ekoloji təhlükə yaradan maddələrin ölkəyə gətirilməsinə;

113.1.11. müvafiq normativ hüquqi aktlarla ekoloji cəhətdən təhlükəli fəaliyyət kateqoriyasına aid edilmiş sair fəaliyyətin həyata keçirilməsinə;

113.1.12. bu Məcəllənin 113.1.1-113.1.11-ci maddələrində göstərilən xətaların törədilməsi ilə müşaiyət olunan elmi-tədqiqat, iqtisadi və sair eksperimentlərin həyata keçirilməsinə görə—

  • fiziki şəxslər iki yüz manatdan yeddi yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə edilir.

113.2. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının pozulmasına görə-

  • fiziki şəxslər üç yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə edilir. (1, 101, 110, 119)


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   255




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin