F. H. Zeynalov


II. Semiotika və ya semiologiya



Yüklə 1,55 Mb.
səhifə13/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   9   10   11   12   13   14   15   16   ...   83
II. Semiotika və ya semiologiya

II.1. Semiotikanın mahiyyəti və tərifi


Son dövrlərdə təbiətşünaslıq və humanitar elmləri semioti­kanın tərkib hissələri kimi səciyyələndirirlər. L.Yelmslev (1899-1965) və onun davamçıları təbiət elmlərini semiotika, humanitar elmlərin formalaşmasını isə semiologiya kimi müəyyənləşdirirdi. A.Qraymas (1917-) isə ifadə haqqında elmləri semiotika, məzmun haqqında elmləri isə semiologiya adlandırmağı təklif edirdi.1

F.de Sössürə görə işarələri və onların sistem­lərini öyrənən elmin adı semiologiyadır.2 Ç. Pirsə və Ç. Morrisə (1901-1979) görə bu elmin adı semiotikadır.3 Belə bir fikir də var ki, semiologiya adı altında ümumilikdə işarələri öyrənən elmi və işarələri xüsusi sahə kimi nəzərdən keçirdikdə dil işarələrilə birləşdirmək olar. Bəzən F.de Sössürün tərifini çevirməklə semio­logiyanı translinqvistika kimi başa düşürlər ki, bu da bütün işarə sistemlərini dilin qanunlarına əsasən tədqiq etməyi nəzərdə tutur.4 Deməli, dil işarələrinin tədqiqini linqivistikadan asılı götürmürüksə, onda biz semiotika* ilə məşğul oluruq. Fikrimizcə, semiotika termini daha münasibdir. Əlbəttə, fəlsəfi və metodoloji baxımdan yanaşdıqda burada xeyli mübahisəli məsələ ortalığa çıxır. 1969-cu ilin yanvarında Parisdə Beynəlxalq Komitə iclas keçirdərək “Semiotik tədqiqatlar üçün Beynəlxalq Assosiasiya” təsis etməklə belə bir qərar qəbul etdi ki, “Semiologiya” terminini işlətməməklə hər iki sahəni əhatə edən məsələlər “Semiotika” adı altında birləş­di­rilsin.5 Biz də bu əsərdə semiotika terminini bu mənada işlədəcəyik.

Semiotikanın hüdudları və qanunauyğunluqları ilə məşğul ol­ma­ğa başlayanda ilk öncə bu məsələlərə aydınlıq gətirilməlidir:

a) ayrıca elm sahəsi olaraq semiotikanın öz obyekti və vahidi, habelə öz tədqiqat metodları vardırmı?

b) bəlkə bu fənn hələ maraq dairəsi tam bəlli olmayan konq­lomerat baxışların yığınıdır?

Birinci suala cavab vermək üçün tədqiqatçı deduktiv yolla gedərək semiotik model inkişaf etdirməli və bu model müxtəlif təd­qiqatları öz içinə alan sahənin parametrlərini müəyyənləş­dir­məlidir.

İkinci suala cavab vermək üçün isə tədqiqatçı vahid modelə nail olmaq məqsədilə stabil tendensiyaların sırasını tədqiq etməklə bu sahənin konturlarını işləyib hazırlamalıdır.

Semiotikaya xüsusi əsər həsr etmiş alman alimi Q.Klaus (1912-1979) məsələyə münasibətini belə ifadə edir: “Bir tərəfdən se­miotika deyəndə ümumilikdə dil işarələri nəzəriyyəsi başa dü­şülür. Digər tərəfdən isə bu terminlə riyazi əsasların xüsusi sahəsini göstərirlər”.6

Əslində, bu, sərbəst yarımqrupların riyazi nəzəriyyə ilə sıx bağlı olduğu sahədir. Deməli, ümumi dil fəlsəfəsi sahəsi kimi se­miotika riyazi sahəni əhatə edən semiotikadan fərqlənir.

Semiotika haqqında ilk məlumata m.ə. 5-ci əsrdə sofistlərdə və Platonda (428-348) rast gəlmək olur. Platon “Kratil” əsərində danışığın mahiyyətini açır və elə bir mövqe nümayiş etdirir ki, onu bu gün konvensialist dil fəlsəfəsi adlandırmaq olar. Platonun şagirdi Aristotel (384-322) “Orqanon” əsərində mənalı işarə birləşmələrinin məna daşıyan ayrı-ayrı işarələrdən düzəldiyini göstərir və onları mənasız birləşmələrə qarşı qoyur. Stoiklər də forma ilə məna arasındakı əlaqələri aydın dərk edirdilər. Onlar mövcud olan şeylə (bu gün bunu işarələnən, denotat, referent və s. adlandırırlar - F.V.) onun işarələyənini, səsli ifadəsini (yazılı formasını) bir-birindən fərqləndirirdilər.7

Semiotikanın çiçəklənməsi dövrü kimi Q.Laybnisin8 (1646-1716), Y.Herderin9 (1744-1808), V.fon Humboldtun10 (1707-1835) yaradıcılığını göstərirlər. Düzdür bu mütəfəkkirlərdə əsas diqqət dilin məntiqi və ümumi semantik təhlilinə deyil, onun mənşəyi, dil və şüurun (təfəkkürün) qarşılıqlı əlaqələrinə, dilin insanın yaradıcı əqlinin ifadəsində instrument rolu oynamasına yönəlmişdi. Onlar canlı dilin yaradıcı insan şüurunun ifadəsi olduğunu xüsusi vurğulayırdılar. V.fon Humboldtun araşdırmalarının mərkəzində onun canlı dillərlə bağlı apardığı tədqiqatlar dururdu. Elə bunun nəticəsi idi ki, dilin təhlili problemləri ümumi fəlsəfi və idrak-nəzəri problemlərdən ayrılaraq dilçiliyin müstəqil inkişafına təkan verdi. Sonralar isə əsasən dilçilik xüsusi fənn kimi dil tarixilə məşğul olmağa başladı.

XIX əsrdən sonra dilçilikdə yenidən semiotika prob­lemləri gündəmə gətirildi. Bu zaman semiotikanın riyazi məntiqin problemlərinə diqqət artırmasına səbəbkar Ç.V.Morrisin kitabı oldu. Onun “İşarə, dil və davranış” kitabını neopozitiv və biheyviorist dil fəlsəfəsinin kiçik ensiklopediyası adlandırırlar.11 Ç.Morris insan fəaliyyətinin səciyyəvi formalarını öyrənməyi fəlsə­fənin qədim ənənəsi hesab edərək yazırdı: “Bu ənənə müasir for­mada fəlsəfənin işarə nəzəriyyələrilə eyniləşməsində özünü aydın büruzə verir.”12

Riyazi əsasların tədqiqi, məntiq və fəlsəfəyə yaxın digər fənlər işarələr sisteminin ümumi problemlərilə məşğul olduğu bir vaxtda, dilçilik öz spesfik vəzifələrinə uyğun olaraq tam başqa prinsiplərdən işarə nəzəriyyəsini öyrənməli olurdu.

Dilçilikdə işarə nəzəriyyəsi problemləri dil işarələrinin digər işarələrdən fərqli olaraq xüsusi statusa malik olması ilə izah oluna bilər. F.de Sössür dili ən mühüm işarə sistemi hesab edirdi. L.Yelms­lev isə yazırdı ki, “praktik olaraq dil bütün digər semio­tikaların çevrilə biləcəyi semiotikadır-bütün digər dillər və digər düşünülən semiotik strukturlar kimi... Dilin bu xüsusiyyəti işarələrin yaranmasının qeyri-məhdudluğu və daha böyük vahidlərin əmələ gəlməsində (cümlələrin və s.) çox sərbəst qaydalarla şərtlənir”.13

Deməli, semiotika bütün kommunikasiya formalarının əsa­sında kodlar olan məlumatın göndərilməsilə məşğul olur, yəni dilin işlənməsinin (kommunikativ, performans - F.V.) istənilən aktı artıq mövcud səriştəyə (kompetensiyaya - F.V.) əsaslanır. Kod isə qabaq­cadan razılaşma əsasında müəyyən edilmiş işarələr sistemidir ki, onun köməkliyilə informasiya təqdim olunur, mənbədən təyinat ye­rinə çatdırılır. Azərbaycan dilində 32 qrafem qabaqcadan cəmiy­yətdə razılaşdırılaraq qəbul edilmiş işarələr sistemi kimi bu dildə bütün yazılı informasiyaların ötürülməsi və qəbul edilməsi üşün koddur. Bu kodun açılması azərbaycanlılar və Azərbaycan dilini bilən digərləri üçün mümkündür. Eləcə də dilimizdə 34 fonemdən ibarət sistem azərbaycanlılar arasında bütün şifahi ünsiyyəti təmin edən kod kimi göstərilə bilər.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin