Həqq mənəm, həqq məndədir, həqq söylərəm (İmadəddin Nəsiminin 650-illik yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait) zaqatala-2019


İmadəddin Nəsimi haqqinda maraqli faktlar



Yüklə 84,47 Kb.
səhifə6/13
tarix10.01.2022
ölçüsü84,47 Kb.
#108487
1   2   3   4   5   6   7   8   9   ...   13
İmadəddin Nəsimi haqqinda maraqli faktlar
Azərbaycanın böyük alimlərindən olan mərhum akademik Ziya Bünyadov elmdə həmişə öz orijinal araşdırma və məqalələri ilə yadda qalıb. Uzun müddət Şərqşünaslıq İnstitutunun direktoru və Milli Elmlər Akademiyasının vitse-prezidenti olmuş alim xilafət dövrünün və VII-XIII əsr Azərbaycan tarixinin tədqiqatçısı idi. Ensiklopedik zəka sahibi olan alim bununla yanaşı, orta əsr Azərbaycan tarixi, Şərq fəlsəfəsi və İslam mədəniyyəti barədə də geniş araşdırmalar aparıb. Bu araşdırmaların hər biri orijinal elmi məqalə xarakterli olub. Həmin məqalələrdən sonra alimlər tərəfindən tarixə yeni və əsaslı baxış, elmi yanaşmalar olub. Ziya Bünyadovun araşdırmalarından biri də orta əsrlərin böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin ölümü ilə bağlıdır. Çoxumuza ədəbiyyatdan və Nəsimi haqqında çəkilmiş filmdən məlumdur ki, şairi diri-diri edam edib, dərisini soyublar. Amma Ziya Bünyadovun məqaləsində Nəsimi barədəki bu məlumatlara yeni yanaşma öz əksini tapıb. Akademik Nəsiminin edam olunmağı və dərisinin diri-diri soyulmağı barədə məlumatları təkzib edib. Ziya Bünyadov məqaləsində Nəsiminin necə öldürülməsi ilə bağlı qənaətlərin zəifliyi və bizə gəlib çatan materialların azlığından şikayət edir. Bildirir ki, müasir Azərbaycan şərqşünasları Nəsiminin edamına aid faktları yalnız türk alimi Əbdülbaqi Gölpınarlının “İslam ensiklopediyasında”kı “Nəsimi” adlı məqaləsindən götürüb və bununla da kifayətləniblər. Ziya Bünyadov Nəsiminin məhkəməsində kimin onun əleyhinə danışması, həmin adamlara Nəsiminin nə cavab verməsi barədə məlumatların yoxluğundan şikayətlənir və öz məqaləsində bu məsələyə aydınlıq gətirməyə çalışıb. Modern.az saytı mərhum akademikin bu orijinal fərziyyəni əks etdirən məqaləsini təqdim edir. Məqalə Ziya Bünyadovun ölümündən çox sonra,

Şərqşünaslıq İnstitutunun orqanı olan “Azərbaycan Şərqşünaslığı” jurnalının 2009-cu ildəki birinci nömrəsində çap olunub. “İndiyə qədər Nəsiminin ölümü haqqında xəbər bizə yalnız türk alimi Əbdülbaqi Gölpınarlının “İslam Ensiklopedisi”ndə dərc olunmuş “Nəsimi” adlı məqaləsindən bəllidir (Bax: “İslam Ansiklopedisi”, İstanbul, 1964, cild 9, səh. 206-207). Məqalədə qısaca deyilir ki, Nəsiminin məhkəməsi və qətli məmlük sultanı əl-Müəyyəd Seyfəddin Şeyxin hakimiyyəti (815-824 hicri və ya 1412-1421-ci miladi illər) və Hələb valisi Yaşbək ibn Abdulla əl-Yusifinin dövründə (818-824 hicri və ya 1414-1424-ci miladi illər) olub. Bu məlumat alimlərimiz tərəfindən sözsüz qəbul olunur və eynilə bütün tədqiqatlara köçürülür. Lakin Nəsiminin məhkəməsi necə keçib, kim əleyhinə danışıb, özü nə cavab verib, qətli haqda sərəncamı kim verib – bütün bunlar oxuculara bəlli deyil. Bundan başqa, Nəsiminin adı və haralılığı haqda məlumat da müxtəlif ərəb mənbələrində müxtəlifdir. Ərəb müəllifləri İbn Həcər Əsqəlani (1372-1449) “Ənba əl-qumr biəbna əl-umr” (“Həyat oğulları haqqında dolğun bilgi”), Şəmsəddin Səxavi (1427-1497) “əd-Da`əllami liəhl əl-qərn ət-tasi” (“9-cu hicri əsrinin əhli üzərinə parıldayan işıq”) və İbn əl-İmdad əl-Hənbəli (öl. 1678) “Şəzərat əz-zəhəb fi əxbari min zəhəb” (“Ölüb gedənlər haqqında xəbərlərdən qızıl dənəciklər”) əsərində aşağıdakı məlumatı verirlər: “820-ci (1417) ildə Hələbdə yaşayan Şeyx Nəsiməddin Təbrizi öldürülmüşdür. O, Hələbdə hürufiyyə məzhəbinin şeyxi idi. Orada onun məsləkdaşlarının sayı artır, küfrü intişar edir və şöhrət qazanır. Onun sərəncamları sultan əl-Müəyyəd Şeyxin onu öldürmək haqqında əmrinə qədər yerinə yetirilirdi. Onun başını kəsib, dərisini soydular və cəsədini çarmıxa çəkdilər”. Beləliklə, üç ərəb orta əsrlər müəllifləri Nəsiminin adını İmadəddin yox, Nəsiməddin kimi və yer mənsubiyyətini Nəsimi və ya Şirvani yox, Təbrizi kimi qələmə alırlar. Yalnız 1920-ci ildə vəfat etmiş Məhəmməd Raqib ibn Mahmud ibn Haşim ət-Təbbaq əl-Hələbinin “İlam ən-nubəla bitarix Hələb əş-Şəhra”

(“Ali cənabların Boz Hələbin tarixi haqqında məlumatları”) adlı əsərində (Hələb, III c., 1925, s.15-16) Nəsiminin məhkəməsi və qətli haqqında bir qədər müfəssəl məlumat verilir. Ancaq bu məlumatıda Məhəmməd Raqib 1479-cu ildə vəfat etmiş Əbuzər Əhməd ibn Burhan İbrahim Sibt ibn əl-Hələbinin “Künüz əz-zəhəb fi-tarix Hələb” (“Hələb tarixinə dair qızıl xəzinələr”) adlı əsərindən götürüb. Təəssüf ki, son əsər bizə gəlib çatmayıb.

Lakin ehtimal etmək olar ki, Məhəmməd Raqib Nəsimi haqında məlumatı xətərsiz köçürüb.



Məlumatın mətni belədir: “İmadəddin Nəsiminin qətli hekayəsi: “Künüz əz-zəhəb”də deyilir ki, zındıq Nəsiminin qətli əmir Yaşbək ibn Abdulla əl-Yusifinin vaxtında olub. Ona qarşı ittiham Hələbin Ədalət Sarayında şeyximiz ibn Xətibin və Şəmsəddin ibn Əminnəddövlənin hüzurunda irəli sürülüb. Həmin zaman şeyxin naibi İzzəddin, malikilərin qazılar qazısı Fətxəddin və hənbəlilərin qazılar qazısı Şihabəddin də orada olub. Nəsimi bir para ağılsız adamları azdırıb yoldan edib və bunlar onun küfrünə, zındıqlığına və mülhidliyinə (çoxallahlılıq) qoşularaq, onun ardınca gediblər. İttiham ilə onun əleyhinə hənəfilərin qazılar qazısı İbn əş-Şənqasi çıxış edib. Bu hadisə qazıların və Hələb şəhəri üləmalarının hüzurunda baş verib və naib Yaşbək ona (Nəsimiyə – Z.B.) deyir: “Sən öz dediklərini sübuta yetirməlisən, yoxsa mən səni öldürəcəyəm!”. Bu sözləri eşitcək İbn əş-Şənqasi ittihamdan imtina edir. Nəsimi isə iki dəfə kəlmeyi-şəhadət deməkdən savayı başqa bir söz demir və özünə qarşı deyilənləri inkar edir. Bu anda hənbəlilərin şeyxi Şihabəddin durub malikilərin qazısı Fətxəddindən yuxarı başda oturub və həmin məclisdə fitva verib ki, Nəsimi zındıqdır və tövbəsi qəbul olunmadan öldürülməlidir. O (Şihabəddin – Z.B.) Fətxəddindən yuxarı başa keçib oturarkən Fətxəddin özünü ondan yan çəkir və Şihabəddin ona deyir: “Nə üçün də onun qətlinə fitva verilməsin?” Fətxəddin isə ona deyir, olmaya öz əlinlə ona ölüm hökmü yazmaq istəyirsən?” Şihabəddin: “Bəli!” deyə cavab verir. Sonra o, fitva sənədini tutub yazır və öz yazısını şeyximiz ibn Xatibə və iştirak edən qalan qazı və üləmalara təqdim edir. Onlar isə onun fitvasına razılıq vermirlər və Fətxəddin ona deyir: “Qazı və üləmalar səninlə razı olmadıqları halda, mən sənin sözünlə ona necə ölüm hökmü kəsə bilərəm?” Əmir Yaşbəksə söyləyir: “Mən onu öldürə bilmərəm, çünki sultan Əl-Müəyyəd göstəriş verib ki onu (sultan – Z.B.) məsələdən xəbərdar edim. Belə ki, mən sultanın Nəsimi barəsində nə kimi sərəncam verəcəyini gözləməliyəm”. Məclis bununla dağılır və Nəsimi naib Yaşbək yanında, ədalət sarayında dustaq qalır. Onun işi ilə sultan əl-Müəyyədi tanış etdilər. Bundan sonra Yaşbəkə göstəriş gəlir ki, dustaq zindana köçürülsün. Nəsimini aparıb qala həbsxanasına salırlar. Sonra isə Sultan əl-Müəyyədinin sərəncamı gəlir çatır ki, Nəsimi öldürülüb dərisi soyulsun və yeddi gün Hələbdə car çəkilib əyan edilsin, sonra da cəsədi parça-parça edilsin: bir qismi Əlibəy Zülqədərə və onun qardaşı Nəsrəddinə göndərilsin. Belə ki, Nəsimi onların da inamlarını pozmuşdu. Nəsimi ilə elə belə də etdilər. O kafir, mülhid bir adam idi. Allah bizi onun söz və əməllərindən hifz edib qorusun! Amma onun lətif şeirləri vardır!” Bu sözlərdən sonra Məhəmməd Raqib yazır: “Mən deyirəm ki, Nəsimi onun adı ilə tanınmış təkyədə dəfn olunub, bu təkyə Hələbin əl-Ferafire məhəlləsində “Sultan hamamı” adı ilə məşhur olan hamamla üzbəüz və hökumət evinin yanındadır. Bu təkyəni idarə edən şeyxlər ona “Nəsimi təkyəsi” deyirlər”. Bu mötəbər məxəzlərdən gətirilən məlumat göstərir ki, Nəsiminin diri-diri dərisinin soyulması sonralar xalq tərəfindən yaranmış bir əfsanədir və geniş kütlənin ona olan hüsn-rəğbətinin rəmzidir. Bu əfsanəyə isbat edilmiş bir elmi məlumat kimi və ya tarixi bir fakt kimi baxmaq yanlışdır.

Müəllif: Samir Faziloğlu

 

1417-ci ildə Nəsiminin mühakiməsi zamanı Hələb qaziləri və divandakı digər sözükeçənlər arasında ona ölüm cəzası verilməsinə dair qərar qəbul olunmasında yekdillik əldə edilməmişdi. Bu barədə düzgün məlumat verən məşhur ərəb tarixçisi, sizin həmyerliniz Müvəffəqəddin Əhməd ibn İbrahim əl Hələbi «Künuzüz-zəhəb, tarixi-Hələb» adlı əsərində mötəbər sənədlərə əsaslanaraq göstərir ki, dinsizliyi barədə əsassız ittihamları rədd edən Nəsimi bu zaman kəlmeyi-şəhadət gətirmişdir. Hakimlərin əksəriyyəti şairə rəğbət bəsləmiş, onun edamına razı olmamışlar. Buna baxmayaraq, Misir sultanı Məmlük ibn Müəyyədin fərmanı ilə böyük şair dəhşətli bir tərzdə edam olunmuşdur.



Dərisinin soyulması kimi ən ədalətsiz hökm çıxaran bədnam hakimi sanki vaxtilə irəlicədən görən Nəsimi bəşər adına ləkə olan bu cür tiranları böyük cəsarətlə rüsvay etmişdi:

Ey qılan dəva ki, şahəm, ədlü-insafın hanı?

Çün səfa əhlindən oldun, məşrəbi-safın hanı?

Əqidəsi uğrunda mübarizədə son nəfəsinə qədər öz amalına sadiq qalan, bu yolda ölümün gözünə dik baxıb edamını da mərdanəliklə qarşılayan böyük təfəkkür və sarsılmaz iradə sahiblərinin şərəfli adlarını tarix öz pozulmaz səhifələrinə qızıl xətlə yazıb unudulmağa qoymur.

Öz məşum, faciəli taleyi ilə Nəsimi bəşər tarixində nə birinci idi, nə də sonuncu. Ərəb fəlsəfi fıkrinin görkəmli nümayəndəsi, sufi mütəfəkkir Həllac Mənsur cəmiyyətdəki münasibətlər, insanın əxlaq və mənəviyyatı haqqında öz şəxsi qənaətlərinə axıradək sadiq qaldığı üçün hələ 918-ci ildə Bağdadda dar ağacından asılmışdı. Böyük çex sənətşünas alimi, Praqa Universitetinin rektoru Yan Qus öz islahatçı fikirlərindən dönmədiyi üçün 1415-ci ildə diri-diri tonqalda yandırılmışdı. İtalyan filosofu, şair Cordano Bruno kainatın quruluşu haqqında obyektiv elmi qənaətlərindən imtina etmədiyi üçün 1600-cü ildə diri-diri tonqalda yandırılmışdı. Məşhur ispan şairi və dramaturqu Qarsiya Lorka öz mübariz azadxah fikir və əməllərilə faşistlərə meydan oxuduğu üçün 1936-cı ildə Qranadada edam edilmişdi. Tatar şairi Musa Cəlil isə şeirlərində parlaq əksini tapmış antifaşist qənaətləri üstündə 1944-cü ildə Berlin zindanında edam olunmuşdu.

Göründüyü kimi, sənətini, elmini, istedadını özü üçün həyat və mübarizə amalına çevirmiş böyük simalar cərgəsindən tarix vaxtaşırı qurbanlar tələb etmiş, bəşəriyyətin barmaqla sayılan qədər nadir övladları bu fədakar addımı atmışlar… Onlardan birinin mübarək məzarı Hələbdədir.

Azərbaycanın xalq şairi Rəsul Rza keçən əsrin 60-cı illərində çox böyük çətinliklərə sinə gərərək Hələb şəhərinə gəlib Nəsiminin qəbrini ziyarət etmiş, öz təəssüratını Bakıda çıxan «Ədəbiyyat və incəsənət» qəzetində bu ad altında nəşr etdirmişdi: «Cahana sığmayan şairin qərib məzarı». Rəsul müəllim Şirvanşahlar dövlətinin qədim paytaxtı Şamaxıdan pərvazlanmış Nəsiminin qəbrini görəndə onun həssas qəlbi çox kövrəlmiş, qəriblik duyğuları şairimizə güc gəlmişdi. Bu gün biz Hələbin qədim guşələrindən birini, tarixlər şahidi Nəsimi xiyabanını dolaşanda, burada Nəsiminin nəsilləri, soyadı ilə yaşayan sakinlərlə ünsiyyətdə olanda, şair babamızın qəbrinin böyük ehtiramla qorunduğunu, onun parlaq xatirəsinə həssas və qayğıkeş münasibəti görəndə Rəsul Rzanın bizim üçün əziz olan ruhuna təsəlli verərək deyirik: Nəsimi, həqiqətən də öz qədirşünas doğmaları arasındadır! Hələ 1970-ci illərin əvvəllərində Azərbaycanın təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin dünya miqyasında keçirilməsi barədə YUNESKO-nun xüsusi qərar qəbul etməsi böyük şairimizin halal şöhrətini daha da artırmış, dəfələrlə həm onun öz əsərləri, həm də həyatı, bədii irsi və fəlsəfi qənaətləri haqqında kitablar Azərbaycan, ərəb, fars, rus, ingilis, fransız dillərində nəşr olunmuşdu. Bu yubiley Bakıda və Azərbaycanın bütün digər bölgələrində, vaxtilə tərkibində olduğumuz Sovet İttifaqının paytaxtı Moskva şəhərində, İttifaqlar Evinin Sütunlu zalı deyilən möhtəşəm bir salonda böyük təntənə ilə qeyd edilmişdi. Bu tədbirlərin bir çoxunda o zamankı Rusiya, Avropa və Amerikanın, Yaxm Şərq ölkələrinin məşhur şair və alimləri, Nəsimi irsinin görkəmli tədqiqatçıları, Azərbaycana o zaman rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyev iştirak etmiş, Bakıda Nəsiminin əzəmətli heykəli ucaldılmışdı. Paytaxtımızm ən gözəl və izdihamlı rayonlarındandan biri artıq 40 ildir ki, ulu Nəsiminin ölməz adını daşıyır. Ölkəmizdə Nəsiminin xatirəsinin əbədiləşdirilməsi tədbirləri davam edir. Lap bu yaxınlarda şairin doğulduğu Şamaxı şəhərinin gözəl mənzərəli guşələrindən birində onun müəzzəm abidəsi ucaldılmışdır.

Azərbaycan Respublikasının prezidenti möhtərəm cənab İlham Əliyevin təşəbbüsü və dost Suriya hökumətinin razılığı ilə, inşaallah, Nəsiminin məzarı yaxın vaxtlarda əsaslı şəkildə təmir edilib yüksək səviyyədə təravətləndiriləcəkdir. Bu tədbir əlbəttə, ilk öncə Azərbaycanın, Suriyanın və bütün Yaxın Şərqin dahi klassiki İmadəddin Nəsiminin ruhunu şad edəcək, şairin istedadının pərəstişkarlarını çox sevindirəcəkdir. Lakin biz ürəkdən inanırıq ki, bu tədbir, habelə Azərbaycan və Suriya yaradıcı ziyalılarının, mədəniyyət xadimlərinin, alimlərinin birgə keçirdikləri beynəlxalq konfransda ölkələrimiz arasında dostluq tellərini daha da möhkəmlədəcək, qarşılıqlı get-gəllərimizi çoxaldacaq, sülhün və xalqlar dostluğunun yeni təntənəsinə çevriləcəkdir!

***


Yüklə 84,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin