Фязлуллащ компани



Yüklə 1,55 Mb.
səhifə28/58
tarix02.02.2022
ölçüsü1,55 Mb.
#114020
1   ...   24   25   26   27   28   29   30   31   ...   58

SİFFEYN DÖYÜŞÜ


Cəməl döyüşünün qələbə ilə başa çatması həzrət Əlini (ə) asudəliyə çıxarmadı. Ömər zamanından Şamda hakim olan Müaviyənin itaətsizliyi günbəgün güclənirdi. Müaviyə xəlifə olmaq fikrində idi. Həzrət Əli (ə) bu hiyləgər rəqibi aradan götürməyə məcbur idi.

Həzrət Əli (ə) Şama hücum üçün Kufəni fəaliyyət mərkəzi qərar verdi və qoşunu hazırlamağa başladı.

Nəsibinə hakim təyin olunmuş Malik Əştər yolda olarkən Müaviyə tərəfindən Hərrana vali təyin olunmuş Zöhhak ibn Qeyslə rastlaşdı. Zöhhak Malikin qarşısını kəsmək istədi. Döyüş başladı və Malik Zöhhakın dəstəsini darmadağın etdi.

Zöhhakın məğlubiyyətindən xəbər tutan Müaviyə dərhal Əbdürrəhman ibn Xalidi böyük bir qoşunla Malik üzərinə göndərdi. Malikin dəstəsinə çatan Əbdürrəhman böyük qüvvəyə malik olsa da, Malikin şücaəti nəticəsində biabırçı məğlubiyyətə uğradı. Malikin döyüşçüləri fərariləri təqib edib onları şamlıların əlində olan ərazidən çıxardılar.

Malikin məktubu həzrət Əliyə (ə) çatdığı vaxt həzrət minbərə qalxdı və Malikin məktubunu oxuduqdan sonra Müaviyənin hiyləgərliyi haqqında danışdı. Müaviyənin düşmənçiliyinə inanmayanlar onun hiyləgərliyinə əmin oldular. Artıq Müaviyə ilə döyüş üçün hamı öz hazırlığını bildirirdi.

Əvvəlcə qeyd etmişdik ki, həzrət Əli (ə) xəlifə seçildikdən sonra Şama hücum etmək istəyirdi. Amma həmin vaxt Təlhə və Zübeyrin Bəsrəni tutması bu işi təxirə saldı. Həzrətin Şama hücum etməkdə məqsədi onun Peyğəmbər canişininə beyət etməməsi, hətta bu canişini Osmanın qətlində ittiham etməsi idi. Müaviyə həzrət Əliyə (ə) məktubunda belə yazmışdı: «And olsun canıma, əgər əlin Osmanın qanına batmasaydı, sən də Əbu-Bəkr, Ömər və Osman kimi olardın. Amma sən mühacirləri Osmanın qətlinə təhrik etdin və ənsara Osmana yardım göstərməkdə mane oldun. Nadan xalq sənin sözlərinə itaət edib, onu zalımlıqla qətlə yetirdilər. Nə qədər ki, Osmanın qətlini Şam xalqına, xilafəti şuraya tapşırmamısan, bu xalq səndən əl götürməyəcək. Mən Təlhə və Zübeyr kimi sənə beyət etmədiyimdən, onlar üzərində olan hakimliyin mənim üzərimdə yoxdur. Eləcə də, Şam xalqı sənə beyət etmiş Bəsrə xalqı kimi deyil. Bununla belə sənin İslamdakı şərafətini, Peyğəmbərlə yaxınlığını, Qüreyş arasındakı mövqeyini inkar etmirəm».1

Osmanın qətli ilə bağlı söhbətlərdən məlum olur ki, bu qətl həmin dövrdə fitnəkarlıq həvəsində olanlar üçün bəhanə olmuşdur. Bu qətldə elə bir şəxs ittiham olunurdu ki, nəinki bu qətldə iştirak etməmişdi, hətta Osmana xeyirxahlıq göstərmiş, evi mühasirədə oluduğu vaxt ona su göndərmişdi.

Ustad Əbdüllah Əlayi «Əyyamul-Husəyn» kitabında belə yazır: «Həmin dövrün gülünc qəribəliklərindən biri budur ki, Əmr As xalqı Osmanın qətlinə təhrik etdiyi Ayişə onunla aşkar müxalifətə qalxdığı, Müaviyə ona yardımdan imtina etdiyi, Təlhə və Zübeyr onun müxaliflərinə yardım göstərdiyi halda, bu adamların hər biri Osmanın qətlində Əlini (ə) ittiham edirdi. Hansı ki, Osmana xeyirxahlıq göstərmiş, ona əməllərinin acı aqibətini bəyan etmiş yeganə şəxs Əli idi.

Həzrət Əli (ə) Müaviyəyə məktubunda yazdı ki, mənə beyət ümumi bir beyətdir. Bu beyət Mədinədə olub-olmamasından asılı olmayaraq bütün müsəlmanlara şamildir. Sən məni Osmanın qətlində ittiham etməklə beyətdən yaxa qurtarmaq fikrindəsən. Hamı bilir ki, onu mən öldürməmişəm. Osmanın qanına cavab verməyə sən daha layiqsən. Sən özün o adamlardansan ki, Osmanla müxaliflik etdin, səndən yardım istədiyi vaxt yaxanı kənara çəkdin».

Həzrət Əli (ə) başqa bir məktubda Müaviyəyə belə yazırdı: «Sənin Osmanın qətli və qatilləri haqqında çox danışmağın yersizdir. Çünki sən xeyirin olanda Osmana yardım edirdin. Amma o sənin köməyinə ehtiyac duyduqda onu tənha buraxdın».

Həzrət Əli (ə) bir neçə aylıq Kufədə olduğu vaxt məsələni savaşsız həll etmək üçün bir neçə dəfə Müaviyəyə məktub yazdı. Həzrət Əli (ə) Müaviyəni ağır qanlarla nəticələnəcək müxalifətçilikdən çəkinməyə çağırırdı. Amma bu məktublar heç bir müsbət nəticə vermədi. Həzrətin hər məktubuna Müaviyə eyni şəkildə cavab verir və onu Osmanın qətlində ittiham edirdi. Müaviyə məktublarından birini çirkin təbliğatları sayəsində həzrət Əli (ə) ilə düşmən olmuş Əbəsəli bir kişi ilə Əliyə (ə) göndərdi. Həmin şəxs Kufəyə çatan kimi bir başa məscidə getdi və Müaviyənin məktubunu həzrətə təqdim etdi. Həzrət Əli (ə) ondan Şamdakı vəziyyət haqqında soruşdu. Kişi belə cavab verdi: «Bütün Şam əhlinin sinəsi sənə kinlə doludur. Onlar Osmanın qanını almamış sakitləşəsi deyillər». Həzrət Əli (ə) buyurdu: «Ey axmaq, Müaviyə səni aldadıb. Osmanın qatillərindən biri də Müaviyə özüdür». Səhabələr həmin şəxsi öldürmək istəsələr də, həzrət bu işə mane oldu və buyurdu: «O səfirdir. Səfir üçün təhlükə yoxdur». Sonra həzrət Müaviyənin məktubunu açıb, məktubda yalnız «Bismillahir-Rəhmanir-Rəhim» yazdıldığını gördü. Həzrət ətrafındakılara buyurdu: «Müaviyə savaş qərarındadır». Sonra həzrət öz xoş niyyəti və Müaviyənin hiyləgərliyi haqqında danışdı və xalqı bu hiyləgərliklə mübarizəyə çağırdı.

Həzrət Əlinin (ə) sözlərindən həyacana gəlmiş səfir dedi: «Ya Əmirəl-möminin, məni bağışla, sənin ən qatı düşmənin mən idim. Amma indi sənin dostunam. Çünki həqiqətləri mənə çatdırdın. Bildim ki, Müaviyə bütün Şam xalqını aldatmışdır. İcazə ver ki, sənin xidmətçilərin sırasına qatılım. Bu yolla sənə qarşı keçmiş kinimi məhəbbətə çevirim». Həzrət Əli (ə) ona nəvaziş göstərib səhabələrinə tapşırdı ki, bu şəxsdən muğayət olsunlar.

Bu xəbəri eşidən Müaviyə çox narahat oldu və dedi: «Bu kişi bizim bütün sirrimizi Əliyə danışacaq. Ona görə də Əli (ə) bizə hücum etməmiş biz qabağa düşək». Müaviyə öz məqsədini həyata keçirmək üçün bütün yaxınlarına, Mədinədəki Peyğəmbər səhabələrinə, xüsusi ilə də bəni-Üməyyəyə müraciət edib, onları həmkarlığa çağırdı. Bütün bu adamlara ayrı-ayrılıqda məktublar yazıldı. Amma bəni-Üməyyədən başqa onun çağırışlarına müsbət cavab verən olmadı. Hətta Abdullah ibn Ömər açıq-aşkar bildirdi ki, Müaviyənin hiylələrindən xəbərdardır və onun Osmana qəsdən kömək etmədiyinə əmindir.

Bəzi səhabələr və bir çox başqaları Müaviyəyə Abdullahın cavabına oxşar cavab verdilər. Bəni-Üməyyədən başqa bütün müraciət olunanlardan rədd cavabı alındı. Müaviyə anlayırdı ki, öz məqsədinə asanlıqla çata bilməyəcək və Əli (ə) ilə üzbəüz gəlmək hər adamın işi deyil. Çünki həzrət Əli (ə) bütün baxımlardan Müaviyədən üstün idi. Müaviyə nə zöhd və elmdə, nə şücaət və qəhrəmanlıqda Əli (ə) ilə müqayisə oluna bilməzdi. Həzrət Peyğəmbərə yaxınlıq baxımından da Müaviyə çox zəif mövqeyə malik idi. Düşüncə sahibi olan hər bir insan üçün Əlinin Müaviyədən üstünlüyü aşkar bir həqiqət idi. Yalnız insanları ağıldan məhrum etməklə Müaviyənin üstünlüyünə inandırmaq olardı.

Bəzən təsəvvüründə canlandırırdı ki, döyüş meydanındadır və Əli onu mübarizəyə çağırır. Bu düşüncə onu lərzəyə salırdı. Ölümünü gözünün qarşısına gətirsə də, hakimiyyət istəyi onu rahat buraxmırdı.

Müaviyə bir müddət bu düşüncələr içərisində tənha qaldı. O məqsədinə çatmaq üçün münasib yol tapa bilmirdi. Nəhayət, qardaşı Ütbə ibn Əbu-Süfyan dedi: «Bu məsələnin yeganə həll yolu Əmr Ası işə qoşmaqdır. Çünki o siyasət və hiylə baxımından ərəblər arasında məşhurdur. Hiyləyə əl atdıqda avam xalqı aldatmaq asan olur. Xalqın ağlını oğurladıqdan sonra onu öz üstünlüyünə inandırmaq olar».

Müaviyə dedi: «Əmr As mənim bu dəvətimi qəbul etməz. Çünki o da bilir ki, Əli bütün baxımlardan məndən üstündür». Ütbə dedi: «Sən Əmri pul və vəd ilə aldat, Əmr də xalqı aldatsın!»

Müaviyə qardaşının təklifini bəyəndi və həmin vaxt Fələstində olan Əmr Asa məktub yazdı. Məktubun məzmunu belə idi ki, mən Osman tərəfindən Şamda hakiməm, Osman da Peyğəmbərin xəlifəsi idi; o evində susuz və məzlum halda öldürüldü; sən bilirsən ki, müsəlmanlar onun qətlinə görə qəmlidirlər; Osmanın qanını almaq lazımdır; mən səni bu intiqamda iştirak etməyə çağırıram; bu işdə böyük mükafat və savabın olacaq!»

Müaviyə ilk əvvəl Əmr Asa öz məqsədini açmaq istəmədi. Əmr Ası dəvət etməkdə yeganə məqsədi müharibədə qələbə qazanmaq üçün onun vücudundan istifadə etmək idi. Amma ərəblər arasında hiyləgərlikdə misli olmayan Əmr Müaviyənin məktubunu oxuyan kimi onun əsl məqsədini anladı və Müaviyəyə belə bir cavab yazdı: «Ey Müaviyə, məni haqqa qarşı, Əli ilə döyüşə çağırırsan. Hansı ki, həzrət Əli (ə) Peyğəmbərin qardaşı, canişini və varisidir. Sən ki özünü Osmanın hakimi bilirsən. Osman öldükdən sonra sənin hakimiyyətin başa çatıb». Əmr As öz məktubunda İslam, həzrət Əlinin imanı, həzrətin iştirak etdiyi savaşlar və onun hərbi xidmətləri haqqında danışırdı. O, Müaviyəyə Əli haqqında nazil olmuş ayə və hədisləri xatırladırdı. Məktubunun sonunda isə əlavə etdi ki, sənin məktubunun cavabı budur ki, mən yazdım.

Müaviyə gördü ki, onun oxu daşa dəyib və Əmr Ası qeyd-şərtsiz Fələstindən Şama gətirməyə müvəffəq olmayıb. O məcbur olub, yeni bir məktub yazdı və bu məktubda hər şeyi açıq şəkildə Əmr Asa bildirdi: «Ey Əmr, Təlhə və Zübeyrin Əli ilə savaşı haqqında eşitdin. İndi isə Mərvan ibn Həkəm Bəsrə əhlindən bir qrupu ilə mənim yanıma gəlib, Əli də məndən beyət istəyir. Gözümü sənin yoluna dikmişəm ki, bu məsələlər barədə söhbət edim. Özünü mənə yetirməkdə tələs, burada səni cah-cəlal, məqam gözləyir».

Müaviyənin məktubu Əmr Asa çatdıqdan sonra o öz oğlanları Abdullah və Məhəmmədi yanına çağırıb bu iş barədə onların rəyini öyrənmək istədi. Abdullah bu işə qarşı çıxdı, Məhəmməd isə atasının Müaviyənin yanına getməsini həvəslə qarşıladı. Əmr dedi: «Abdullah mənim axirətimi fikirləşdi, Məhəmməd isə dünyamı». Əmr As bu məsələləri gözəl anlasa da, axirəti yaddan çıxarıb, dünyaya üz tutdu. Dünya Əmr Ası qoca yaşlarında aldatdı və o Müaviyəyə qoşuldu. Hansı ki, onun ömründən cəmi altı il qalmışdı. Əmr hicri 42 (43) ildə Misir valisi ikən dünyasını dəyişdi.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin