Forma və məzmun anlayışları nisbidir. Məsələn, istehsal münasibətləri üstquruma nisbətdə məzmundur, cəmiyyətin məhsuldar qüvvələrinə nisbətdə isə formadır. Forma və məzmun nisbətinin traktovkasında dialektik mövqe aşağıdakı prinsiplərlə aydınlaşdırılır; 1. Məzmun və formanın ayrılmazlığı; 2. Əlaqələrin rəngarəngliyi; 3. Vəhdətin ziddiyyəti; 4. İnkişafın optimallığı – formanın məzmunu və yaxud əksinə, məzmunun formaya müvafiqliyi.
Əslinə qalanda elə bir maddi sistem yoxdur ki, orada məzmun və forma olmasın. Məzmun yoxsa forma da yoxdur. Yaxud da əksinə. Maraqlı cəhətlərdən biri də forma ilə məzmunun bir– birinə keçməsidir. Bir hadisə, proses və s. üçün forma olan digəri üçün məzmun olur və yaxud da əksinə. Əslinə qalanda bu proses həmişə davam edir. Dialektika özü də bunu tələb edir.
b) Hissə və tam (bütöv) - predmet və hadisələri (və onların ünsürlərini) və onlar arasındakı əlaqələri məcmu haldaifadə edən və ya predmetin daxili tərəfləri arasındakı əlaqə və qanunauyğunluqları əks etdirən fəlsəfi kateqoriyadır. Məhz bu əlaqələr əsasında ayrı-ayrı predmet vəhadisələr birləşib tamı əmələ gətirirlər, özləri də hissə kimi çıxış edirlər. Hissə və tamın əlaqəsinin nəzərə alınması gerçəkliyin dərk edilməsində mühüm əhəmiyyət kəsb edir. Hissə və tam kateqoriyası bütövlük prinsipinin ifadəsidir. Hissə elə predmet və hadisədir ki, onların məcmusu yeni, daha mürəkkəb predmet və hadisəni əmələ gətirir. Tam isə predmeti, hadisəni təşkil edən hissələrin tamamlanması, məcmusu nəticəsidir.
Hissə və tamın əlaqəsi, mahiyyəti haqqında ilk fikirlər antik fəlsəfədə Platon və Aristotel tərəfindən irəli sürülmüşdür. İdealist fəlsəfədə tama hissələrin sadəcə toplusu kimi baxmaq meyli güclü olmuş, onlara mənəvi fəaliyyəti məhsulu kimi yanaşmışlar. Şellinq, Hegel hissə və tama dünya ruhunun inkişafı nəticəsi kimi baxmışlar. Dialektik materializm predmet və hadisələrin öyrənilməsində tamlıq prinsipini əsas tutmaqla, hissə və tamın qarşılıqlı əlaqəsinin nəzərə alınmasına xüsusi əhəmiyyət verir, onların real gerçəklikdə obyektiv mövcudluğunu qəbul edir, həm də qeyd edir ki, mürəkkəb quruluşlu orqanizmlərdə tama hissələrin sadəcə toplusu kimi baxmaq düzgün olmazdı. Tamda elə yeni keyfiyyət və xassə ola bilər ki, müəyyən hissədə (elementdə) olmasın. Odur ki, burada əsas cəhət hissə ilə tam arasındakı interaktiv əlaqələri tapmaq, onlara istinad etməkdir.
c)Struktur və element (ünsür) kateqoriyası-struktur əlaqələr sistemində mühüm əhəmiyyət kəsb edir. Bu kateqoriya bir sıra fəlsəfi ədəbiyyatda “Sistem, struktur və element” şəklində də qeyd olunur. Çünki bu kateqoriya ümumi sistemlilik prinsipinə istinad edir və hər hansı strukturu və elementi müəyyən yarımsistem, sistemdaxili və sistemlərarası əlaqələrdə götürür. Sistemsiz struktur və element ayrılıqda, əlahiddə mövcud ola bilməz.
Sistemlilik prinsipi əsasən XIX əsrdə formalaşmışdır. Ona qədər elmi idrak mexanizmi və elementarizm mövqeyindən əsasən hissələrdən tama doğru getmiş, tam hissələrin məcmusu kimi yanaşılmışdır. Yalnız təbiətşünaslığın inkişafı əsasında İ.Kant qeyd edirdi ki, “elm aqreqat deyil, sistemidir”. XIX əsrdə bəşər cəmiyyəti və bioloji aləmin qanunauyğunluqlarının kəşf edilməsi əsasında sistemlilik prinsipi qəbul edildi. Burada isəÇ.Darvin və K.Marksın kəşflərinin əhəmiyyəti böyük olmuşdur. Məhz bu əsasda sistemlilik prinsipi və sistem yanaşma üsulu formalaşmışdır.