Bu gün Fələstin ölkəsinin fələstinlilər yaşayan torpaqlarında baş verən hadisə misli az olan bir insani faciədir. Fələstin tarixi boyunca da biz bunun belə şiddətli, belə qəddar və belə daşürəkli bənzərini görməmişik. Fələstində baş verən cinayətlər həqiqətən dəhşətlidir. Qondarma sionizm dövləti hərbi imkanlarla, tankla, əsgərlə - eşitmişəm ki, təxminən otuz min qüvvə və yüzlərlə tank yeritmişlər - şəhərlərə və xiyabanlara girir və faciə törədirlər. Ramallah, Nablos, Qəzzə, Xan Yunis, Beytülləhm, Rəfəh şəhərləri və fələstinlilər yaşayan digər bölgələr bu müsibətə düçar olmuşlar. Elə bir iş görürlər ki, biz özümüzə yaxın dövrlərdə bu işin belə şiddətli və qəddarlı bənzərini heç bir yerdə görməmişik; istər bu şəhərlərdə, istər düşərgələrdə evləri dağıdırlar, tank və buldozerlə fələstinlilərin kiçik evlərinin canına düşürlər, ailələri didərgin salırlar. Qarşılarına çıxan kişi və qadını öldürür və heç nədən çəkinmirlər. Eşitmişəm ki, on üç yaşdan əlli yaşa qədər gəncləri və kişiləri tuturlar. Bu ailələrin kişilərinin çoxunu, xüsusən də gənc və yeniyetmələri tutub yeri bəlli olmayan bölgələrə aparmışlar. Bu dustaqxanaların daxilindən bayıra sızan və dünya mətbuatında dərc olunan xəbərlər göstərir ki, bunlara işgəncə də verirlər, hətta bu zindanların içində də qollarını bağlayırlar. Beytülləhmdə məscid və kilsələrə hücum edir, yaralılara təcili tibbi yardım, ərzaq və dərman çatdırmağa mane olurlar. Söylənilənlərə əsasən, hətta təcili yardım maşınlarını da atəşə tuturlar və bu hadisələrin yaralılarının çoxu qanaxma və dərmansızlıq səbəbindən həlak olub şəhadətə qovuşmuşlar. Hətta xəstəxanalara və apteklərə də hücum edirlər. Qida məhsullarının olduğu mərkəzləri və mağazaları qarət edirlər. Ramallahda və bəzi şəhərlərdə əhali öz evlərindən bayıra çıxmağa cürət etmir. Qadınlar, uşaqlar, didərgin düşmüş bu ailələr və evləri söküldüyündən qohumlarının və digərlərinin evinə getməyə məcbur olanlar Allah bilir ki, hansı müsibət və çətinlikdə yaşayırlar. Bu şəhərlərin bəzilərində suyu və elektrik enerjisini kəsiblər. Həyasızlığı elə bir həddə çatdırıblar ki, Ramallah şəhərində muxtar hökumətinin rəisinin iqamətgahına hücum edib, oranı da tutmuşlar; yəni özlərinin rəsmən tanıdıqları, müqavilə bağladıqları və imza etdikləri hökuməti. Qısası, qəribə vəziyyət yaratmış və dünyanın səsini çıxartmışlar.