Büdcə və büdcədənkənar vəsaitlərin xərclər smetasının icrası üzrə əməliyyatların uçotu Bölmə 1. Əsas vəsaitlər
Bu bölmə idarəyə məxsus olan bütün növ əsas vəsaitlərin (o cümlədən icarəyə verilmiş əsas vəsaitlərin) mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.
Əsas vəsaitlərin əldə edilməsi, mövcudluğu, idarədaxili hərəkəti və sair xaric olması üzrə sənədləşmələrin vaxtında və nöqsansız tərtibi, onların uçot registrlərində əks etdirilməsi və digər təsərrüfat əməliyyatlarının dəqiq uçotunun aparılması mühasibat uçotunun əsas vəzifələrindən biridir.
İdarənin (müəssisənin) istehsal (xidmət) sferasında bir ildən çox iştirak edən, dəyəri normativ sənədlərlə tənzimlənən, köhnəldikcə öz dəyərini qanunvericiliklə müəyyən edilmiş normalarla hissə-hissə məhsulun (işin, xidmətin) dəyərinə keçirən istehsal (xidmət) prosesində öz natural formasını saxlayan əmək vəsaitləri əsas vəsaitlər adlandırılır.