ElçİBƏy kitabxanasi seryasindan əLƏSGƏr siyabli müƏLLİMİm- liderim- prezidentiM



Yüklə 0,89 Mb.
səhifə7/13
tarix01.01.2022
ölçüsü0,89 Mb.
#105424
1   2   3   4   5   6   7   8   9   10   ...   13


ELÇİBƏYİN BAKIYA DÖNÜŞÜ
YURD” FRAKSİYASININ FƏALLAŞMASI

Elçibəy hakimiyyəti dönəmində Prezident Aparatında Ərazi İdarə Etməsi üzrə şöbə müdiri vəzifəsində ça­lışan Əli Kərimli, Pənah Hüseynov Baş nazir təyin edildikdən sonra dövlət katibi vəzifəsinə dəyişdrilmişdi.Tutduğu vəzifədən azad edildikdən sonra iyulun 26-da Kələkiyə Elçibə­yin yanına gedən Əli Kərimli bir müddət burda qaldıqdan sonra Türkiyəyə və digər Xarici ölkələrə getdiyi səfərdən 1994-cü ilin mayında Bakıya döndü və AXC sədrinin siyasi məsələlər üzrə müavini təyin olundu.1995-ci ilin 6 iyunundakı Qurultayda cə­bhəçilərin bir qrupunun təşkilatın partiyaya çevrilməsinə qarşı şiddətli etirazlarına baxmayaraq, səs coxlugu ilə qəbul olunan qərarla AXC parlament seçkilərində iştirak imkanı qazanmaq üçün Əbülfəz Eçibəyin razılığı ilə partiyaya çevrilərək AXCP adınıaldı.

İbrahim İbrahimlinin Qurultayda AXC sədrinin 1-ci müavini vəzifəsindən istefa verməsi səbəbi ilə Əli Kərimli AXCP sədrinin 1-ci müavini vəzifəsinə təyin olundu.İbrahim İbrahimlinin təşki­lat daxilində Elçibəy tərəfdarı mərkəzçi qrupu öz ətrafında bir­ləşdirərək “Yurd”un partiya rəhbərliyini ələ keçirmək uğrundakı cəhdlərinə müqavimət göstərməkdən imtina edərək istefa vermə­si onu qətiyyətli mübarizə adamı və silahdaş kimi yüksək dəyər­ləndirən biz cəbhəçiləri çox təəssüfləndirdi və qörəvini davam etdirməsi haqqında xahişimizdən bir nəticə hasil olmadı. Onun istefası Elçibəyin də böyük narazılığına səbəb oldu.İbrahim bə­yin hər zaman sayqı və sevgi bəsləyərək özünə lider hesab etdiyi Elçibəy kimi bir siyasət karifeyinin və milli liderin təşkilatını tərk edib Musavat Partiyasına keçməsi və orda Xalq Cəbhəsində tut­duğu vəzifə ilə müqayisədə bir o qədər də yüksək olmayan icti­mai-siyasi əlaqələr üzrə katib təyin olunması müəmmalara səbəb olan bir hadisə idi.

Hər halda bu, Xalq Cəbhəsindən mümkün qədər daha çox təcrübəli və nüfuzlu siyasətçini öz sıralarına cəlb etməklə gələcək siyasi mübarizə prosesində öz mövqelərini möhkəmləndirməyə çalışan Musavat Partiyasının şirnikləndrici təbliğat fəaliyyətinin nəticəsi idi.İbrahim bəyin Xalq Cəbhəsi rəhbərliyindən getməsi və Əli Kərimlinin 1-ci müavin təyin edilməsi “Yurd” fraksiya­sının təşkilat daxilində öz fəaliyyətini genişləndirərək Elçibəyin yoxluğundan faydalanıb rəhbərliyi ələ keçirmək cəhdlərini aktiv- ləşdirdi.Yurdçular bir müddət sonra böyük əksəriyyəti öz tərəf­darlarından ibarət olan Rəyasət Heyəti adında alternativ bir qurum yaradaraq Ali Məclisin və digər qurumların idarə etmədəki səla­hiyyətlərini minimuma endirdilər.Yurdçuların təşkilat daxilində aqressiv fəaliyyətinin qarşısını almaq üçün Elçibəyçilər “Bakı Əlaqələr Komitəsi” adlı birlik yaradaraq “Yurd” fraksiyasının təşkilat daxilində öz fəaliyyətini leqallaşdırmasını tələb etməyə başladılar.Yurdçuların Elçibəyçilərə qarşı mübarizəsi və Əbülfəz bəyə hücumları elə geniş vüsət almışdı ki, bir çox rayon şöbəsinin tələbi ilə 1997-ci il aprelin 27-də təşkilat daxili məsələləri Elçibə­yin iştirakı ilə müzakirə etmək üçün Kələkidə Ali Məclisin iclası çağrıldı.

Toplantıda hər iki tərəfi dinlədikdən sonra Əbülfəz Elçibəy Rəyasət Heyətinin və bütövlükdə “Yurd”-un təşkilat daxilində pozuculuq fəaliyyətini pislədi.Lakin Əbülfəz bəyin tənqidinə və xəbərdarlıqlarına baxmayaraq, ”yurdçular” öz fəaliyyətlərindən əl çəkmədilər.Buna etiraz olaraq Bakı şəhər 11 Rayon şöbəsinin rəhbəri sentyabrın 15-də bütün təşkilatın “Yurd”-un mənafeinə tabe edilməsi və onun təmsilçisinə çevrilməsinə etiraz edərək Əbülfəz Elçibəyə və Ali Məclisin Rəyasət Heyətinə müraciət qə­bul etdi.Artıq “Yurd” təşkilatı AXCP-nin deyil, öz fraksiya çıxar­larını ön plana çəkərək təşkilat daxilində bir mənfəət qrupuna çevrilmişdi.

Uzun illər ərzində öncə AXC-nin, sonra isə AXCP-nin rəh­bərliyində önəmli görəvlərdə çalışmış və təşkilat daxili proseslə­rin bütün incəliklərinə beləd olan Arif Rəhimov AXCP təşkilatı daxilində gedən prosəsləri və “Yurd” fraksiyasının bu proseslər­də oynadığı rolu özünün “Sosyologiyada partiyadaxili qruplaş­malar” kitabında sosyoloji təhlil süzgəcindən keçirərək araşdır- mışdır.O, partiya daxilində bu qruplaşmanın oynadığı pozuculuq rolunu obyektiv bir tərzdə dəyərləndirərək qeyd edir ki, “1995-ci il Qurultayından sonra AXCP-nin mərkəzi bürokratik aparatı Rə­yasət Heyəti oldu və Rəyasət Heyətində “Yurd” qruplaşmasının tam təkəli(monopoliyası) yarandı.Mirmahmud Fəttayevi çıxmaq­la, AXCP rəhbərliyində “Yurd” təkəlinin yaranması partiyadaxili tarazlığı tam pozdu və siyasi rejimin yavaş-yavaş açıq sistemdən qapalı sistemə keçməsinə təkan verdi...Partiya daxilində Elçibəy xəttini yürüdən və təşkilatın təməlini təşkil edən mərkəzçi qrup “Yurd”a qarşı əsas müxalifəti təşkil edirdi.Lakin “Yurd” qruplaş­ması özünün qapalı idarəedici xislətinə uyğun olaraq müxaliflərə qarşı tam dözümsüzlük nümayiş etdirir və sahibləndiyi mərkəzi bürokratik aparatı cəza aparatına döndürərək hər vasitə ilə müxa­lifəti susdurmağa, əzib sıradan çıxarmağa çalışırdı.(səh.57-59)

Elçibəy kimi bir siyasi liderin, dövlət adamının, hətta öz doğ­ma kəndi, el- obası olsa belə, illərlə kiçik bir kəndə qapanaraq mübarizədən, aktiv siyasi fəaliyyətdən uzaq qalması ağır bir sı­naq idi.Dostları, silahdaşları onu nə qədər tez-tez ziyarət etsələr də, bu darıxdırıcı kənd həyatına dözmək olduqca məşəqqətli idi. Onun Bakıya dönməklə Kələki və ətraf kəndlərin əhalisini ona görə məruz qaldıqları təzyiq və təhdiddən, hakimiyyət mənsubla­rının yaratdıqları çətin həyat şəraitindən xilas etmək cəhdlərinin qarşısı dəfələrlə sərtliklə alınmışdı.

Beynəlxalq təşkilatların, Türkiyə siyasi dairələrinin təzyiqi və xüsusən də Elçibəyin özünün geri dönmək yolundakı çabalarının nəticəsi olaraq Azərbaycan hakimiyyəti onun Bakıya geri dönmə­sinə razılıq verdi.Hakimiyyət üçün bir çox əhəmiyyətli məsələlər, o cümlədən MDB-yə (Müstəqil Dövlətlər Birliyinə) daxil olmaq haqqında müqavilə imzalanması, xalqın maraqları ziddinə olaraq xarici neft şirkətlərinin mənafeini yüksək səviyyədə təmin edən neft kontraktlarının imzalaması, 1993-cü ilin dekabrında Kəlbə­cəri və digər əraziləri işğaldan azad etmək üçün başlanan hərbi əməliyyatlar zamanı Azərbaycan ordusunun minlərlə əsgərinin itgisi ilə nəticələnən ağır məğlubiyyətindən sonra “DQR”-i (Dağ­lıq Qarabağ Respublikasını) tərəf kimi tanıyan və hətta Afiyəddin Cəlilovun imzalamaqdan imtina etdiyi atəşkəs haqqında biabır- çı”Bişkək protokolu “ imzalanması kimi hakimiyyət üçün bir çox önəmli məsələlər həyata keçmiş, Elçibəyin prezidentlik müddəti də artıq başa çatmışdı.

Bu məsələlərin gerçəkləşməsində Heydər Əliyevin qarşısı­na çıxıb, güclü müqavimət hərəkatı yarada biləcək yeganə lider Əbülfəz Elçibəy olduğundan onun Bakıya gəlişi qarşısında əngəl­lər yaradılırdı.

Əbülfəz Elçibəy Prezidentlik dönəmi başa çatdıqdan 4 il 4 ay 15 gün sonra (15 iyun 1993- 30 oktyabr 1997-ci il), 30 oktyabr 1997-ci ildə axşam saat təxminən 7-də təyyarə ilə nəhayət, Ba­kıya dönə bildi.O, hava alanında tərəfdarlarının böyük izdihamı tərəfindən ruh yüksəkliyi ilə qarşılandı.

Bəy, AXC qərargahı kimi də istifadə olunan “Azadlıq” qəze­tinin Xaqani 33 ünvanında yerləşən binasında keçirdiyi mətbuat konfransında çoxlu suallara cavab verərək dedi ki, “Qarabağdan bir addım da geri atmaq olmaz.Ölkədə vətəndaş sülhü yaratma- lıyıq.Yoxsa, gələcəkdə sabitlik olmayacaq.Xalqın ümumi razılığı olmasa, vətəndaş sülhü davamlı ola bilməz.Ölkədə fəal qüvvələ­rin dağılmasına imkan verməmək lazımdır.Güney Azərbaycanın məsələsi gündəmdə olmalıdır”.

Elçibəyin gəlişi ilə uzun zamandır durğunluğun yaşandığı ölkənin siyasi həyatında böyük canlanma başlandı. Elçibəy təkcə Azərbaycan Xalq Cəbhəsi partiyasının deyil, demokratik müxa­lifətin bir çox partiyasının daxil olduğu demokratik Konqresin də həmsədri olaraq müxalifət qüvvələrini öz ətrafında birləşdirmişdi.

Elçibəyin gəlişi ilə müxalifətin neçə illərdir davam edən mitinq susqunluğuna son qoyuldı.Onun rəhbərliyi altında çoxlu partiyaların da qatılmış olduğu ilk icazəsiz mitinq 1998-ci ilin əvvəllərində, şəhərin mərkəzində, Səməd Vurğun bağında oldu. Müxalifətin güclənməsi ilə hakimiyyət dairələri Qələbə kinoteat­rının qarşısındakı meydanı mitinqlər üçün xüsusi yer olaraq ayır­mağa məcbur oldu və burda müntəzəm olaraq etiraz aksiyaları keçirilməyə başlandı. 1998-99-cu illərdə müxalifətin mitinqləri ya “QələbəMeydanı“nda, ya da Biləcəri aşırımındakı Motodrom­da keçirilirdi.

1998-ci il sentyabrin 12-də müxalifət qüvvələri Sahil bağı yaxınlığnda çox möhtəşəm icazəsiz bir mitinq təşkil etdi. Okt­yabrın 11-də keçiriləcək Prezident seçkilərinə həsr olunmuş bu mitinqi bir neçə ay öncə AXCP, Musavat, Liberal, ADP və di­gər partiyaların seçkilərə nəzarət üçün yaratmış olduqları Seçki İslahatı və Demokratik Seçkilər Uğrunda Hərəkat (SİDSUH) təşkil etmişdi.İcazəsiz olmasına baxmayaraq, Əbülfəz Elçibəy, Lalə Şövkət, İsa Qəmbər, İlyas İsmayılov, Pənah Hüseynov və digər müxalifət rəhbərləri mitinqdə iştirak edirdilər. Mitinqdə ən maraqlı məsələ mitinqçilərlə polis arasında şiddətli qarşıdurma zamanı polisin zorakılığından qəzəblənmiş xalqın polislərə hü­cum edrək onları Sahil metrosundan Nizami kino teatrına qədər qovması oldu.Polislər qəddarlıq göstərərək qarşıdurmada Pənah Hüseynovu başından ağır yaraladılar.Gətirilən əlavə qüvvələrin köməyi ilə mitinq çox çətinliklə dağıdıldı.Əslində, AXCP-nin də daxil olub Əbülfəz Elçibəyin həmsədr olduğu Demkonqres (De­mokratik Konqres) bu seçkiyə qatılmayaraq, onu baykot qərarı almışdı ki, bu qərarın da öz maraqlı bir tarixçəsi vardı.

Azərbaycanın siyasi tarixində məğlub prezident adı ilə qal­mamaq üçün Əbülfəz Elçibəy 1998-ci il Prezident seçkilərində iştirak etmək qərarına gelmisdi və qalib gələcəyinə də əmin idi. Bu məsələ barəsində o, öz həmsədri olduğu Demkonqresdəki par­tiya rəhbərləri olan silahdaşlarına və ictimaiyyətə müraciətində dəfələrlə bildirmişdi ki, məqsədi bu seçkilərdə qalıb gəlib pre­zidentlik vəzifəsini iki il yerinə yetirdikdən sonra öz namizəd­liyini irəli sürmədən demokratik seçki keçirərək vəzifəsini yeni seçilən şəxsə təhvil verib siyasətdən uzaqlaşmaqdır.Bu məsələdə Demkonqres üzvü bütün partiyalar Elçibəyə dəstək verərək onun­la həmrəy olduqları halda, yalnız Musavat Partiyası ona dəstək verməkdə tərəddüd göstərirdi.

Seçkilər öncəsi Elçibəy mənə Türkiyə Milli Güvənlik Ku- rulunun (MGK-nın) və Süleyman Dəmirəlin onun prezidentlik məsələsinə münasibətini öyrənməyimi tapşırdı. Mən Azərbayca­nın yaxın dostu Alparslan Türkeşin də silahdaşı olan “Azərbay­can-Türkiyə dostluq dərnəyi” başqanı böyük türk milliyətçisi al- bay Müzəffər Özdağın yanına getdim.Elçibəyin arzusunu ona bil- dirdim.Müzəffər bəy Türkiyə hərbi və siyasi dairələrində böyük nüfuza və geniş əlaqələrə malik olan oğlu Ümid Özdağa məsələni anlatdı və mən onun bürosuna gedib görüşdüm.Ümid Özdağ öncə Milli Güvənlik Kuruluna zəng edib məsələni anlatdıqdan sonra mənimlə görüş üçün vaxt təyin edildi, sonra isə o zaman Çanka- ya köşkündə prezident Süleyman Dəmirəlin Baş danışmanı olan, yaxın dostuna zəng edərək məsələni bildirdi və Elçibəyə münasi­bət bildirmək konusunda mənimlə görüşməyə razı olub olmadığı­nı soruşdu, o da məmnuniyyətlə razılıq verdi və görüşmə vaxtını müəyyən etdi.Mən ilk öncə MGK-da ictimai əlaqələr üzrə sek- retar yardımçısı ilə və sonra kurulun digər hərbiçi məmurlari ilə görüşdüm və Elçibəyin istəyini onlara çatdırdım. Onlar Elçibəyin Azərbaycanda birləşmis müxalifətin namizədi kimi seçkilərdə iş­tirakına tam dəstək verəcəklərini və bunu Elçibəyə bildirməmi söylədilər.

Sonra Çankaya köşkündə Cumhurbaşkanı Süleyman Də­mirəlin adınıçəkmək istəmədiyim baş danışmanı ilə görüşdüm. Biz onunla bir saatdan çox söhbət etdik, mən Elçibəyin salamını Süleyman bəyə çatdırmasını xahiş etdim və Bəyin prezidentliyə namizədliyinə onun münasibətini öyrənməsini rica etdim.Baş da­nışman söhbətimiz əsnasında bütün dediklərimi geyd edirdi.O, məni kabinetdə tək qoyub Süleyman Dəmirəllə görüşməyə getdi. Mən düşünürdüm ki, Heydər Əliyevin dostu və gardaşı olan, ona hakimiyyətə gəlməkdə böyük yardımlar etmiş Süleyman Dəmirəl Elçibəyə dəstək verməkdən imtina edəcək və Azərbaycanda hələ hakimiyyət dəyişikliyinin vaxtı çatmadığını bildirəcək.Lakin gözlədiyimin əksi oldu.Süleyman Dəmirəllə söhbətdən geri dön­dükdən sonra baş danışman Elçibəyə Süleyman bəyin salamını yetirməyi xahiş etdi və bildirdi ki, Heydər Əliyevin Türkiyəyə qarşı yersiz ittihamları və tələbləri Süleyman bəyi də artıq təngə gətirib və onun hakimiyyətdən getməsinin artıq zamanı çatdığı fikrindədir və əgər Elçibəy müxalifətin vahid namizədi kimi seç­kilərə qatılsa, söz verir ki, seçkilərin saxtalaşdırılmasına qətiyyən imkan verilməyəcək, Elçibəyi dəstəkləmək üçün bütün nüfuzun­dan və əlaqələrindən istifadə edərək bu məsələni ABŞ siyasi da­irələri ilə də razılaşdıracaq.O, həmdə bu söhbətləri yalnız Elçi­bəylə bölüşdürməyimi xahiş etdi.

Ozaman Türkiyədə Ana Vətən Partiyasi, MHP və Demokra- tikSol Patiyasından ibarət üçlü koalisiya hökuməti mövcud idi və hər üc partiyanın Elçibəyə münasibəti olduqca müsbət idi.Elçibə- yin özü də hökumətdəki bakan dostları ilə tez- tez telefon əlaqəsi saxlayırdı və hətta Baş Bakan Bülənt Ecevit özü zaman- zaman Elçibəyə telefon açırdı.Lakin bir çox ciddi siyasi məsələlər tele­fon söhbətinin mövzusu deyildi.

Bəyin tapşırığı ilə mən o zaman İstanbulda olan Rəsul Quli­yevlə də görüşüb onun seçkilərdə Elçibəyi dəstəkləmək haqqında rəyini soruşdum.Rəsul Quliyev dedi ki, Elçibəyə söylə, mən bütün imkanlarımla yüz faiz onu dəstəkliyəcəm, çünki onun qalib gəlmə­si ilə mənə də Azərbaycana geri dönmək imkanı yaranacaq.Lakin Musavat Partiyasının ona dəstək verəcəyinə qətiyyən inanmıram.

Mən Bakıya geri dönüb görüşlərim haqqında Elçibəyə bilgi verdim.Elçibəy dedi ki, bütün bunları İsa Qəmbərə söylə.Mən İsa bəydən öncə onun yaxın dostu Pənah Hüseynovla və o zaman Müsavat Partiyasında geniş nüfüzu olan İbrahim İbrahimli ilə görüşüb bütün informasiyanı onlarla da bölüsdüm ki, Elçibəyin namizədliyi məsələsi Musavatın Divanında müzakirə olunarkən onun namizədliyinin beynəlxalq səviyyədə də dəstəklənəcəyi haqqında bu informasıyaları nəzərə alsınlar.

Bu, o zaman idi ki, Elçibəy mübarizə yoldaşlarına və müttə­fiq partiyalara müraciətlə onun müxalifətin vahid namizədi kimi dəstəkləmələrini xahiş edir və bildirirdi ki, o, yalnşz iki il Prezi­dent olacaq, sonra özü seçkilərə qatılmamaq şərti iləAzərbaycan- da həqiqi bir demokratik seçki keçirəcək və siyasət səhnəsini tərk edərək elmi-ictimai fəaliyyətlə məşğul olacaq.O zaman müxalifət partiyaları Demkonqres adli bir qurumda birləşmisdilər və sədr də Elçibəy idi.

Sonra İsa Qəmbərlə də görüşdüm və bu məlumatları onun da nəzərinə çatdırdım.O, məni dinlədi və bildirdi ki, Elçibəyin Prezidentliyinin dəstəklənməsi haqqında o tək başına heç bir qərar verə bilməz. Müsavat Divanı nə qərar versə, o, bu qəra­rı dəstəkləyəcək.Bilindiyi kimi Müsavat partiyasının Divanında müzakirələr zamanı Vurğun Əyyub yənə də Bəyin Prezidentliyi əleyhinə ən kəskin çıxış etdi və Elçibəyi Prezident seçkilərində dəstəkləməmək üçün Divan seçkiləri baykot qərarı aldı.Beləlik- lə, Elçibəy çox ümid etdiyi Prezident seçkilərində iştirak etmək imkanından məhrum oldu.Onu da deyim ki, mübarizə dostlarının ona qarşı bu etimadsızlığı Elçibəyə çox sarsıdıcı təsir bağışladı. Elçibəy o zaman seçkilərə qatılsa idi bəlkə də Azərbaycanın tale­yi tamam başqa istiqamətdə inkişaf edəcəkdi.Bu o zaman idi ki, şaiyələrə görə, Heydər Əliyevin qızı Sevil xanım da Londondan gələrək atasından seçkilərə qatılmamaq, demokratik seçki ke­çirərək hakimiyyəti təhvil verməyi ondan xahiş etmişdi.

Elçibəyin Prezident seçkilərinə qatılacağına əmin olduğu­muzdan, onun seçki kampaniyası üçün çoxlu təbliğat materialları­nı, plakatlar, şüarlar, fotoşəkillərini Türkiyədə milliyətçi dostların köməyi ilə çap etdirərək Bakıya gətirmişdim. Hətta Elçibəyisevər dostlarımız seçkilərdə istifadə etmək üçün özel bir təbliğat avto­busu da təsis etmişdilər ki, o avtobusu Azərbaycan gömrükçüləri Gürcüstanla sərhəd Qırmızı körpü gömrük qapısından keçməsinə izn verməyib, geri qaytardılar.

1998-ci il seçkilərinə Elçibəy qatılmasa da, Heydər Əliyev səslərin 76, 1 faizini alaraq qalib gəldi.Digər namizədlərdən Eti­bar Məmmədov-11, 8 faiz, Nizami Süleymanov-8, 2 faiz səs top- ladılar.Əliyev rejimindən narazı olan bütün insanlar Etibar Məm­mədova səs verdiyindən o seçkidə qalıb gəldiyini, lakin seçkinin hakimiyyət tərəfindən saxtalaşdrıldığını iddia edərək seçkinin nəticələrini tanımadığını elan etdi.Müstəqil müşahidəçilərin bir çoxu da Etibar Məmmədovun qalib gəldiyini təsdiq edirdilər.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin