Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT BÜDCƏSİNİN HAZIRLANMA PROSESİ



Yüklə 0,73 Mb.
səhifə73/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   69   70   71   72   73   74   75   76   ...   171
DovletMaliyesiEnSonHali2015

7.2. AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT BÜDCƏSİNİN HAZIRLANMA PROSESİ


Büdcə proqnozlaşdırılmasının növbəti mərhələsi – büdcə layihəsinin tərtibi prosesidir. Büdcə layihəsinin tərtibinin əsas vəzifəsi dövlət hakimiyyəti orqanı və yerli idarəetmə orqanları üzərinə qoyulmuş funksiyaların dövlət və yerli özünü-idarəetmənin iqtisadi və sosial proqnozlaşdırılmasında nəzərdə tutulan tədbirlərin maliyyə təminatının həyata keçirilməsi məqsədi ilə büdcədə mərkəzləşdirilmiş pul vəsaitlərinin həcminin müəyyən edilməsidir.
Büdcə layihəsinin tərtib edilməsi üçün AR-nın, NMR-nın, bələdiyyələrin və iq-tisadiyyatın digər müxtəlif sahələrinin iqtisadi-sosial inkişaf proqnozları işlənib hazırlanır. İcra hakimiyyəti orqanlarında büdcə layihəsinin işlənməsi üçün əsas sayılan icmal maliyyə balansı hazırlanır.
Büdcə layihəsinin tərtib edilməsi AR hökumətinin, NMR-nın və yerli özünüidarə etmə orqanlarının, müvafiq icra hakimiyyəti orqanlarının mühüm vəzifəsidir.
Büdcə layihəsinin tərtib edilməsini bilavasitə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, NMR-nın Maliyyə Nazirliyi, və bələdiyyələrin maliyyə orqanları həyata keçirirlər.
Büdcə layihəsinin vaxtında və keyfiyyətlə tərtib edilməsi üçün müvafiq orqan-lardan və hüquqi şəxslərdən lazımi məlumatlar alınmalıdır.
Büdcə layihəsinin tərtib edilməsi üçün vacib olan məlumatlar bunlardır;

  • Qüvvədə olan mövcud vergi qanunvericiliyi;

  • Büdcə sisteminin müxtəlif səviyyələrinin tənzimləyici normativləri;

  • Azərbaycan Respublikasının dövlət büdcəsinin digər büdcələrə maliyyə yardımının nəzərdə tutulan həcmi;

  • Azərbaycan Respublikasının dövlət büdcəsinin digər büdcələrə verəcəyi xərclərin növü və həcmi;

  • Dövlət və ya bələdiyyə xidmətlərinin göstərilməsinə maliyyə məsrəflərinin normativləri;

  • Minimum maliyyə təminatı normativləri.

Büdcə layihəsinin tərtibi aşağıdakılara əsaslanır:

  • Azərbaycan Respublikasının Prezidentinin büdcə göndərişinə;

  • Növbəti maliyyə ilinə müvafiq inzibati ərazinin sosial-iqtisadi proqnozuna;

  • Növbəti maliyyə ilinə müvafiq ərazinin büdcə və vergi siyasətinin əsas istiqamətlərinə;

  • Növbəti maliyyə ilinə müvafiq inzibati ərazinin iqtisadiyyatının dövlət və ya bələdiyyə bölməsinin inkişaf planına.

İnzibati-ərazi vahidinin sosial-iqtisadi inkişaf proqnozu son hesabat ilində hə-min ərazinin sosial-iqtisadi inkişafı haqqında məlumatlar, maliyyə ilinin sonuna qədər ərazinin sosial-iqtisadi inkişaf proqnozu və planlaşdırılan maliyyə ilinə iqtisadiyyatın və sosial sahənin inkişaf meyilləri əsasında işlənib hazırlanır.
Büdcə layihəsinin tərtib edilməsi, mövcud büdcə qanunvericiliyi əsasında həyata keçirilir.
Əhaliyə ödənilməli müavinət, pensiya, kompensasiya, dotasiya və digər ödəniş növlərinin hesablanması üçün qüvvədə olan hüquqi aktlara edilmiş müxtəlifliklər və əlavələr nəzərə alınır.
Büdcə haqqında qanun layihəsində büdcənin əsas xarakteristikası öz əksini tap-malıdır.
Büdcə haqqında qanun layihəsinin əsas xarakteristikasına aşağıdakılar aiddir:

  • Büdcə gəlirlərinin ümumi həcmi;

  • Büdcə xərclərinin ümumi həcmi;

  • Büdcə kəsiri.

Büdcə layihəsinin tərtib edilməsi üçün ilkin makroiqtisadi göstəricilər bunlardır:

  • Növbəti maliyyə ilinə ÜDM- un həcmi və növbəti maliyyə ilində ÜDM-un artım sürəti;

  • İnflyasiyanın səviyyəsi.

Dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Azərbaycan RespublikasınınMilli Məclisinə təqdim edildiyi günədək olan dövrü əhatə edir.64
Qeyd edildiyi kimi, növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi proqnozları, məqsədli proqramlar, iqti-sadiyyatın sahələrinin, inzibati rayonların, mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisələrin cari və növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticə-lərinin qiymətləndirilməsi əsasında hazırlanır. Dövlət büdcəsinin hazırlıq prosesinə yanvar ayının üçüncü on günlüyü ərzində müvafiq icra hakimiyyəti orqanının mətbuatda dərc olunan qərarı ilə başlanır. Bu qərara uyğun olaraq, fevral ayının sonunadək müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib edilmiş ölkənin orta müddətli iqtisadi və sosial inkişaf proqramı dəqiqləşdirilir. Dəqiqləşdirilmiş orta müddətli iqtisadi və sosial inkişaf proqramına müvafiq olaraq, cari ilin mart ayında növbəti il üçün ilkin orta müddətli büdcə proqnozu və investisiya proqramı tərtib edilir.
Növbəti büdcə ili üzrə dövlət büdcəsi layihəsinin tərtibi üçün lazım olan iqti-sadi və sosial proqramların hazırlanması barədə əsaslandırılmış sənədlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən müddət ərzində və qaydada hazırlanıb ona təqdim edilir.
Dövlət büdcəsinin formalaşdırılmasının birinci mərhələsində Azərbaycan Respublikasının hökuməti və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən iqtisadiyyatın vəziyyətini əks etdirən makroiqtisadi göstəriciləri əsasında növbəti maliyyə ilinə Azərbaycan Respublikasının iqtisadiyyatının fəaliyyət proqnoz-planı işlənib hazırlanır.65
Proqnoz-plan əsasında Azərbaycan RespublikasınınMaliyyə Nazirliyi növbəti maliyyə ilinə dövlət büdcəsinin gəlirlər və xərclər üzrə əsas göstəricilərinin layihələrini hazırlayır. AR dövlət büdcəsi xərclərinin funksional təsnifatına uyğun olaraq, növbəti maliyyə ili üçün dövlət büdcəsi xərclərinin bölgüsünü müəyyən edir. Cari ilin aprel ayının on beşinədək dövlət və investisiya proqramının ilkin layihəsi hazırlanaraq büdcə-vergi siyasətinin əsas istiqamətləri, büdcə təsnifatının bölmələri səviyyəsində gəlir və xərclərin yuxarı həddi, dövlət borcları, prioritet xərclər, növbəti büdcə ili və sonrakı üç il üçün icmal büdcə proqnozu ilə birlikdə baxılmaq üçün müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilir. Cari ilin may ayının birinədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən növbəti il üzrə Dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin tərtibinə dair məlumat məktubu hazırlanır və büdcənin tərtibində iştirak edən təşkilatlara göndərilir. Bu təlimatda aidiyyatı məlumatlarla yanaşı, təşkilatlar və hər bölmə üzrə xərclərin yuxarı həddinə, cari xərclərə dair təsdiq olunmuş normalara, formalara, ətraflı büdcə təklifinin müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi üçün yardımçı sənədlər daxil olmaqla gəlirlərin və xərclərin təhlilinə dair məlumatlar verilir. Ölkəmizdə büdcə təşkilatla-rının xərcləri müəyyən edilərkən onların büdcədənkənar vəsaitləri nəzərə alınır. Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar və Azərbaycan Respublikasınındövlət büd-cəsindən maliyyələşən təşkilatlar təlimata uyğun olaraq hazırlanmış büdcə layihə-sini cari ilin iyul ayının birinədək müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər. Bu layihələrdə göstərilməli olan məlumatlar aşağıdakılardır;66
− Funksional və iqtisadi təsnifatlar üzrə keçən ildə faktiki və cari ilin sonuna gözlənilən büdcə xərclərinin məbləği, NMR, ölkənin şəhər və rayonları üzrə, habe-lə müvafiq icra hakimiyyəti orqanları müəyyən edilmiş vergi ödəyicilərinin qrup-ları üzrə keçən ildə əldə edilmiş və cari ildə gözlənilən məbləgi, büdcə gəlirlərinin keçən ildə faktiki cari ilin sonuna gözlənilən qalığı.
− Funksional və iqtisadi təsnifatın paraqrafları və NMR, respublikanın şəhər və rayonları üzrə keçən ildə əldə edilmiş büdcədənkənar gəlirlərin və xərclərin məb-ləği, gəlirlərin və xərclərin keçən ilin sonuna olan qalığı, cari ildə və növbəti büdcə ilində büdcədənkənar gəlirlərin və xərclərin məbləğləri.
− Funksional və iqtisadi təsnifat, NMR, respublikanın şəhər və rayonları üzrə, bunlardan başqa, müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdikləri vergi ödəyicilərinin qrupları üzrə sonrakı üç il üçün gəlirlərin və xərclərin qiymətləndi-rilməsi;
− Maliyyələşdirmə mənbəyi göstərilməklə növbəti il və sonrakı üç il üçün iqti-sadi və funksional təsnifatlar üzrə, investisiya proqramları üzrə xərclərin həcmi.
Eyni zamanda, Azərbaycan Respublikasının hökuməti növbəti maliyyə ilində vəzifə maaşlarının, pensiyaların, müavinətlərin və digər ödənişlərin minimum həddinin artırılması haq-qında təklifləri nəzərə alır.
Dövlət büdcəsinin formalaşmasının ikinci mərhələsində mərkəzi icra hakimiy-yəti orqanları tərəfindən büdcə vəsaitinin büdcə təsnifatına uyğun olaraq bölüşdü-rülməsi, həmçinin büdcə vəsaitinin sərəncamçılar arasında ünvanlı maliyyələşdi-rilməsi nəzərdə tutulur.67
Avqust ayının 1-nə qədər müvafiq icra hakimiyyəti orqanları tərəfindən cari ilin altı ayının faktiki nəticələri nəzərə alınmaqla növbəti il üzrə və orta müddətli makroiqtisadi göstəricilər, habelə sosial, iqtisadi və investisiya proqramları dəqiqləşdirilir. Müvafiq icra hakimiyyəti orqanı makroiqtisadi göstəricilərin dəqiqləşdirilmiş proqnozuna və hazırlanmış proqramlara əsasən dövlət büdcəsinin layihəsində gəlirləri və xərcləri yenidən hesablayır. Dövlət büdcəsi layihəsinin dəqiqləşdirilmiş göstəricilərini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanı iyul, avqust aylarında dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlara və büdcə təşkilatları, həmçinin NMR-ın icra hakimiyyəti orqanları ilə, zərurət olduqda bələdiyyələrlə və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərdən alınmış büdcə layihələri üzrə müzakirələr aparır. Müzakirələrin nəticələri protokollarla rəsmiləşdirilir. Bu orqan tərəfindən dövlət büdcəsinin tərtibi üçün lazım olan əsaslandırıcı materiallar və hesablamalar mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, bunlarla yanaşı, bu orqanların struktur bölmələrindən, dövlət büdcəsindən maliyyələşdirilən büdcə təşkilatlarından, lazım gəldikdə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, digər hüquqi şəxslərdən, bələdiyyələrdən və büdcədənkənar dövlət fondlarından tələb oluna bilər. Dövlət büdcəsindən maliyyə yardımları almaq istəyən bələdiyyələr cari ilin may ayının birinədək aşağıdakı sənədləri və məlumatları icra orqanına təqdim edirlər;
− Cari ilin gözlənilən və ötən ilin büdcəsinin faktiki nəticələri barədə arayış;
− Növbəti büdcə ili üzrə yerli büdcələrin nəzərdə tutulan gəlirləri və xərcləri; dövlət büdcəsindən ayrılacaq dotasiyanın və digər maliyyə yardımlarının həcminin əsaslandırılması;
− Ötən ildə yerli büdcənin icra vəziyyəti barədə auditor rəyi;
− Müvafiq icra orqanının sorğusuna görə digər materiallar.
Növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsinin gös-təriciləri və müəyyən edilmiş digər sənədlərlə birlikdə sentyabr ayının iyirmi beşi-nədək icra orqanına təqdim edilir.
İcra hakimiyyətinin müvəkkil orqanı, eyni zamanda, növbəti maliyyə ilində dövlət büdcəsi vəsaitlərindən maliyyələşən məqsədli proqramların siyahısını hazır-layır, növbəti ildə və orta müddətli perspektivdə onların maliyyələşmə həcmini müəyyən edir.
Növbəti ildə və orta müddətli perspektivdə büdcə layihəsi üzrə razılaşdırılmış məsələlərə Maliyyə Nazirinin rəhbərlik etdiyi xüsusi dövlət komissiyasında baxılır.
Azərbaycan Respublikasının hökuməti Azərbaycan Respublikasınınmüvafiq icra hakimiyyəti orqanları tərəfindən növ-bəti maliyyə ili üçün təqdim edilmiş sosial-iqtisadi inkişaf proqnozunun və büdcə layihəsinin əsas göstəricilərinin uyğunluğunu müəyyən edir, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondları büdcələrinin layihələrini, növbəti maliyyə ili və orta müddətli perspektiv üçün büdcə-maliyyə siyasətini xarakterizə edən digər sənədləri və materialları dəqiqləşdirir və təyin olunmuş qaydada Milli Məclisə təqdim edilməkdən ötrü qanun layihəsini müəyyən edir. Azərbaycan Respublikasınınhökuməti növbəti maliyyə ilinə dövlət büdcəsi haqqında qanun layihəsini və ona əlavə olunmuş sənədləri və materialları Azərbaycan RespublikasınınPrezidentinə təqdim edir.
Növbəti büdcə ili üzrə dövlət büdcəsi ilə bağlı aşağıdakı sənədlər hazırlanıb Azərbaycan RespublikasınınMilli Məclisinə təqdim edilir:

  • Cari ilin dövlət büdcəsinin icrasının vəziyyəti barədə hesabat;

  • Növbəti maliyyə ili üzrə Azərbaycan Respublikasınındövlət büdcəsi haqqında qanun layihəsi;

  • Azərbaycan Respublikasınınnövbəti büdcə ili üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri;

  • Dövlət büdcəsinin vəsaiti balansına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar;

  • Büdcə və vergi siyasətlərinin əsas istiqamətləri;

  • Azərbaycan Respublikasınıninzibati ərazi üzrə icmal maliyyə balansı;

  • Dövlət büdcəsinə daxil olmayan məqsədli dövlət fondlarının büdcələri haq-qında qanun layihələri;

  • Büdcə təsnifatına uyğun olaraq növbəti büdcə ili üzrə dövlət büdcəsinin gəlirlərinin xərclərinin məbləği;

  • Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər;

  • Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi və qanun layihəsinə dair izahat;

  • Dövlət büdcəsinin vəsaiti balansına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar;

  • Növbəti il üzrə dövlət büdcəsinin layihəsinə uyğun olaraq mühüm investi-siya layihələrini özündə əks etdirən dövlət investisiya proqramlarının layihələri;

  • Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı;

  • Növbəti büdcə ili üzrə gəlirlərin və xərclərin ötən ilin faktiki və cari ilin gözlənilən nəticələri ilə müqayisəsi;

  • Büdcədənkənar əməliyyatlara dair icmal hesabat.

Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edil-miş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının on beşindən gec olmayaraq, Azərbaycan RespublikasınınKonstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq, Azərbaycan RespublikasınınMilli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim edilir.
Növbəti maliyyə ilinə dövlət büdcəsi haqqında qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisində dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir.
Bu qanun layihəsinin dərc edilməsi sənədlərin Azərbaycan Respublikasının Milli Məclisinə daxil olduğu tarixdən on gün ərzində mətbuatda dərc edilir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin