Altıncı mələk kərənayını çaldı. Mən Allahın qarşısındakı qızıl qurbangahın buynuzlarından çıxan bir səs eşitdim. O səs kərənay çalan altıncı mələyə dedi: “Böyük Fərat çayında əli-qolu bağlanmış dörd mələyi aç burax”. İnsanların üçdə birini öldürmək məqsədilə həmin saat, gün, ay və il üçün hazırlanmış dörd mələk buraxıldı.
Mən süvari ordunun sayını eşitdim. Süvarilərin sayı iki yüz milyon idi. Vəhydə gördüyüm atların və atlıların görkəmi belə idi: onların əynində al-qırmızı, göy və sarı rəngli zireh vardı. Atların başı şir başına oxşayırdı, ağızlarından alov, tüstü və kükürd püskürürdü. Bu üç bəladan, yəni onların ağzından püskürən alov, tüstü və kükürddən insanların üçdə biri qırıldı.
Atların gücü ağızlarında və quyruqlarındadır. Onların quyruqları ilana bənzəyir və başları da var. Atlar insanlara bunlarla zərər vururlar. Bu bəlalarda sağ qalan insanlar öz əməllərinə görə tövbə etmədilər, cinlərə və qızıldan, gümüşdən, misdən, daşdan və ağacdan düzəldilmiş, heç nə görməyən, eşitməyən və ayaq tutub yeriməyən bütlərə sitayiş etməkdən əl çəkmədilər. Onlar törətdikləri qətllərdən, cindarlıqdan, əxlaqsızlıqdan və oğurluqdan əl çəkib tövbə etmədilər.