IX.5. Dil işarələrinin bölünməzliyi (diskretliyi)
və ixtiyariliyi
Dil işarələrinin öz səviyyələrində bölünməzliyi və ya diskretliyi də sintaqmatik və paradiqmatik əlaqələrin birgə fəaliyyətinin nəticəsidir. Yuxarıda verdiyimiz /turac/ və /tıxac/ leksemlərinin hər ikisi leksik səviyyə baxımından bölünməzdir. Ancaq morfem səviyyəsində onları təhlil etsək , görərik ki, quş mənasını bildirən /turac/ bölünməzdir, bütövdür, hərcənd ki, onun substansiyası /tıxac/-da olduğu kimi eyni səslə ifadə olunub: / d=/. Birinci misalda bu samit bütöv sözün ayrılmaz hissəsidir. Bu təhlil göstərir ki, dilin leksem və morfem, habelə yuxarı səviyyələrində də substansional tərəf eyni olsa da, onun struktur təşkili müxtəlifdir. Eyni sözləri dillərin müxtəlifliyini şərtləndirən amillərə də şamil edə bilərik. / d=/ bir yerdə müstəqil fonem kimi çıxış edir. Digər yerdə isə öz müstəqilliyini qorumaqla morfemin tərkib hissəsi olaraq söz və forma fərqləndirmə funksiyasını saxlayır. Bunda Şerba–Zinder məktəbinin fonem avtonomluğu nəzəriyyəsinin əsl mahiyyəti özünü göstərir.
Paradiqmatik və sintaqmatik əlaqələri nümayiş etdirən əlamətlərdən biri də dil işarələrinin ixtiyariliyidir (arbitrerliyidir). İxtiyarilik işarələyənlə işarələnin birbaşa əlaqədə olmamsı deməkdir. Biz Azərbaycan dilində /öküz/ sözü ilə bildirdiyimiz heyvanı niyə belə adlandırdığımızı bu dilin bugünkü vəziyyətindən çıxış edərək izah edə bilmərik. Əslində ingilislərin /ks/ və almanların /oks/ adlandırdığı bu heyvanın adında bizim sözümüzə oxşar elementlər var: /o-ö-k-k`-s-ü-z/. Bu sözün eyni kökdən olduğunu biz güman edə bilərik. Lakin məsələnin həqiqətən belə olduğunu ciddi diaxronik tədqiqatlardan sonra söyləmək olar. Belə təsadüfi yaxınlıq bizə əsas vermir deyək ki, german dillərindən olan alman və ingilis dilləri türk dillərindən olan Azərbaycan dililə qohumdur. İşarələyənlə işarələnən arasında birbaşa əlaqə olsaydı, onda gərək bütün denotatlar dillərin hamısında eyni cür səslənəydi. Bunun heç də belə olmadığı hamıya bəllidir. İngilis /tree/, alman /Baum/, rus /дерево/ adlandırdıqlarını azərbaycanlılar /ağac/ adlandırırlar. Denotat eyni olsa da, hər dildə adlandırma müxtəlifdir.
İxtiyarilikdən kənara çıxan hallar isə bütün dillərdə mövcuddur. Buraya yamsılamalar və mürəkkəb sözlər aiddir. İngilis itin hürməsini /haw-haw/, alman /haw-haw/, rus / гав-гав/, biz isə /ham-ham/ kimi ifadə edirik. Göründüyü kimi, referens oxşar və ya eynidir. Bu cür mənzərəni biz mürəkkəb sözlərdə də görürük. Almanın /Staubsauger/ adlandırdğı söz onu əmələ gətirən tərkib hissələrin mənalarının cəmidir. Bu söz rus dilinə /пылесос/, bizim dilimizə isə /tozsoran/ kimi tərcümə olunub və hər üç dildə mürəkkəb sözün tərkib hissələrinin mənaları saxlanılıb. Belə izomorfizm konstruksiyalara sintaktik səviyyədə də rast gəlmək olur. Aşağıdakı cümlələri müqayisə edək:
Ing.d. /The old man who lives there has gone to his son`s house//
Alm.d. /Der alte Mann, der dort wohnt, ist in sein Sohn`s Haus gegangen//
Rus d. /Старый мужчина, который живет там, пошел в дом своего сына//
Bu üç dildə verilmiş konstruksiyaların necə oxşar olduğunun ilk baxışdan şahidi oluruq. Ancaq Azərbaycan dilində tamam fərqli strukturla qarşılaşırıq. Müq.et:
/Orada yaşayan qoca kişi oğlunun evinə getdi//
Hər üç dildən fərqli olaraq Azərbaycan dilində məkan anlayışı feli sifətlə birləşmiş ismi qrupla ifadə olunub. Xəbər tərkibi isə üçüncü növ təyini söz birləşməsilə ifadə olunub.
Bu təhlil bir daha göstərir ki, müxtəlif dillərdə işarələyənlə işarələnən arasında birbaşa bağlılıq yoxdur, yəni dil işarələri əksər hallarda ixtiyaridir.
Dostları ilə paylaş: |