Humanitar fənər


NATİQLİK SƏNƏTİNİN TARİXİNDƏN



Yüklə 269,93 Kb.
səhifə35/161
tarix31.12.2021
ölçüsü269,93 Kb.
#112885
1   ...   31   32   33   34   35   36   37   38   ...   161
ADİAK dərs vəsaiti

NATİQLİK SƏNƏTİNİN TARİXİNDƏN

Natiqlik sənəti yeni eradan əvvəl bir sıra Şərq ölkələrində - Çində, Hindistanda, Misirdə və s. meydana gəlsə də, lakin elm və mədəniyyətdə böyük simalar yetişdirən Yunanıstan gözəl danışığın, təntənəli, bəlağətli nitqin, natiqliyin, nitq mədəniy- yətinin vətəni hesab olunur. Natiqlik haqqında ilkin məlumata əfsanəvi yunan şairi Homerin (b.e.ə. XII-XI əsrlər) “İliada” və “Odisey” əsərlərində rast gəlirik. Sonralar Sokrat (e.ə. 469-399), Platon (Əflatun, e.ə. 430- 347), Aristotel (Ərəstun, e.ə. 384-322), Demosfen (e.ə. 384-322) fəlsəfi və humanitar elmlərin bu gün də öz qiymətini saxlayan həmişəyaşar nümunələrini yaratmışlar, natiqlik sənətini, onun nəzəriyyəsini, təlimini əsaslandırmış və sistemləşdirmişlər. Həmin dövrdə Yunanıstanda məhkəmə iclasları, bayramlar, tamaşalar, mərasimlər, idman yarışları-Olimpiadalar açıq havada, çoxsaylı insanlar arasında keçirildiyindən xalqın hörmətini qazanmış natiqlər çıxış edir, tədbirə münasibət bildirir, xalqı ümumi həmrəyliyə çağırırdılar. Bu dövrdə 14 illik natiqlik məktəbləri (7 yaşdan 21 yaşadək) təşkil olunurdu. Belə məktəblərdə fəlsəfə, məntiq, dilçilik, ədəbiyyat və natiqlik sənəti öyrədilirdi. Özü 20 il Platonun şagirdi olmuş Aristotel 343-335-ci illərdə Yunanıstanın gələcək hökmdarı İsgəndərin təlim-tərbiyəçisi işləmiş, məntiq, psixologiya, təbiətşünaslıq, etika, siyasət, tarix, poeziya və ritorikaya aid neçə-neçə qiymətli əsər yazmışdır. O, “Siyasət”, “Poetika”, “Məntiq”, 3 kitabdan ibarət “Ritorika” əsərləri ilə nitq mədəniyyətini elm səviyyəsinə qaldırmış, insan nitqi və onun fəlsəfi problemlərini üslub məsələləri ilə əlaqələndirmiş, natiqlik sənətinin əsaslarını, ritorikasının elmi sistemini işləmişdir.

Nitq mədəniyyətinin mədəni nitq, tələffüz mədəniyyəti, söz seçmək mədəniyyəti, düzgün danışmaq və yazmaq mədəniyyəti olmasını Demosfen öz şəxsi həyatında, öz üzərində illərlə gərgin çalışmaqla sübut etmişdi. Adamlar kiçik boylu, zəif, cır səsli Demosfeni ilk çıxışında axıradək danışmağa qoymurlar. İkinci çıxışında da o, uğur qazana bilmir; sifəti, qulaqları, boynu qıpqırmızı pörtür. Adamlar qızardığını görməsin deyə əlləri ilə üzünü örtməyə, qulaqlarını ovuşdurmağa, əl-qol atmağa məcbur olur. Bunlar ona son dərəcə ağır təsir edir. Lakin natiq olmaq arzusundan əl çəkmir. Demosfen aktyor dostunun məsləhəti ilə öz üzərində gərgin işə başlayır. Dəniz sahilində ağzına xırda daşlar dolduraraq yüksək səslə aydın danışmağa, öz səsi ilə dəniz dalğalarının səsini boğmağa çalışır; çiyinlərini atmaq vərdişindən qurtarmaq üçün tavandan asılmış iti nizələrin altında durub danışır. Gərgin əmək, fasiləsiz məşqlər öz bəhrəsini verir; artıq yığıncaqlarda ona böyük həvəs və sonsuz maraqla qulaq asırlar. Demosfen çıxışlarına ciddi hazırlaşırdı. Çıxışlarını əvvəlcə yazır, sonra onu danışmağı öyrənirdi. O dövrün tarixçi-filosoflarının yazdığına görə Demosfen öz üzərində məhz gərgin çalışmaqla işgüzarlıq qabiliyyəti, böyük zəhməti, ciddi çalışqanlığı sayəsində anadangəlmə qüsurlarını islah edib məşhur natiq kimi şöhrət tapdı və ən məşhur natiq səviyyəsinə yüksəldi. Ondan üç yüz il sonra yaşamış Mark Tulli Siseron yazırdı: “Kim Demosfen olmaq istəmirsə, o, natiq deyil”. Aforizmə çevrilmiş bu fikirdən aydın olur ki, Demosfen kimi zəhmətə qatlaşmayan, öz üzərində gecə-gündüz, saatlarla, günlərlə çalışmayandan yaxşı natiq ola bilməz. Məhz belə zəhmətin, gərgin hazırlığın hesabına Demosfenin 61 nitqi, 56 çıxışı və 6 məktubu bu gün də dünya natiqlik mədəniyyətinin inkişafında əvəzsiz məxəzlər sayılır.

Natiq olmaq istəyənlərə Demosfeni nümunə göstərənlər demək istəmişlər ki, fitri qabiliyyət-istedad, ciddi səy, yaradıcılıq axtarışları aparmadan həyatda yüksək yer tutmaq mümkün deyildir. Demosfen özündə olan çatışmazlıqlara baxmayaraq (boyunun qısa olması, cır səsli, sısqa, danışarkən çiyinlərini atması və s.) natiq olmaq fikrindən əl çəkməmiş, ağır zəhmətə qatlaşaraq dözümlülük göstərmiş, yuxusuz gecələr keçirmiş, təmkinlə yaradıcılıq axtarışları aparmış, öz fiziki qüsurlarını aradan qaldırmışdır. Adı dillər əzbəri olmuş bu böyük natiqin həyatı, siyasi fəaliyyəti həm öz dövründə, həm də sonrakı əsrlərdə yetişən bir sıra görkəmli şəxsiyyətlər üçün bir örnəyə, bir ibrətamiz məktəbə çevrilmişdir. Demosfen daha çox tarixin yaddaşında Makedoniya çarı II Filipə, sonra isə onun oğlu İsgəndərə qarşı çıxışları ilə qalıb. Buna görə böyük fateh İsgəndər Demosfeni tutub edam etdirmək istəmişdi, lakin Afina camaatı sevimli natiqini sərkərdənin qəzəbindən qoruya bilmişdi. Dünya tarixində ən güclü natiq kimi məşhurlaşan Demosfen bütün ömrünü vətəninə həsr etmiş və onun azadlığı uğrunda mübarizədə həlak olmuşdur. Ölümündən 42 il sonra 280-cı ildə Afinada Demosfenin heykəli ucaldılmışdı. Lakin burada bir şeyi unutmamalıyıq ki, hər adam rəssam, bəstəkar, heykəltaraş, şair ola bilmədiyi kimi, natiq də ola bilməz. Natiq olmaq üçün də fitri qabiliyyət-istedad lazımdır, zəngin dünyagörüşünə malik olmaq vacibdir. Amma hər adam yox, istedadı olan şəxs öz üzərində ciddi çalışmaqla bu sənətin sirlərini dərindən öyrənərsə natiq ola bilər.

Natiqlik sənəti Yunanıstan mərhələsindən sonra Roma dövrünə qədəm qoyur. Eramızdan əvvəlki son yüzillikdə Roma Yunanıstanı işğal etməklə Ellin mədəniyyətinə də yiyələnir. Xüsusən humanitar elmlər estafetini qəbul edən Romanın filosof, alim və ictimai xadimləri poetika, qrammatika və ritori- kanın nəzəri problemlərini sistemləşdirirlər, natiqlik sənətinin incəliklərini və onlara yiyələnmək yollarını bütün incəliklərinə qədər izah və şərh edirlər. Mark Tulli Siseron (e.ə. 106-43), Qay Yuli Sezar (e.ə. 102-44), Mark Yuni Brut (e.ə. 85-43) və başqa alim və ictimai xadimlər Roma natiqlik sənətini bütün dünyada şöhrətləndirirlər.

Məşhur şərkərdə, natiq, dövlət xadimi, 49, 46, 44-cü illərdə dövlət başçısı seçilmiş Qay Yuli Sezar Romanın öz başçılığı altında elm qanunlarına uyğun dövlət olmasına çalışmış, müharibələrdə çox qanlar axıtmış və qalib gəlmişdi. Bu aman- sız diktator “Hall müharibəsi haqqında qeydlər”, “Vətəndaş müharibəsi haqqında qeydlər” adlı əsərlərində dövlətin rolunu cəmiyyətlə bağlamaqla yox, dövlət başçısının istəyi ilə qurmağı əsaslandırırdı. Yuli təqvimi islahatını həyata keçirmək üçün öz təklif və göstərişlərini vermişdi. Onun məhkəmələrdə vəkil kimi çıxışları stenoqramlaşdırılmış, indi də ilk nümunələr kimi saxlanılır və öyrənilir.

Demokratik fikirli ziyalı, siyasi xadim, yaş fərqlərinə baxmayaraq Qay Yuli Sezar və digər senatorlarla neçə illər dostluq etmiş Mark Yuni Brut natiqlik sənətinin sirlərini mükəmməl öyrənmiş, görkəmli natiq olmuşdur.

Antik dövrün ən məşhur natiqi, yazıçı, vəkil və görkəmli siyasi xadimi Mark Tulli Siseron özünün “Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlər haqqında” və “Natiq” traktatlarında natiqlik sənətinin tarixi, üslubiyyat və nitq mədəniyyəti məsələlərinin geniş izahını vermişdir. Roma natiqlik məktəbinin parlaq ulduzu Siseron iki suala cavab axtarırdı:




Yüklə 269,93 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin