Limonun müalicəvi xassələri. Limon xalq təbabətində bir çox ölkələrdə geniş miqyasda istifadə olunur. Limondan sinqa, sarılıq, qarın boşluğuna su yığılmasında, böyrək daşları, babasil, vərəm, qarın xəstəlikləri, revmatizm, podaqra və radikulitdə istifadə olunur. Limon şirəsindən qızdırma və titrətmədə, hipertoniyada, avitaminozda və aterosklerozda da geniş istifadə edilir.
Limon şirəsindən dərinin göbələk xəstəliyində, ekzemada qaşınmanı sakitləşdirmək və üz dərisinin yağının kənar edilməsində, üzdəki çillərin və piqmentləşmiş ləkələrin yox edilməsində istifadə edilir. Bu məqsədlə 1 yumurta ağını davamlı köpük əmələ gələnədək çalıb 1 ədəd limon şirəsi, 1 çay qaşığı qliserin və 0,5 stəkan odekolon əlavə edib xüsusi losyon hazırlanır və yatmazdan əvvəl üz həmin losyonla silinir. Yağlı üzü 1:1 nisbətində limon şirəsi ilə odekolonu qarışdrıb silmək məsləhət görülür. Ayağın tərləməsində limon turşusu, fol turşusu və timoldan hazırlanan vanna qəbul edilir. Yay vaxtı tərləmiş sifəti limon dilimi ilə silmək məsləhətdir. Limon şərbəti və efir yağı əczaçılıqda dərmanların dadını və iyini yaxşılaşdırmaq üçün əlavə edilir. Limon anginada və avitaminoz xəstəliklərində çox faydalıdır.
Manqo – Манго – Mangifera indica. Sumaq (Anacardiaceae) fəsiləsindəndir. Vətəni İndoneziya, Birma, Şərqi Hindistan və Himalay dağlarının ətəkləridir. Dünyada hər il 16 milyon ton manqo istehsal edilir ki, bunun da 65%-i Hindistanın payına düşür. Manqo çəyirdəkli meyvələr qrupuna aiddir. Hər meyvənin daxilində iri çəyirdəyi olur. Qabığı sıx və hamardır. Meyvələrinin uzunluğu 8-24 sm, diametri 5-10 sm olmaqla bir ədədinin kütləsi 250-400 q, bəzi hallarda 2-3 kq olur. Forması yumru, yumurtavarı və uzunsovdur. Qabığının rəngi yaşıl, yaşılımtıl-sarı, narıncı, çəhrayı, qırmızı və qarışıq olur. Ətliyi sarı və açıq narıncı rəngdə, şirəli, turşa-şirin və sortundan asılı olaraq az və ya çox lifli olur. Dad və ətri o qədər yaxşıdır ki, ona «Bütün meyvələrin şahı» adı verilmişdir. Dünyada 1500 manqo sortu vardır və bütün sortlar 4 qrupa bölünür. Florida sortlarına Haden, Tommy Atkins, Kent; Hindistan sortlarından Alphonso, Mulgoba, Bombay, Bangalora, Pairi, Him Sagar; Filippin sortlarından Carabao, Pico, Pathiri, Aroomanis; Cənubi Hindistan sortlarından Julie, Amelie, Peter göstərilə bilər.
Manqonun tərkibində 80-83% su, 10-16% şəkər (o cümlədən 0,5-1,5% qlükoza, 2-4% fruktoza, 7-11% saxaroza), 0,4-0,8% zülal, 0,2-0,5% üzvi turşu, 0,3-0,5% minerallı maddə, 0,1-0,4% lipidlər, 20-50 mq% C vitamini, 2-10 mq% karotin vardır. Manqo çox ətirli meyvədir. 100 qr-ı 56 kkal və ya 236 kCoul enerji verir.
Manqonun müalicəvi xassələri. Meyvəsi təzə və emaledilmiş halda yeyilir. Yetişməmiş meyvəsindən salat, çəyirdək ləpəsindən un hazırlanır. Manqoda və onun şirəsində şəkərlər və digər qidalı maddələrlə yanaşı, vitaminlər və karotin də var. Ona görə də, manqo yaşlılar və uşaqlar üçün faydalıdır. Hindistanın xalq təbabətində manqodan sidikqovucu və mədəni yumşaldıcı və bəzi daxili qanaxmalarda tətbiq edilir. Manqo şirəsindən dərinin kəskin dermatitində xaricə sürtmək üçün, meyvənin qabığından büzüşdürücü və tonusqaldırıcı vasitə kimi, çəyirdəyi qurdqovucu, ləpəsi isə astma xəstəliyinə qarşı, onun yarpağı əqrəb sancmasına qarşı müalicəvi məqsədlə istifadə olunur. Qurudulmuş manqo çiçəklərindən alınan nastoykadan tibbdə ishala, xroniki dizenteriya və sidik kisəsinin katarında təyin edilir.
Nar – Гранат – Punica granatum L. Nar (Punicaceae) fəsiləsindəndir. Yabanı halda Zaqafqaziyanın və Orta Asiyanın dağlıq rayonlarında bitir. Azərbaycanın Lənkəran, Zaqatala, Şəki, Ağsu, İsmayıllı, Ağdaş, Masallı, Göyçay, Şəmkir və başqa rayonlarında yabanı narın çoxlu ehtiyatı vardır. Yabanı nar kolluqlarının çoxu Talış ərazisindədir. Azərbaycanda mədəni yetişdirilən narın ən yaxşı sortları mövcuddur.
Nar bitkisi 2-4 m hündürlükdə çox gövdəli koldur, may-avqustda çiçəkləyir. Çiçəyin kasa yarpaqları qalın ətli və qırmızıdır. Ləçəkləri 5-8 ədəd zərif, tünd qırmızıdır. Meyvəsi sentyabrda yetişir. Narın meyvəsi qeyri-həqiqi giləmeyvədir, forması girdə kürəşəkilli, bəzən uzunsov olur. Gül kasacığı meyvənin baş hissəsində qalır. Yabanı narın meyvəsi mədəni sortlara nisbətən xırda olur. Narın meyvəsi şirəlidir, nazik arakəsmələri (pərdələri) olan 6-9 yuvası olur. Hər meyvədə 200-dən 500-ə qədər şirəli dənə olur. Şirəli dənələr bir tum və içərisi şirə ilə dolmuş zərif pərdədən ibarətdir. Yabanı narın meyvəsinin qabığı yaşıl, açıq çəhrayı və müxtəlif çalarlı qırmızı rəngdə, gilələri ağ, açıq çəhrayı, qırmızı və tünd qırmızı olur. Dadı turş və ya meyxoşdur.
Narın tərkibində 8-19% qlükoza və fruktoza, 1% saxaroza, şirin sortlarda 0,2-2%, turşa-şirin sortlarda 2-3%, turş narlarda isə 3-7% limon turşusu vardır. Bundan başqa nar şirəsində 0,53% mineral maddə, 0,50% azotlu maddə, 7 mq% C vitamini, qabığında 11,85% aşı maddəsi, 9,07% sellüloza, 5,38% pektin maddələri, 14,1% reduksiyaedici şəkər, 1% turşu vardır.
Yabanı narın tərkibində 8,2-12% şəkər, 3-9% üzvi turşu (limon turşusu), pektinli maddə, aşılayıcı maddə və C vitamini vardır. Yabanı narın həm dərman və həm də texniki əhəmiyyəti vardır. Qatılaşdırılmış nar şirəsi – narşərab – ət və balıq xörəklərində tamlı qatqı kimi istifadə edilir.
Yabanı nardan sənaye miqyasında limon turşusu istehsal edilir. 33 t nardan 1 t limon turşusu almaq olur.
Azərbaycanda Şelli mələsi, Şahnar, Çəhrayı gülöyşə, Azərbaycan gülöyşəsi, Qırmızıqabıq, Bala Mürsəl, Nazikqabıq, Qırmızı vələs və s. nar sortları yetişdirilir.
Nar meyvəsinin təzə qabığının tərkibində 22-35%-ə qədər aşılayıcı maddə vardır. Bu gön-dəri istehsalında ən yaxşı aşı maddələrindən biri hesab olunur. Bundan, həmçinin, yun və kətan parçaları boyamaq üçün bitki boyağı kimi də istifadə edirlər.
Nar təzə halda yeyilir, ondan şirə, ekstrakt, şərbət, sərinləşdirici içki hazırlanır. Nar dənələrindən təzə halda, nardança və nardaşa kimi məhsullardan kulinariyada geniş istifadə edilir. Nar şirəsinin qatılaşdırılmasından alınan tamlı qatmadan bir çox mili xörəklərin hazırlanmasında və kabab yanında tamlı qatma kimi istifadə olunur.
Narın müalicəvi xassələri eramızdan çox əvvəl misirlilərə, yunanlara və digər şərq xalqlarına məlum idi. Nar elmi təbabətə 1807-ci ildə daxil edilmişdir.
Ərəblər nardan mədə-bağırsaq pozuntularında və başağrılarında istifadə etmişlər. Nardan və onun şirəsindən böyrək və ürək-damar sistemi xəstəliklərində istifadə olunur. Şəkər xəstəliyində də nar faydalıdır. Nar mədənin həzm prosesini yaxşılaşdırır və sinqa xəstəliyinin müalicəsində yaxşı nəticə verir. Yabanı nardan alınan limon turşusundan yeyinti sənayesində və tibbdə qanın konservləşdirilməsində istifadə olunur.
Gürcüstanda narın güllərindən alınan həlimdən ishala qarşı, şirəsindən boğaz ağrılarında, güllərindən hazırlanmış təpitmələrdən şişlərin müalicəsində, narın quru güllərindən alınan tozvarı məhsuldan ağız boşluğu xəstəliklərində səpmək üçün istifadə olunur. Bəzən xalq təbabətində nardan qabığı ilə birlikdə soyuqdəyməyə, kolitə və titrətməyə qarşı istifadə olunur.
Narın qabığından hazırlanan həlim soyuqdəymədə yaxşı vasitədir. Bu məqsədlə 5 q xırdalanmış qabıq 100 ml suda hazırlanır və yeməkdən əvvəl gündə 3 dəfə içmək məsləhət görülür. Narın qabığından hazırlanan həlimdən qurdqovucu kimi də istifadə olunur.
Narın qabığından hazırlanan həlim mədə pozuntuları zamanı istifadə olunur. Qurudulmuş meyvə qabığından hazırlanan nar tozu şiddətli yanıqları müalicə etmək üçün işlədilir. Bu zaman yanığa əvvəlcə duru nar şirəsi yaxır və üstündən həmin tozdan səpirlər.
Narınc – Померанец, бигардия – Citrus aurantium L. Sədokimilər (Rutaceae) fəsiləsinin Citrus cinsinə aid həmişəyaşıl çoxillik ağac bitkisidir. Meyvəsi şarformalı olub, bir qədər saplaq və uc tərəfdən sıxılmışdır. Diametri 5-6 sm-dir. Qabığı qalın, kələ-kötür, parıltılı narıncı-sarı rənglidir. Ətliyi turş-acıtəhər dadlı, şirəli, narıncı rəngdə, içərisində çoxlu toxumları var. Vətəni Şərqi Himalaydır. Meyvəsi təzə halda yeyilməyə yararsızdır. Ondan marmelad, konfityur və şirə hazırlanıb, ət xörəklərinə tamlı qatma kimi istifadə olunur. Çiçəklərindən alınan efir yağı ətriyyat sənayesində istifadə olunur.
Narınc meyvəsi bakterisid xassəyə malikdir. Eyni zamanda, onun meyvəsinin tərkibində üzvi turşular, C və B qrupu vitaminləri və PP vitamini vardır. Böyrək xəstəliklərində, mədə pozuntusu və hipertoniyaya qarşı müalicəvi və profilaktiki məqsədlə istifadə olunur. Narınc meyvəsinin müalicəvi xüsusiyyətləri dəqiqləşdirilməlidir.
Narıngi – Мандарин – Citrus nobilis. Sədokimilər (Rutaceae) fəsiləsindəndir. Sitrus meyvələrinin qabığının rəngi narıngidə sarımtıl-narıncı olur. Ətli hissəsi xoş narıncı-sarı, zərif lifli və ətirli olur.
Narınginin tərkibində efir yağlarının faizlə miqdarı onların ayrı-ayrı hissələrində müxtəlif olur. Unşiu sortlu narınginin qabıq hissəsində 1,2%, ətli hissəsində 0,23% efir yağları olur. Narınginin tərkibində şəkər, çoxlu miqdarda pektin maddələri, turşular, az miqdarda azotlu maddələr olur. Efir yağları kimi pektin maddələri də, əsasən qabıq hissədə toplanmışdır.
Narınginin tərkibində vitaminlərdən C, P, B1, B2, PP və karotin vardır. Vitaminlər qabıq hissədə ətli hissəyə nisbətən daha çox toplanır. Məsələn, C vitamini ətli hissədə 30-52mq% olduğu halda, qabıq hissədə 95-125 mq%-dir.
Narınginin bir çox sortları vardır. Bunlardan toxumsuz Gürcüstan (Unşiu), enliyarpaq Gürcüstan (ovari-unşiu), daryarpaq Gürcüstan və Vase-Unşiu sortları misal göstərilə bilər. Gürcüstan sortu portağala oxşar olmaqla dairəvi-yumru və ya armudvari formada olur.
Unşiu sortu nisbətən yaxşı saxlanılır. Belə ki, bu sort 4 ay müddətinə saxlanıla bilər. Yastı dairəvi formada olanları 80-90 gün, armudvarı formada olanlar 60-70 gün, darəvi formada olanlar 120 gün saxlanıla bilir. Saxlanma dövründə narıngi qabığının ətli hissədən ayrılması onun saxlanılmasının son müddətini göstərir.
Narınginin müalicəvi xassələri. Dadlı və zərif ətliyi olan narıngi təzə halda yeyilir. Ondan kompot, mürəbbə, marmelad, konfet və karamel üçün içlik və digər məhsullar hazırlanır. Kulinariyada müxtəlif meyvə içkilərinin hazırlanmasında və likör-araq istehsalında istifadə olunur. Qurudulub üyüdülmüş narıngi qabığı vitaminli və ətirli məhsul kimi kökə və piroqlara qatılır.
Narıngi qüvvətli bakterisid xassəyə malik olduğu üçün xroniki mədə-bağırsaq, böyrək xəstəliklərində, mədə pozuntularında, xüsusən ishala qarşı müalicəvi məqsədlə istifadə olunur. Narınginin meyvəsi və qabığı da iştahaartırıcı, köpün qarşısını alan və sidik yollarını dezinfeksiyaedici təsirə malikdir.
Narıngi şirəsi təravətləndirici olmaqla, həm də pəhrizi içkidir. Narınginin tərkibində olan fitonsidlər mikroblara qarşı təsir göstərdiyindən, bağırsaqların peristaltikasını zəiflədir. Narıngidə olan fitonsidlər, hətta dəri xəstəliyi törədən bəzi göbələkləri məhv etmək qabiliyyətinə malikdir. Tibbdə narıngi qabığından alınan acı nastoyka digər dərmanlarla birlikdə iştahaartırıçı və həzmedici vasitə kimi tətbiq olunur. Belə dərmanlardan yeməkdən əvvəl 15-30 damcı içmək məsləhətdir. Xalq təbabətində narınginin qabığından hazırlanmış tinkturadan (2 xörək qaşığı xırdalanmış quru narıngi qabığı 250 ml suda) həmin dozada istifadə edilir. Belə nastoyka və narıngi qabığından 1:10 nisbətində hazırlanmış həlimdən öskürəyi yumşaltmaq, bəlğəmgətirici kimi traxeit və bronxitdə istifadə edilir. Əczaçılıq təcrübəsində dərmanların dadını yaxşılaşdırmaq üçün istifadə olunan narınc meyvəsinin qabığı bəzən narıngi qabığı ilə əvəz olunur.
Papayya – Попайя – Carica papaya. Caricaceae fəsiləsindəndir. Sinonimi çoxdur, əsasən qovun ağacının meyvəsi adlanır. Vətəni Mərkəzi Amerika, əsasən Meksikanın cənub hissəsi sayılır. Hazırda tropik iqlimə malik bütün ölkələrdə becərilir. Dünyada hər il 4 milyon ton papayya istehsal olunur. Meyvəsi giləmeyvədir. Forması uzunsov-oval, armudaoxşar və ya yumru-ovaldır. Daxilində çoxlu xırda qara acı dadlı toxumları var. Qabığı hamar, dərivarı, yetişmədikdə yaşıl, yetişdikdə isə sarı və ya narıncı rəngdə olur. Ətliyi sortundan asılı olaraq ağ-sarımtıl və ya narıncı rəngdə, yumşaq, zərif, şirəli, kifayət qədər şirin olub, qovunu xatırladır. Bir ədədinin kütləsi 100 q-dan 1000 q-a qədər, bəzi hallarda 5-9 kq-a qədər olur. Sortlarından Solo, Sunrise Solo, Masumoto Solo, Betty, Amazon Red, Bahia, Hortus Gold, Red Panama və s.-dir.
Tərkibində 86-90% su, 10-12% karbohidrat, o cümlədən 2-10% şəkər, 0,4-0,7% zülal, 0,6-0,7% pektinli maddə, 0,4-0,6% minerallı maddə, 0,04-0,15% üzvi turşu (alma və limon), 0,1% yağ vardır. Vitaminlərdən 50 mq% C və b-karotinlərdən 2 dəfə az A vitamini aktivliyində olan 48,2 mq% b-kriptoksantin vardır. 100 q meyvəsi 12 kkal və ya 52 kCoul enerji verir.
Papayyanın tərkibində proteolitik ferment papain olduğu üçün qidanın həzminə kömək etdiyindən pəhrizi desert qida kimi məsləhət görülür. Saxlanılma müddəti 10-130C-də və 90% nisbi rütubətdə 13-20 gündür.
Portağal – Апельсин – Citrus sinensis. Sədokimilər (Rutaceae) fəsiləsindəndir. Azərbaycanda becərilən əsas sitrus meyvələridir. Portağalın qabığının rəngi sarımtıl-narıncı olur. Ətli hissəsi xoş narıncı-sarı, zərif lifli və ətirli olur. Karolyok sortlu portağalın ətli hissəsi qırmızı-yaqut rəngində olur.
Portağalın tərkibində efir yağlarının faizlə miqdarı onların ayrı-ayrı hissələrində müxtəlif olur. Yerli sort portağalın qabığında 2,4%, ətli hissəsində 0,24%, efir yağları olur.
Portağalın tərkibində şəkər, çoxlu miqdarda pektin maddələri, turşular, az miqdarda azotlu maddələr olur. Efir yağları kimi pektin maddələri də, əsasən qabıq hissədə toplanmışdır.
Portağalın tərkibində vitaminlərdən C, P, B1, B2, PP və karotin vardır. Vitaminlər qabıq hissədə ətli hissəyə nisbətən daha çox toplanır. Məsələn, C vitamini ətli hissədə 33-62mq% olduğu halda, qabıq hissədə 121-175 mq%-dir.
Portağalın qabığında 490 mq% P vitamini vardır. Azotlu maddələrin miqdarı 1%-ə qədər təşkil edir.
Portağalın geniş becərilən sortlarından Vaşinqton-navel, Qamlin, əla Suxumi, Pervenes, yerli irimeyvəli və Korolyoku göstərmək olar.
Yerli sort portağal öz məhsuldarlığına görə başqa sortlardan geri qalmır.
Portağal ticarətə, əsasən dekabrdan fevrala kimi daxil olur. Bunları 6 aya qədər saxlamaq mümkündür.
Portağalın müalicəvi xassələri. Portağal tibbi və sənaye əhəmiyyətli bitkidir. Onun meyvəsindən alınan şirə dünyada geniş yayılan, çox faydalı içki hesab edilir. Təzə dərilmiş meyvəsinin lətində və ya ondan alınan şirədə 70%-ə qədər şəkər, 5-6%-ə qədər limon, alma turşuları və başqa üzvi turşular, pektin, mineral duzlar, boyayıcı maddələr, C, B1, B2 vitaminləri və karotin vardır. Buna görə də, portağalın şirəsi avitaminoz xəstəliklərinin müalicəsində çox faydalıdır. Meyvəsi fitonsidlərlə zəngin olduğu üçün bir sıra irinli yaraları onunla sağaldırlar. Şirəsi mədənin həzm prosesini yaxşılaşdırır, iştahanı artırır. Xroniki qəbizlik keçirən xəstələrə portağal yemək məsləhət görülür. Bundan əlavə portağal hipertoniya, ateroskleroz, qaraciyər xəstəliklərinin müalicəsində də çox faydalıdır.
Lakin mədə xorası və onikibarmaq bağırsağın xəstəliyində, qastritdə, mədə şirəsinin turşuluğunun yüksək olmasında və bağırsaqların iltihab prosesləri pozulduqda portağal yemək məsləhət görülmür. Belə hallarda portağal şirəsi yarıbayarı su ilə qarışdırılmalıdır. Portağalın tərkibində kalium və C vitamini çox olduğundan hipertoniyada, aterosklerozda, qaraciyər xəstəliyində, piylənmədə və podaqrada istifadə etməyə imkan verir.
Məişətdə qurudulmuş portağal qabığından güvəyə qarşı istifadə olunur. Bu məqsədlə üst geyimləri olan dolaba 1-2 portağalın quru qabığı qoyulur. Bu məqsədlə portağal qabığı ilə mixək birlikdə daha effektlidir.
Portağalın qabığında olan turşular müxtəlif bakteriyalara öldürücü təsir göstərir. Təbii antibiotik olan bu maddə tibbdə, kosmetikada və yeyinti sənayesində müvəffəqiyyətlə tətbiq oluna bilər. 1 litr südə 1-2 damcı portağal qabığının şirəsini əlavə etdikdə bir neçə həftə xarab olmur.
Yapon əzgili – Мушмула японская – Eriobothrya japonica Lind. Gülçiçəklilər (Rosaceae) fəsiləsindən həmişəyaşıl subtropik bitkidir. Meyvələri şirəli, turşa-şirin, açıq narıncı və ya sarı rəngdə, diametri 3 sm-ə qədər, bəzi mədəni sortlarda 10 sm-dir. Daxilində bir neçə iri toxumları var. Vətəni Çin və Şimali Hindistandır. Meyvəsindən təzə halda istifadə olunur, kompot, mürəbbə, marmelad, pastila, povidlo hazırlanır. Toxumlarından qəhvə əvəzediciləri hazırlanır. Şəhər parklarında və küçələrdə dekorativ bitki kimi əkilib-becərilir. Yapon əzgili toxumları ilə, mədəni sortları isə calaq etməklə artırılır. Müalicəvi xassələri dəqiqləşdirilməlidir.
Yapon xurması – Хурма японская – Diospyros kaki L. Ebena (Ebenaceae) fəsiləsindəndir. Qafqazın Qara dəniz sahillərində daha çox yayılmışdır. Qafqazda və Orta Asiyada becərilir. Bunun meyvəsi dairəvi, yumru konusvarı və silindrik formada olur. Rənginə görə sarı, çəhrayı, tünd qırmızı, bəziləri isə tam qara rəngdə olur. Xurmanın 3 növü daha çox yayılmışdır. Bunlar Qafqaz (yabanı xırnik), Virgen və subtropik xurmalardan ibarətdir. Subtropik xurma yapon xurması adlanır.
Yapon xurmasının tərkibində 79-82% su, 15,8% şəkər, 0,2% turşu, 0,25% aşı maddəsi, 0,59% pektin maddəsi, 0,5% azotlu maddə, 0,5% mineral maddə, 0,51% sellüloza, vitamin C və karotin vardır. Başqa meyvələrdən fərqli olaraq tərkibində saxaroza olmur. Tərkib xüsusiyyəti onun yetişmə dərəcəsindən asılıdır. Bu isə onun dad-tamına təsir edir. Subtropik xurma Çində, Yaponiyada, Amerikada və Avropada becərilir. Təzə halda, qurutmaq üçün, habelə qənnadı məmulatı hazırlanmasında istifadə edilir. Iri-xırdalığından asılı olaraq xırda (100 q-a qədər), orta iri (100-250 q) və iri (250-500 q) olur.
Hazırda ölkəmizdə 30-dan çox müxtəlif xurma sortu yetişdirilir. Lakin hər yerdə yalnız 2 sort – Xiakume və Kostata sortu çox yayılmışdır. Bunlardan başqa, Xaçia, Tanenaşi, Ciro, Sidlev, XX əsr, Fuyyu, Tozlayıcı-8 və s. sortlar da yetişir. Qara dəniz sahillərində Korolkami və Şokoladlı xurma sortları yetişir.
Tezyetişən sortlar oktyabrın 1-ci yarısında, gecyetişən sortlar isə noyabrın 2-ci yarısı, dekabrın əvvəllərində yetişir.
Xurma keyfiyyətinə görə 1-ci və 2-ci əmtəə sortuna bölünür.
Meyvəsi şirin və bir qədər ağızbüzüşdürücüdür və əsasən təzə halda yeyilir. Büzüşdürücü xassəsini azaltmaq məqsədilə xurmanı 12 saat 30-400C istiliyi olan suda saxlamaq və ya buz dolabında (soyuducuda) dondurmaq lazımdır. Tərkibində şəkərdən (18%-ə qədər) başqa protein, limon turşusu, pektin, tanin, C vitamini (3-53 mq%) və karotin (provitamin A) vardır. Xurmadan şərbət, mürəbbə, cem, jele, doşab, likör, şərab, kvas, araq hazırlanır. Son zamanlar qurudulmuş xurma çərəz kimi süfrəyə verilir.
Yapon xurmasının müalicəvi xassələri. Xalq təbabətində xurma müxtəlif mədə xəstəliklərində yeyilir. Qida həzminin pozulmasında ondan pəhriz qidası kimi istifadə etmək olar. Meyvəsi toxumdan azad edildikdən sonra irinli yaralara qarşı istifadə olunur. Yaraların sağalmasını sürətləndirir. Xurmanın faydalı xüsusiyyətləri dəqiq öyrənilməlidir.
Zeytun – Оливки, маслинa – Oleaceae Olea Europaea L. Zeytun (Oleaceae) fəsiləsindəndir. Əsasən Şimali Qafqaz, Gürcüstanın Qara dəniz sahili, Azərbaycanda, Türkmənistanda və Krımın cənub zonalarında yetişdirilir. Tərkibində 55%-ə qədər yağ olduğundan yağ istehsalı üçün istifadə edilir.
Meyvəsindən duzlanmış və sirkəyə qoyulmuş halda istifadə edilir. Zeytun müalicəvi əhəmiyyətə malikdir. Xüsusən böyrək və mədə xorası xəstəliklərinə qarşı istifadə olunur. Zeytunun tərkibində 6% zülali maddə, çəyirdəyində 12-13% yağ, 6% mineral maddə, 23% su, həmçinin 9% şəkər, A, B2 və C vitaminləri vardır.
Təsərrüfatda istifadə olunmasına görə 3 qrupa bölünür:
-
Konservlik sortlar (Askolano, Santa Katerina, Tolqomskaya, Armudu zeytun).
-
Konservlik yağlı sortlar (Tolqomskaya, Aqostino, İrimeyvəli Nikita zeytunu, Azərbaycan zeytunu, Şirin zeytun).
-
Yağlı sortlar (Della Madonna, Tiflis, Kore-ciolo, Nikita zeytunu).
Azərbaycanda, əsasən Azərbaycan zeytunu, Aqostino, Armudu zeytun, Santa Katerina, Nikita zeytunu və Tiflis sortları becərilir.
Zeytunun müalicəvi xassələri. Zeytun yağından qida məqsədləri üçün və tibbdə geniş miqyasda istifadə olunur. Bitki yağları içərisində ən qiymətli yağ hesab olunur. Zeytun yağına «provans» deyilir. Bu adın ona verilməsi onun qədimdən əsasən, Fransanın Provans əyalətində istehsal edilməsi ilə əlaqədardır. Bu yağ qızılı-sarı rəngdə, xoşagələn dad və ətrə malikdir.
Zeytun yağı orqanizmdə asan mənimsənilir və vitaminlərlə zəngindir. Ondan kulinariyada və konserv sənayesində istifadə olunur.
Tibbdə zeytun yağının əhəmiyyəti böyükdür. Ondan mədə-bağırsaq və öd kisəsi daşının müalicəsində, həm də bəzi dərmanların hazırlanmasında həlledici vasitə kimi istifadə olunur. Maz, plastır və digər məlhəmlərin hazırlanmasında əvəzolunmaz vasitədir. Tərkibində doymamış yağ turşuları çox olduğundan aterosklerozun müalicəsində və profilaktikasında yaxşı vasitə hesab edilir. Xalq təbabətində zeytun yağı yumşaldıcı kimi və mədə ağrılarında tətbiq olunur. Xaricə sürtmək üçün qoturluqda, əzilmə və həşəratlar dişlədikdə istifadə edilir. Zeytun meyvələrindən (çəyirdəyi çıxarılmış) hazırlanan mürəbbə qaraciyər və öd kisəsi xəstəlikləridə müalicəvi əhəmiyyətə malikdir.
Zeytunun yarpaqlarından alınan ekstraktdan hipertoniyaya qarşı istifadə edilir. O qan təzyiqini aşağı salır, sidikqovucu təsirə malikdir və tənəffüsü normallaşdırır. Lakin bütöv təzə yarpaqlardan hazırlanan ekstrakt qurudulmuş yarpaqdan hazırlanana nisbətən daha səmərəlidir. Xalq təbabətində də zeytun yarpaqlarından hazırlanan tinkturadan həmin məqsədlə istifadə olunur.
İslami dəyərlərə əsasən zeytunun və zeytun yağının
insan sağlamlığına faydaları
“Qurani-Kərim”-də diqqətimizi cəlb edən qidalardan biri də zeytundur. Son dövrlərdə aparılan araşdırmalar zeytunun təkcə ləzzətli bir qida deyil, həm də mühüm bir sağlamlıq mənbəyi olduğunu göstərib.
Zeytun yağı başqa qatı yağların əksinə olaraq bütün mütəxəssislər tərəfindən başda ürək və qan-damar sağlamlığı olmaqla ən çox tövsiyə edilən yağ növü kimi tanınır. Zeytun yağının sağlamlıq baxımından faydalarını aşağıdakı kimi qeyd edə bilərik.
Ürək və qan-damar sağlamlığına faydası
Zeytun və zeytun yağındakı yağ turşularının əksəriyyəti doymamış yağ turşularıdır. Belə yağlarda xolesterin olmur. Buna görə də zeytun yağı qandakı xolesterin səviyyəsini qaldırmır, əksinə, onu nəzarətdə saxlayır. Bundan başqa, zeytun yağının tərkibində bədən üçün zəruri olan (EFA: essential fatty asit) omeqa-6 yağ turşusu (linolen turşu) var. Buna görə də səhiyyə təşkilatları (Dünya Səhiyyə Təşkilatı - WHO) damar kirəcləşməsi, şəkər xəstəliyi faizinin çox olduğu cəmiyyətlərdə istifadə edilən yağlardakı yağ turşusunun ən az 30%-nin omeqa-6 yağ turşusu olmasını tövsiyə edir. Bu da zeytunun dəyərini yüksək səviyyədə artırır.
Bu sahədə aparılan tədqiqatlar bir həftə boyunca hər gün 25 ml – təxminən 2 xörək qaşığı – təbii zeytun yağı qəbul edən insanların daha az LDL (pis xolesterin) və daha yuxarı antioksidant səviyyələri göstərdiyini təsdiqləyib. Antioksi-dantlar bədənimizdəki “sərbəst radikallar” adlı zərərli maddə-lərin zərərsizləşdirilməsi və hüceyrəyə zərər verilməsinin qar-şısının alınması baxımından çox zəruridir. Zeytun yağından istifadənin xolesterinin səviyyəsini aşağı salması və ürək xəstəliklərinin qarşısını alması bir çox araşdırmalarla da təsdiq edilib.
Zeytun yağı qanda dövr edən LDL adlı zərərli xolesterinin səviyyəsini aşağı saldığı, HDL adlı xolesterin səviyyəsini isə yüksəltdiyi üçün ürək və qan-damar xəstələrinə dərman kimi tövsiyə edilir. Ürək-damar xəstəliklərinə çox rast gəlinən ölkələrdə əksərən yüksək xolesterin səviyyəsinə malik doymuş yağlar işlədilir. Bununla yanaşı, zeytun yağı bədəndəki omeqa-6 turşusunun omeqa-3 yağ turşusuna nisbətini də pozur. Omeqa-3 və omeqa-6 yağ turşularının müəyyən səviyyədə qəbul edilməsi çox vacibdir. Çünki bu nisbətin pozulması immunitet və ürək xəstəlikləri, o cümlədən xərçəng xəstəliyi kimi bir çox xəstəliklərin inkişafına gətirib çıxarır. Məhz, buna görə də, bir çox insanlar zeytun yağı ilə şəfa tapırlar. Amerika Ürək Cəmiyyəti ürək xəstəlikləri riskini azaltmaq üçün doymamış turşulu yağ pəhrizinin 30%-ni az yağlı pəhrizə alternativ ola biləcəyini bildirir.
Dostları ilə paylaş: |