Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə143/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   139   140   141   142   143   144   145   146   ...   195
Hacı ilə şeytan
Bir gün bir lotu adamın işi çox dala düşmüşdü. Günü çox pis keçirdi. Şeytanın ürəyi lotuya yandı. Yanına gəlib dedi:

– Lotubaşı niyə belə qəmginsən?

Lotu dedi: – Vallah, bir yandan gəlirim gəlmir, xərcliyim yoxdu, bir yandan borclu düşmüşəm, güzaranım çox pis keçir.

Şeytan dedi: ─ Qüssə eləmə, mən bir yaxşı ərəbi at olaram, apar məni sat, xərclə. Şeytan bunu deyib, vird oxuyub bir ərəbi at oldu. Lotu sevincək atın cilovundan yapışıb, şəhərə çıxartdı. Bir dövlətli Hacının qapısının qabağına gətirdi. Hacı eşiyə çıxanda gözü bir gözəl ata sataşdı.



Hacı dedi: – Lotubaşı, bu atı haradan almısan? Nə yaxşı atdı.

Lotu dedi: – Hacı ağa, bu atı əmirlərdən biri mənə bağış­layıb, satıram.

Hacı dedi: – Neçəyə deyirsən?

Dedi: – On min tümənə.

Hacı dedi: – Yaxşı atdı, amma bu qiymətə dəyməz.

Lotu dedi: – Hacı ağa, bundan artığa dəyər, pula ehtiyacım var ona görə satıram.

Oyan- buyan Hacı atı lotudan 8 min tümənə alıb evə apardı.

Hacı atın şövqündən yerdə-göydə durmurdu. Bir təmiz otağı boşaldıb, atı oraya bağladı. Pərvanə kimi onun başına dolanırdı, sığallayıb tumarlayırdı.

Axşamçağı özü atın cilovundan yapışıb, onu suvarmağa gətirir. At ağızını su axan lüləyə dayayıb içməyə başlayır. Hacı da ləzzət ilə ona baxaraq, ağzı ilə fışqırıq çalırdı. Bir də gördü atın ağzı, burnu su lüləsinin içinə girib. Hacı gördüyünə inana bilmirdi. O yekəlikdə atın başı bu darlıqda su lüləsinə necə girirdi. Dili tutulub mat qalmışdı ki, bir də gördü atın başı tamamilə su lüləsinin içindədi. Hələ atın boynu da yarıya kimi lüləyə girmişdi. Hacı hər nə gücü var idi cilovu çəkdi. Atın qabaq ayaqları da lüləyə girdi. Hacı çığırıb haray çəkdi. Uşaqlar Hacının dövrəsini alıb, işin nə yerdə olduğunu soruşdular.

Hacı dedi: – Nə olacaq, evim yıxılıb, səkkiz min tümənlik atım su içərkən girdi su lüləsinə.

Uşaqlar qah-qah çəkib güldülər, Hacını huya basaraq dedilər:

– Hacı, dəli olmusan, ya nədi? O yekəlikdə at nə cür bu darlıqda lülənin içinə girə bilər?

Hacı hirslənib uşaqları qovaladı ki:

– Dəli özünüzsüz, cədd-əbadızdı, hələ mənim öz dərdim özümə bəs deyil, mənə dəli adı da qoyursuz...

Bu zaman böyüklər yığılıb Hacını danlayıb dedilər:

– Hacı, sənin saqqalın ağarıb, nə üçün uşaqlara baş qoşursan?

Hacı dedi: – Axı bilmirsiz, mənim atım su içəndə, su lülə­sinin içinə giribdi. İndi bular da mənimlə baş-başa qovuşurlar ki, Hacı dəli olubdu.

Dedilər: – Axı, Hacı, sən özün bir fikirləş, gör o yekəliklə at nə cür bu darlıqda lülənin içinə girə bilər. Bu lüləyə barmaq da girə bilməz.

Hacı dedi: – Vallah, mən də bilirəm ki, ağıla sığışan iş de­yil, amma nə eləyim. Mən öz gözüm ilə gördüm ki, at bu su lüləsinə girdi.

Camaat dedilər: – Biçarə Hacı dəli olubdu.

Hacı bu sözü eşitdikdə, genə də hirslənib xalqa hücum gəti­rərək yamanlanmağa başladı. Xalq da onu huya basıb, oynat­mağa başladı. Bu zaman məmurlar gəlib, Hacını tutub idarəyə apardılar. Orda davanın səbəbini soruşduqda, Hacı qəziyyəni onlara da nəql elədi. Qazi başını tovlayıb dedi:

– Hacını dəlixanaya aparın, qalar evdə arvad-uşağa sədəmə vurar. Yaxşı olandan sonra evinə qaytarın.

Hacı dəlixanada özünü dəlilər arasında gördükdə, vəhşətə düşüb çığırıb səs salmağa başladı ki: – Axı, mənim haram dəlidi, məni niyə buraya salmısız?

Məmurlar dedilər: – Hacı, eyb eləməz, inşallah tezliklə toxtarsan.

Sabah doktor gəlib Hacı ilə keyf-əhval etdikdən sonra bir qədər danışdı. Hacı sağlam adamlar kimi ona cavab verirdi.

Doktor dedi: – Hacı, məncə səndə heç nə yoxdu, mən təəccüb edirəm ki, səni buraya salıblar.

Hacı dedi:

– Doktor, vallah, mənim heç nəyim yoxdur, fəqət bir haqq söz danışdığım üçün məni gətirib buraya salıblar.

Doktor dedi:

– O haqq söz nədi?

Hacı dedi:

– Sözün düzü bir gözəl at almışdım. Apardım suvaram, əvvəlcə başı, sonra da tamam bədəni su lüləsinin içinə girərək qeyb oldu.



Doktor gördü ki, ağlı çox da salim deyil. Gətirib bir neçə iy­nə vurdu. Sonra da neçə nəfər Hacının dostlarından onun dəli ol­duğunu soruşmaq üçün gəldilər. Çoxlu söhbət etdikdə, hamısı təəccüb etdilər ki, Hacı bu ağıl-huşu ilə nə üçün dəlixanaya salı­nıb. Ancaq fəqət at barəsində dediyi sözlər onun dəliliyini göstərirdi.

Onlardan bir neçəsi doktorun yanına gəlib, ona dedilər ki, Hacının hər zadı düzgün və öz yerindədi, fəqət bu at barəsində danışanda çaşır. İndi bir cürlük ilə, o kəlməni başından çıxardın getsin işinin dalınca.

Sabah doktor gəlib Hacıdan soruşdu:

– Hacı, at necə oldu?

Hacı dedi: – At girdi su lüləsinə.

Doktor göstəriş verdi, iki nəfər Hacını yerə uzadıb yoğun ağacla döyməyə başladılar. Hacının bağırtısı göyə çıxdı. Sabah doktor genə gəlib, Hacıdan soruşdu ki: – Hacı, at hara girdi?

Hacı dedi: – Su lüləsinə.

Doktor genə əmr elədi, Hacını saldılar kötək altına.

Bir aya qədər hər gün doktor Hacıdan bu sözü soruşdu. Hacı da bu cavabı verirdi və doktor da onu ağac altına saldırırdı ki, bəlkə bu sözü başından çıxarda. Bir gün dostlardan biri Hacının yanına gəldi, gördü Hacı bir dəri, bir sümük olubdu.

Soruşdu ki: – Hacı niyə belə olubsan?

Hacı dedi: – Bəs ki, məni döyüb incidirlər.

Dostu dedi: – Nə üçün səni vururlar?

Hacı dedi: – Mən bir at almışdım. At su içəndə girdi su lüləsinə. Odu ki, gündə məni vururlar ki, niyə deyirsən at girib su lüləsinə.

Dostu dedi: – Hacı elə şey olmaz ki...

Hacı dedi – Axı mən öz gözümlə gördüm ki, at girdi su lü­ləsinə.

Dostu dedi: – Tutax ki, düz deyirsən. Amma sən görürsən ki, bu söz üstə gündə səni döyürlər, demə, yoxsa, bu kötəklərin altında ölərsən.

Hacı bir az düşünüb, dedi: – Sən düz deyirsən, bunlar məni öldürərlər. Sabahdan daha demərəm. Sabah doktor gəlib soruşduqda Hacı dedi:

– At əlimdən qurtarıb qaçıb.

Doktor dedi: – At su lüləsinə girməyibdi?

Hacı dedi: – Əlbəttə ki, yox. O yekəlikdə at necə su lüləsinə girə bilər?

Doktor sevinib dedi: – Hacı yaxşı olubdu, daha boşlayın getsin. Hacı evinə qayıtdıqda, su lüləsinin qabağından keçəndə bir də gördü ki, atın qulaqları və burnu su lüləsindən eşiyə çıxıbdı. Dedi:

– Mən bilirəm ki, sən oradasan, amma o kötəklərin qor­xusundan daha deyə bilmərəm.




Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin