Allahın lütfü ilə İslam İranında bundan əlavə xalqın səsi də Fələstinin xatirəsi ilə fəaldır, yumruqları da düyünlənmişdir, hazırlıqları da var. Lakin biz lazım və məsləhət görmürük ki, mübarizə aparmalı olan Fələstin xalqının özündən başqa kimsə ayrı yerdən oraya getsin. Bir xalqın görməli olduğu işi digəri onun üçün görə bilməz; o xalqın özü görməlidir.
Bilin ki, əgər biz - yəni ölkə məmurları xalqın qarşısını almasaydıq, bizim çoxlu gənclərimiz öz cisimləri ilə Fələstin meydanında iştirak etmək üçün yola düşürdülər. Qəzzə hadisəsində bizim gənclərimiz hava limanına getdilər. Nə edirdilərsə, dönmürdülər, mənim müraciətimlə qayıtdılar. Əgər mən müraciət etməsəydim, hava limanından dönməyəcəkdilər. Deyirdilər ki, bizi Qəzzəyə aparın. Elə bilirdilər özlərini Qəzzəyə çatdıra bilərlər. Bu bizim gənclərimizin marağıdır. Qəzzə və Fələstin məsələsi bizim problemimizdir, bizim İslam məsələmizdir, bütün müsəlmanların məsələsi və bizim vəzifəmizdir. Etdiklərimiz də bizim vəzifəmizdir. Heç kəs üzərində minnətimiz yoxdur, borcumuzu yerinə yetirmişik. Allah-Taaladan da istəyirik ki, vəzifələrimizi yerinə yetirməyə yardım etsin. Lakin burada iştirak edən siz dostlar bu cənabların dediyi sözlərin – yəni əsas məsələnin mübarizədən ibarət olması, Fələstin məsələsində müqavimətdən başqa çıxış yolunun olmaması fikirləri üzərində dayanın. Bu sözləri açıq şəkildə deyin. Siyasi təbəssümlərlə və süni rəy yaratmaqla bu regionu ələ keçirmələrinə imkan verməyin. Fələstinlilərin hansı müqavimət yolundan kənara çıxdısa, zərər gördü.