I Oxucu: Mənim ürəyim
Hər payız dərdimi pıçıldayaraq,
Tökülür ağacdan sapsarı yarpaq.
Dinlə, o həsrətlə səslənən qovaq,
Mənim ürəyimdir, mənim ürəyim.
II oxucu:
Məhəbbət sonsuzdur, ömürsə qısa,
Nə olar, sədaqət əbədi qalsa!
Kimin ürəyində bir tel qırılsa,
Mənim ürəyimdir, mənim ürəyim.
I Oxucu:
Üzlərdə, gözlərdə sevgi oxunur,
Məhəbbət ürəkdən-ürəyə qonur.
Gözəllər gözündə o atəş, o nur
Mənim ürəyimdir, mənim ürəyim.
II Oxucu: Bulağam, suyumdan doyunca için!
Çəmənəm, mehriban-mehriban keçin!
Min çiçək içindən bir lalə seçin-
Mənim ürəyimdir, mənim ürəyim.
I Oxucu: Şairin qəlbində min bir dilək var,
Çələng toxumağa gül var, çiçək var.
Nə qədər dünyada sevən ürək var,
Mənim ürəyimdir, mənim ürəyim.
Şair nədən yazırsa-yazsın, onun şerinin ruhu, canı, mayası Azərbaycandır. Hətta uzaq mətləblərə toxunanda, başqa elləri təsvir edəndə də misraların arxasından ana yurd boylanır, ana torpağın nəbzi, nəfəsi duyulur. Həqiqi şair qəlbi, həqiqi yazıçı qəlbi, həqiqi tənqidçi qəlbi, alim qəlbi - ümumiyyətlə, yaradıcı insanın qəlbi, sahilsiz dəryaları andırır: Dəryanın sakit vaxtları da olur, fırtınalı vaxtları da. Sakit vaxtlarında belə onun dərinliklərində necə burulğanlar olduğunu heç kəs görmür.
Xalq şairi Nəbi Xəzri bütün ömrü boyu öz vətəninə, xalqına, milli mənəvi dəyərlərinə sadiq olan bir sənətkar olmaqla yanaşı, vətəninin ətirli güllərini, göz oxşayan, könül açan dağlarını, dərələrini, körpə kimi şirin-şirin uyuyan göllərini, Xəzərin günəşli, qumlu sahillərini, min bir nemət yetirən torpağını öz əsərlərində gözəl bədii üslubda tərənnüm etmişdir
Dostları ilə paylaş: |