İKİNCİ Kİtab 1917-ci ildə Bİr neçƏ SÖZ



Yüklə 0,99 Mb.
səhifə15/16
tarix22.10.2017
ölçüsü0,99 Mb.
#11298
1   ...   8   9   10   11   12   13   14   15   16

34
Üzvlər həmişəkindən bir az gec toplandılar. Həqqinin üzü tutqundu: qaşının biri əyilmişdi. Bu əyinti çox şeylər ifadə edirdi. Müslüm laübali bir tərzdə oturub, bığlarını bururdu. Bu da Rüstəmbəyin üzünə dık baxmağa cəsarət edə bilmirdi. Zeynalla Həsənoğlunda deyişiklik görünmürdü.

Rüstəmbəy məclisdəki ruhi övzaı duydu, lakin aldırmadı. Əvvəl tamamilə məsələyə aid olmayan mövzulardan bəhs edib, sonra fransız missiyasından danışdı:



  • Bizim üçün, - dedi, - hər bir təşkilatla əlaqəyə girmək mümkündür; lakin hər bir addımın bir məsuliyyəti var. Biz atdığımız addımdan məsul olduğumuzu unutmamalıyıq. Önümüzdə yüksək bir məqsəd var isə, hüsniniyyət sahibi olmalıyıq. Avantüristlər hər bir şeyə susayar; biz, zənn edirəm, bu məqsədi təqib etmirik...

Rüstəmbəy Qulunu nəzərdə tutaraq uzun-uzadı danışdı və nə kimi şəxsiyyətə malik olduğunu dəlil və isbatla göstərdi. Nəhayət, doğrudan-doğruya məsələyə keçdi.

  • Yoldaşlar, - dedi. - sizin çalışmanız sayəsində komitəmiz bir neçə ayın müddətində bütün Rusiya müsəlmanları arasında böyük bir şöhrət qazanmışdır. Burada yandırdığımız federasiya cırağının işığını ən uzaq yerlərdən görürlər. Bu xırda otaqdakı komitənin ziyarətinə, gələn hədsiz-hesabsız nümayəndəlar fikrimin doğruluğunu isbat etmirmi? Bu gün bu parlayan çırağı söndürmək istəyirlər. Sərf olunan' əməyi boşa çıxarmaq niyyətindədirlər. Buna razı olacaqsınızmı?..

Rüstəmbəyin nitqi sayəsində Müslüm yavaş-yavaş yığışdı, üzərindəki skeptik cizgilər ümid parlayışı ilə əvəz olunmağa başladı. Həqqi də dəyişildi; qaşları müvazinətini ehya edib, xoş bir əda belə aldı.

Həsənoğlu gülə-gülə:



  • Əşi, nə deyirsən? Ölməmişik, atalarını yandırarıq, - deyə Zeynalın çiyninə vurdu.

Rüstəmbəy klinikadakı məclisə keçərək:

  • Buradan bu saat Qulunun məclisinə gedirik. Bütün intriqalan kökündən kəsməliyik! Vəssalam! Biz basılmaq ücün deyil, qalib gəlmək

üçün meydana çıxdıq...

Məclisə ruh yuksəkliyi yayıldı, hər kəs özündə bir mübarizə coş qunluğu duydu. Rüstəmbəy gülərək bir əli ilə Müslümün, o birisi ilə

dəo Həqqinin kürəyinə vurub:


  • Haydı, - dedi, - bu axşam sizdən qəhrəmanlıq gözləyirəm! Tələbələr gülümsünərək, intizamlı bir əsgər kimi dik qalxdılar. Klinikada qəribə bir cəmiyyət toplanmışdı: samovar təmir edən ləzgilər, meymun gəzdirən urmiyalılar, köhnə paltar alan tatarlar, baqqallar, dəllallar. ictimai işlərdən qaçan bir neçə həkim və tələbə is bati-vücud edirdilər. Cabbar da təbii burada idi. Verilən cay və çərəz lərin bitməsindən qonaqların çoxdan gəlmələri bəlli olurdu...

Komitə üzvlərinin yekvücud olaraq gəlmələri Qulunu şaşırtdı. Ki nini gizlədə bilməyən əda ilə onlara yer göstərdi və ağızucu olaraq çay təklif etdi.

  • İçmirik, sağ ol! - deyə hamı bir səslə cavab verdi. Məclisə sükut çökdü. Cabbarın yanında oturan Rüstəmbəy ona yönələrək:

  • Cabbar, - dedi, - eşitdim, yer axtarırsan?

Cabbarın:

  • Hə! hə! - deyə gözlərinin bəbəkləri genəldi. - Varmı?

  • Var! Xarici sekretarlığı yanında əqəliyyət dairəsi düzəlir. Ora səni baş katib namizədi göstərmişəm.

Cabbann turş üzü şadlıqla parladı:

  • Mən ölüm? - deyə yalvarar bir vəziyyət aldı. Cabbarın bu halından istifadə etmək istəyən Rüstəmbəy sözü dəyişdi:

  • Ay Cabbar, - dedi, - bu nə oyundur?

Cabbar:

  • Boş işdir. Qulu komitəyə girməyə yol axtarır, - deyə piçıldadı. Rüstəmbəy gülümsünərək, geri çəkildi. Qulu xüsusi söhbətlərə xitam vermək üçün milli bir nitq söylədi. Axırda məclisə sədr seçilməsini təklif etdi. Rüstəmbəy:

  • Qulu ağsaqqaldır, biz onu təklif edirik.

Qulu Cabbarın namizədini irəli sürdüsə də, Cabbar boyun qaçırdı. Nəhayət, Qulu sədarəte əyləşdi. Yeni bir nitq başlandı, zamanın incəliyindən, hər bir millətin vəziyyətdən istifadə etməsindən, bizim də yatmamızdan bəhs etdi:

  • Biz də çalışmalıyıq, buradakı komitənin fəaliyyətini bilməliyik, qüvvəti çatmırsa, ona kömək etməliyik... - dedi.

Ləzgilər mürgü döyür, tatarlar boşqabların dibindəki şirni qırıntılarını ağızlarına atır, urmiyalılar əsnəyir - kimsədən də səs çıxmırdı. Cabbar da sakit oturaraq həp yeni alacağı vəzifə ətrafında düşünürdü.

Qulu məclisin kəsalətini dağıtmaq üçün ən mod, ən milli ifadələrə müraciət etdisə də, məqsədinə çata bilmədi. Nəticədə mücadile sahəsinin bir tərəfində Qulu, o biri tərəfındə isə milli komitə qaldı. Buna baxmayaraq Rüstəmbəy söz alıb komitənin fəaliyyətinə dair məruzədə bulundu. Nəticədə təsvibədici sözlər və razıhq qazandı.

Məclis dağıldı. Cabbar bir az da vaxtdan əvvəl qaçmışdı. Belə bir nəticə gözləməyən Qulu məğlub bir təbəssümlə Rüstəmbəyə yanaşıb, onun qoluna girdi:


  • Rüstəmbəy, - dedi, - ə, mən ölüm, bir yerdə işləyək. Axır, ayrılıq nəyə olsun ki?

Rüstəmhəy qolunu onun əlindən xilas edərək:

  • Qulu, - dedi, - bunu əvvəldən kişicəsinə deməli idin. Bu yolla bizə yanaşmaq olmaz. Fikrini həmişə açıq söylə.

Qulu səsində bir az kin ifadə edərək:

  • Axır siz də zemlyaçestvo xətli-hərəkəti ilə gedirsiniz. Belə olarrmı?

Rüstəmbəy qəti:

  • Düz yolu qoyub, əyri yolla getməkdən fayda çıxmaz. Komitə üzvləri ruhlarında qalibiyyət nəşəsi daşıyaraq, otağı tərk etdilər. Qulu onları mehriban bir halda təşyi edir və təkrar-təkrar:

  • Mən ölüm, bir yerdə işləyək, - deyirdi.



35
Rüstəmbəy gecə saat üçə qədər qədim yunan dövləti təşkilatına dair bir kitabın mütaliəsi ilə məşğul olmuşdu. Buna baxmayaraq, adəti üzrə sabah saat yeddidə oyandı. Ozündə bir ruh əzikliyi və bədbini hisslər duydu. Dünyanı sanki ələmlər bürümüş, yıxacaq yollar qalmamışdı. Zəhərli şübhələr ruhunu bulandırmağa başladı. Gözləri çarpayısının yanındakı kitab və qəzetlərə sataşdi; axşam onlara bəslədiyi həvəs indi tühafına gəldi. İçində yaşadığı tarixi hadisələr, siniflərin, zümrələrin və fərdlərin siyasi sahədə çarpışmaları ona qəribə göründü. O öz-özünə: "Insan nə tühaf məxluqdur: sanki dünyada başqa işlər yoxmuş da, qanlı vuruşmalarda, mücadilə və çarpışmalarda istirahəti-qəlb arayırmış!.. Yox, bu doğru yol deyil; özünə tərəf dönməli, şəxsi səadət aramalıdır!.."

Rustəmbəydə çoxdan bəri susmuş ikilik yenidən canlandı. Dəruni böhranlara qapılaraq, tənhalıq iztirabında alovlanmağa başladı. Bir də Musya bütün faciəli cazibəsi ilə xəyalını istila etdi.

Rüstəmbəy xəstə bir halla qalxıb, yanındakı zəngi basdı. Bir neçə dəqiqə sonra xidmətçi qız samovarı və o günkü qəzetləri gətirdi.


  • Maşa, bir az xəstəyəm, çayı ver burada içim.

Dəruni ağırlıqdan xilas olmaq üçün qəzetləri gözdən keçirdi: Brest-Litovskdakı sülh müzakirəsi uzun sütunlar məşğul etmişdi. Bunları gözdən keçirdikdən sonra Kiyev hadisələrini oxudu: Ukrayna hökuməti Kiyevi tərk etmək istəməyən bolşevik əsgərlərini həbs etmişdi...

Rüstəmbəy qezəti kənara qoyub, çay içməyə başladı. Saat on ikiyə yaxın Qulamrza gəlib Rüstəmbəyi yataqda gördü.



  • Yəqin, dincəlirsən? - deyə sordu.

Rüstəmbəy məyus bir halda:

  • Bilmirəm, - dedi, - yorğunam.

Qulamrza:

  • Bu gün səni, - dedi, - radada gözlədim, gəlmədin; dedim, yəqin xəstələnmisən.

Rüstəmbəy cəld:

  • Vacib bir işmi vardı?

  • Brestdən adam gəlib, bizlərdən birinin oraya getməsi lazım gəlir.

  • Nə üçün?

  • Sədri-əzəm Tələt paşa burada türk təşkilatı olduğunu bilmiş, bizlə görüşmək istəmişdir.

Rüstəmbəy gülümsənərək fıkrə daldı və birdən dedi:

  • Sülh konfransında bizim işimiz varmı?.. Kimin səlahiyyəti ilə gedəcəyik?

Qulamrza dəyişilib:

  • Sən məsləhət görmürsən? - deyə sordu.

Rüstəmbəy sakit səslə:

  • Məncə, lüzum yoxdur, - dedi və susdu. Bir az sonra: - Brestdən vacib işimiz çoxdur. Ukrayna istiqlaliyyətə doğru yürüyür. İndi bizim təbəələrin himayəsini rəsmi bir orqana tapşırmalıdır. Qulamrza Rüstəmbəyin fıkrini anlamayaraq:

  • Necə yəni? - deyə sordu.

  • Səfarətxana təşkil etməli və səni də səfir sifəti ilə hökumətə tanıtmalı.

Qulamrza Rüstəmbəyin sözlərinə inanmayaraq qəhqəhə çəkib güldü:

  • Canım, məni işə qoyma! - dedi.

Rüstəmbəy təkidlə:

  • Çəkinəcək bir şey yoxdur; səfir ol, camaatı başına topla.

Qulamrzanı fikir götürdü.

36
Bir neçə gün sonra yerli qəzetlərdə qısa olaraq: "Xariciyyə sekretarı Azərbaycan səfırini qəbul etdi", - deyə yazılmışdı. Röstəmbəy qəzeti büküb cibinə qoydu. Iki gündən bəri yağan qar davam edirdi. Yel olmadığı üçün hava lətifdi. Rüstəmbəy nəşəli bir halda Kreşşatikə doğru enırdı. Hər yerdə mağazaların rusca lövhələrini cıxarıb ukraynacasını asırdılar

Krımlı Əhməd əfəndi Rüstəmbəyə rast gəlib təzim etdi.



  • İşlər fənadır, əfəndi, - deyə şikayətləndi. İrəliki gün bunun bir araba ununu həcz etmiş imişlər. Rüstəmbəy çörəkçini diqqətlə dinləyib dedi:

  • Sabah komitəyə gəlin, kağız alın da, toxunmasınlar. Rüstəmbəy məsələni Qulamrzaya bildirdi. Bütün tacirlər üçün kağızlar hazırlanıb paylandı. Sonra Qulamrza türk tələbələrinin maddi vəziyyətinin ağırlığından bəhs etdi.

  • Axır vaxtlar işə də soyumuşlar, - dedi. - Çünki qarınları acdır. Rüstəmbəy birdən səsini dəyişərək:

  • Həsənoğlu gözümə görünmür, haradadır? Qulamrza cürətsiz bir səslə;

  • Burada yoxdur, - dedi və başını aşağı saldı. Qulamrzanın vəziyyəti Rüstəmbəyi maraqlandırdı. Təkidlə:

  • Doğrudan, haradadır? Qulamrza qızararaq:

  • Çox pulsuzlamışdı, saxarin alıb aparmışdır.

  • Qafqazamı getmişdir?

  • Zənn etməm. Don tərəf qarışıqdır, yolda qatarları soyurlar. Yəqin şimala getmişdir... Hər halda, bir yerdə satıb dönəcək.

Rüstəmbəy düşündü. Tələbənin qaçaqçılıq etməsi ona tühaf göründü. Dedi:

  • Bir müsamirə düzəltməliyik. Zənn edirəm, on-on beş min toplanar.

Qulamrza Rüstəmbəyin fikrini təsvib edərək:

  • İmranın bir yəhudi dostu var. Bu adam müsamirə düzəltməsi ilə məşhurdur. Xərcini də öhdələrinə götürürlər. Qazancı bölərik.

  • Yaxşı. Sən danış, işə başlayaq.

Bu əsnada Müslüm gəlib çıxdı. İslanıb aşağıya doğru sallanmış bığlarını düzəldərək sobanın yanına keçdi.

  • Qiyamətdir, - deyə əllərini qızdırmağa başladı. Rüstəmbəy ondan:

  • Haradan belə? - deyə sordu.

  • Radadan gəlirəm. İşlər xaraba bənzəyir: Ukraynaya qarşı bolşevik orduları hərəkət etmədə imiş. "Daxili işimizə qarışmayın", - deyə verdikləri notadan bir şey çıxmır.

Rüstəmbəyi fıkir götürdü. Qulamrza bir az sükutdan sonra:

  • Yanı, dava olar? - deyə Rüstəmbəyin üzünə baxdı. Rüstəmbəy ciddi sima ilə:

  • Davaya ehtiyac varmı? Bolşeviklər qarşıdakılarını içindən əridirlər. Bir də görəcəksən Ukrayna ordusu çökdü; çünki bolşeviklərin meydana atdığı şüarlara qarşı deyiləcək bir söz ola bilməz: aydın, gözəl! Yalnız. dövləti ənənəyə malik, qatı milli hissi olan bir millət, zənnimcə, müqavimət göstərə bilər.

Müslüm əlini-əlinə sürtərək güldü:

  • Siz öləsiniz, - dedi, - kişilər yaman adamdırlar! Əvvəl gözə görünməyib sonra bir də yerdən qaynayır, göydən yağır, aləm bolşevikə dönür.

Qulamrza da zarafata başlayıb:

  • Yəqin, çin deyilən bunlardır, - dedi.

Müslüm:

  • Cin də bunlardan qorxur! Rüstəmbəy ciddi simasını dəyişməyərək:

  • Bolşevikliyi doğuran şərait çoxdur, - deyə yerindən qalxdı.



37
Bolşevik-Ukrayna münasibəti gərginləşərək, kəskin bir şəkil almışdı. Yeni qurulmuş dövlət idarəsi yavaş-yavaş çözülür; ordu pozulub dağılmada idi. Terror başlamışdı: bolşevikliyə mənsub mühüm simalar oğurlanıb öldürülürdü.,. Nəhayət, gizli mücadilələr açıq bir şəkil aldı: iki tərəf də silaha sarılıb küçələrdə vuruşmağa başladı.

Rüstəmbəy iki gündü otağında oturub hadisələri pəncərəsindən seyr edirdi. Zahirən bir-birindən ayrılmayan, ikisi də əsgər, yaxud sivil geyimli adamlar biri digərini təqib edərək öldürür. Atışma səsindən qulaq tutulur. Evlərin içəri pilləkənlərinə toplanan kirəçilər min bir şayiə yayırdılar:



  • Bolşeviklər hökumət binasmı almışdır.

  • Ukraynalılar məktəbi səngər edən yüzlərcə bolşevikləri qırmışlar.

  • Olüləri toplamaq üçün mütarikə olmuşdur...

Qapıdan başlarını dışarıya göstərməyə belə cəsarət etməyən bu adamlar bir saat sonra yeni xəbərlər söyləməyə başlayırdılar...

Rüstəmbəy darıxırdı. Oxumağa həvəsi qalmamışdı. Otaq ona zindan kəsilmişdi.

Axşama yaxın atışma bitdi. İki gündən bəri evlərdə qapanan xalq küçələrə səpildi. Rüstəmbəy də çıxdı. Şəhərdə bolşeviklərin sakin olunması duyuldu.

Rüstəmbəy haman Qulamrzanın yanına qoşdu. Bəzi küçələrdə səngərlər yapılmışdı. Xalq qaynaşmada idi. Əlləri vedrəli su arayanlar, çörək dalınca qoşanlar ötüb keçmədə idi. Ara-sıra Ukrayna əsgərləri tərəfindən həbs olunmuş işçilər gözə çarpırdı. Sərt və inad baxışları ilə ətrafdakıları süzərək, güllələnməyə gedirdilər...



Bunları seyr edən Rüstəmbəyin dərunində yenə şübhəlor qaynaşmağa başladı. İnsan qanı tökülməsi onda ikrah hissi oyatdı. "Bu vəhşətlərə lüzum varmı?" - deyə düşündü və önündəki məfkurə zənn etdiyi parlaq ulduz sislərə batdı.

38
Komitə üzvləri bir yerə toplanaraq söhbətə məşğuldular. Nədənsə hamı nəşəli idi: ciddi danışıqdan çox zarafat meydan almada idi. Müslüm:

  • Gərəsən, Mametoviç necə oldu? - deyə fırlatdı.

  • Yəqin, bir xəlvəldə gizlənib məqam güdür. Rüstəmbəy:

  • Mametoviç zamanı deyil. Hadisələr min Mametoviç kimi zabitləri yuyub aparır. Həqqi:

  • Bizim müsamirə də Mametoviçin yanına getdi, - deyə qəhqəhə ilə güldü.

Qulamrza kibrit ucuna pambıq dolayıb, qulağını qurdalayaraq:

  • Pir olmuş, - dedi, - xalq bir-birini qırır, sən də toy axtarırsan. Bu gün-sabah bolşeviklər gələcək, Qulu bizə elə bir "müsamirə" düzəldəcək ki, dadı qiyamətə qədər damağımızdan getməyəcək.

Qulamrzanın zarafatı Rüstəmbəyi ciddi olaraq məşğul etdi. Qulunun komitə üzvlərinə qarşı kin bəslədiyini nəzərə alaraq dedi:

  • Doğrudan, uşaqlar, Qulu bizə xətər yetirəcək. Bunu bilməliyik. O ən kirli vasitələrdən belə istifadə edəcək...

Qulu məsələsi bir müddət yoldaşları məşğul etdi. Bir çox mülahizələr yürüdüldü. Nəhayət, məsələ yenə zarafatla bitdi. Qulamrza:

  • Ukraynalıların basıldığını duyar-duymaz, yığışıb Qulunun yanına gedərik, bir-iki də tüfəng peşkəş apararıq, - deyə qulağını qurdaladı.

Həqqi ayağını ayağının üstə mindirib:

  • Mənim xətrimi istəyir, - dedi, - sizi barışdıraram.

  • Barışan ilan deyil!..

Rüstəmbəy ciddi bir hal alaraq, zarafata xitam verdi:

  • Yoldaşlar, - dedi, - cari məsələlərimiz qaldı. Qulamrza haman kağızı götürüb masanın yanında yerləşdi. Rüstəmbəy qeyd etdiyi məsələləri oxuyub:.

  • Əlavəniz yoxdur ki? - deyə sordu. Həqqi zəif səslə:

  • Şəhər mühasirə halı alır. Yabançı adamları şəhərdən çıxarırlar. Necə olacağımızı düşünməliyik. Daha bundan böyük məsələ ola bilərmi?

Rüstəmbəy sakit bir halda:

  • Onu danışacağıq, - dedi və sonra əlavə olmadığını bilib:

  • Yoldaşlar, - dedi, - siyasi vəziyyət olduqca incədir. Xarkov alınmış və orada Ukrayna bolşevik hökuməti qurulmuşdur. Görünür, bolşevik orduları Kiyevə doğru yürümədədir. Çarpışma olacaq. Milli hökumət buna hazırlanmalıdır; düzülən batareyaları görmüsünüz. Vəzifəmiz bu qarışıqlıqdan salamat qurtarmaqdır. Bu günün məsələsi şəhəri təmizləyən komitəyə nümayəndə göndərməkdir...

Qulamrza Rüstəmbəyin sözlərini kəsərək:

  • Nümayəndənin vəzifəsi nə olacaq? - deyə sordu.

  • Vəzifəsi səndə adlar qeyd olunan qafqazlılara vəsiqə almaq. Bilirsən ki. əlində Ukrayna vəsiqəsi olmayanları tutub sürəcəklər.

Müzakirə edib, Rüstəmbəyi nümayəndə seçdilər. Sonra kiçik mə-sələlərin həlli ilə uğraşmağa başlandı.

39
Toplar nərildəyir, arabir mərmilər partlayaraq, ətrafı titrədirdi. Rüstəmbəy bu ölürn saçan gurultunu eşitməz olmuşdu. Neçə günlük işsizlikdən o yenə dəruni aləminə dalaraq böhran kecirmədə idi. Tənhalıq hissi, ümidsizlik, acı şübhələr dumanlanaraq mənəvi üfüqlərdə dolaşmada idi. Varlığı aşağılara doğru sürükləyən bu duyğuya qarşı heç bir qüvvə təsəvvür edə bilmirdi.

Otağı sabahdan axşama qədər dolaşıb, yorulub oturur; kitablarını birər-birər açır, qapayıb nifrətlə atır, carpayının üzərində uzanır, düşünməyə çalışır. Nəbzinin vurmasını duyur, sayır. Daima eyni ritm, eyni çarpıntı onda tühaf mülahizələr oyadır: "İştə həyat, iştə tarix. iştə əbədiyyət- daima eyni çarpıntı, təkərrür edək eyni ritm. Tarix-təkərrür dairəsində fırlanan əzəli və əbədi bir çarx; bu gün vaqe olan hadisələr təkrar-təkrar olmuş və təkrar-təkrar olacaq. İnsan, yeni deyə, bu hadisələrə qapılıb ölür, öldürür... Yox, bu hadisələr yeni deyil; insan aldanır..."

Rüstəmbəy mülahizələrinə davam edərək, bəşər tarixinin məntiqsizliyinə qarşı üsyan edib, nisyan boşluqlarında gizlənməyə çalışırdı. Sofi əbasına bürünərək, ana dənizə qovuşmaq istəyir... Lakin heç bir fəlsəfə onu qane edə bilmir. Böhran yenə haman böhran!..

Rüstəmbəy geyinib çıxdı. Küçələr boşdu; top nəriltisindən başqa bir şey eşidilmirdi. Daim laqeyd və təğyirsiz təbiət yenə öz işində idi - qar tökür, ağ geyinmiş ağaclar xortlamış ölüləri andırırdı. Hərdənbir havadan uçan mərmi ilan kimi mələyirdi. Bir az sonra patıltı qopur, şrapnel səpilirdi. Rüstəmbəyin dəruni acıları ölümlərə ölüm saçırdı. O heç bir təhlükədən çəkinməyərək, qəbiristan xiyabanlarını xatırladan küçələri dolaşa-dolaşa Qulamrza yaşayan evə doğru getdi.



40
Evin şüşələrinin sınıb qaldırımın üstə səpilməsi Rüstəmbəyi ayıltdı. Divarın ortasında mərmi böyük bir dəlik açmışdı. Rüstəmbəy pilləkənlə qalxıb, qapıları qapalı gördü: evi tərk etmişdilər. Geri döndü. Qonsu evləri yoxladı. Eyni halın şahidi oldu. Zirzəmilərdən birində gurultu duyulurdu. Aşağı endi. Adam-adama söykənərək, bir-iki xırda otağı doldurmuşdu. Rüstəmbəy başını otağa salıb zənlə baxdıqda:

  • Rüstəmbəy! Rüstəmbəy! - deyə onu tanış səs qarşıladı. Qulamrza və Sayad bacı yerlərindən qalxıb, ona doğru gəldilər.

Sayad bacı görüşüb məsələni anlatdıqda:

  • Canım, - dedi, - bu vurhavurda evdən çıxılarmı? Rüstəmbəyin dodaqlarında oynayan məsum təbəssüm bütün bədbini cizgiləri sildi:

  • Darıxdım... Sizdən də çox nigarandım... Sayad bacı mütəşəkkir bir sevinclə:

  • Yaxşı ki, sizə heç bir şey olmayıb. Bilirsiniz, çox qorxuludur. Rüstəmbəy cox düşünmədən:

  • Bura narahatdır, bizə gedək, - dedi. Qulamrza əlini-əlinə vurub güldü:

  • Əşi, qəribə adamsan! Canım, yazığıq, xərc çəkib yenicə evlənmişik... - dedi və Sayadın boynunu qucaqladı.

Sayad bacı Qulamrzanın əlini özündən uzaqlaşdıraraq:

  • Dinc dur bircə! - dedi. Sonra Rüstəmbəyə yönələrək:

  • Gəlin, bir az unumuz vardı, burada bişdüş maşınında çörək bişirib yeyirik. Gəlin, sizi də qonaq edək.

Rüstəmbəy adamları yararaq, keçib dar bir yerə sığındı.

Otaq tərəkəmə köcü halında idi: böyüklərin acıqlı səsi körpələrin mələşməsinə qarışmışdı; bir tərəfdə əski yuyulur, o tərəfdə qazan qaynayırdı. Kirli çocuqlar döşəmənin üzərinə səpilib, kimi yatır, kimi oynayırdı. Fəna qoxu ürək bulandırırdı.



41
Rüstəmbəyi geri buraxmadılar. İki gecə burada soyunmadan keçirdi. Üçüncü gecə atışma səsi kəsildi. Şəhərdə dəyişiklik olduğunu hər kəs duydu. Oradakı xidmətçi qızların sevincindən bolşeviklərin qələbə çalması sezilirdi.

O biri səhər küçədəki gediş-gəliş səsi hamını erkən ayıltdı. Çıxdılar.



Rüstəmbəy Qulamrzanın qolunu sıxıb yavaş səslə:

  • Durmaq yeri deyil. Evdəki kağızları yandırmaq lazımdır. Yəqin,

Qulu fitnələrə başladı.

Bir dəqiqə qaib etməyib, Qulamrzanın otağına çıxdılar. Pəncərələrin şüşələri sınmışdı. Masanın qutusunu açıb, kağızları cəld gözdən keçirdilər. Bir dəqiqə sonra, komitənin protokolları, möhrü və bir çox vəsiqələr sobaya doldurulub yakıldı.



  • İndi şüşələri təmir etmək lazımdır, - deyə Qulamrza un islatmağa başladı. Qəzetləri kəsib şüşələrə yapışdırdılar.

  • Evi də istiləndırməli, - deyə Rüstəmbəy küncə toplanmış odunlara tərəf yönəldi. Sobanı yakdılar. Ancaq əllərini yumağa su tapmadılar - su yolları pozulmuşdu. Bu məsələni də Sayad bacı təsviyə etdi: enib həyətdən bir vedrə qar gətirdi. Bunu sobanın yanında əridib yuyundular.

Rüstəmbəy şəhərə çıxmalarını məsləhət gördü:

  • Evdə oturmaqdan xata çıxar. Gedək, görək şəhərdə nə var. Köhnə pasportlarımızı yanımızda saxlamalıyıq, orada kim olduğumuz bəlli deyildir. Bir də indi axtarılan adamlar Ukrayna milli hərəkatına mənsub olanlardır. Bizlə işləri olmaz.

Sayad bacını evdə qoyub çıxdılar.

Şəhər başdan-başa silahlı adamlarla dolu idi. Neçə gündən bəri evlərdə bəst keçirən əhali də küçələrə səpilmişdi; lakin o şıq geyimlər, xəz tuluplar, lətif şlyapalar görünməz olmuşdu. Hər kəs özünü yoxsul qiyafəsinə salmağa çalışmışdı. Rüstəmbəyin həmişə küçələrdə rast gəldiyi zabitlər çinlərini açıb şapkalarına texnik nişanı yapışdırmışdılar.

Bolşeviklər şübhəli zənn etdikləri adamları durdurub vəsiqə tələb edirdilər. Rüstəmbəylə Qulamrzanı da bir neçə dəfə dayandırdılar.

42


  • Qulamrza, sən evə get, gör nə var. Sonra krımlı Əhməd əfəndinin qəhvəxanasına gəl, məni gözlə. Mən də bir saatlığa evə dəyəcəyəm.

Qulamrza bir az düşündü və sonra:

  • Nə var, Rüstəmbəy? Yoxsa bir şeydən ehtiyat edirsən?

  • Ehtiyat ki... hər halda ehtiyat lazımdır. Vəziyyətimizi rəsmən aydınlaşdıranacan evə gəlməmizi məsləhət görmürəm.

Qulamrza məsələni qavramayan bir tərzdə:

  • Ev qorxulumu?

  • Qulu adres verə bilər, bu qarışıqlıqda batıb gedərik. Bu saat acıq və intiqam hissi gözləri pördələmişdir.

Yoldaşlar ayrıldılar.

Rüstəmbəy evə gəlib, heç bir dəyişiklik görmədi. Yalnız ev xanımının rahatsız olduğunu duydu.

Birinci sırada kağızlarını arayıb, şübhəlilərini yandırdı. Sonra camasırını dəyişib yuyundu. Bu əsnada qapı açılıb, içəri tüfəngli bir ısçi ilə iki əsgər girdi.


  • Silah varmı? - deyə axtarışa başladılar. Bu sahədə təcrübəsizliklərini göstərdilər.

Rüstəmbəy bunları ötürüb, üzünü qırxmağa yenicə oturmuşdu, ikinci bir dəstə içəri girdi. Rüstəmbəy qeyri-məmnun bir halda:

  • Yoldaşlar, mandatınız varmı? - deyə sorduqda əsgərin biri acıqlı bir surətdə:

  • Mandatımız budur! - deyə tüfəngin süngüsünü irəli uzatdı. Rüstəmbəy səsinin tonunu dəyişərək:

  • Qardaş, zarafat edirəm, axtara bilərsiniz, - dedi. Axtarış başlandı. Yenə əsgərlər eyni naşılığı göstərirdilər: başlıca olaraq silah arayırdılar; kitab və kağıza yaxın belə düşmürdülər.

Rüstəmbəy gözlərinin quyruğu ilə bunları süzərək, üzünü qırxmasında davam edirdi.

Əsgərlər oranı-buranı əlləşdirib qapıya doğru yönəldilər. Biri:



  • Burada neçə otaq var?

  • Dörd.

Əsgərlər bir-birinin üzünə baxıb nə düşündülərsə, o biri otaqlan axtarmadan vaz keçib getdilər.

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin