XƏVARİCLƏR KİMLƏRDİR
Bəşəriyyət tarixinin bir çox mərhələsində olduğu kimi insan qanı tökməyə düşkün şəxs və qruplar bu gün də mövcuddurlar. Xəvaric bu qrupların ən təhlükəlisi, ən dəhşətlisi və ən qəddarıdır. Hər gün onlarla insan qadın, uşaq, cavan, yaşlı fərqinə varmadan bu qaniçən yarasaların qurbanına çevrilir. Dəhşətlisi də budur ki, onlar bu işi din naminə, İslam dini adına törətdiklərini elan edirlər. İslam dini qan tökməyi, insan həyatına son qoymağı ən ağır cinayət, ən böyük günah hesab etdiyi halda, bu canilər insanları kütləvi şəkildə qətlə yetirir və bunu İslam dini adından törətdiklərini iddia edir və öz cinayətlərinə “cihad” adı verirlər. Hər gün media əməkdaşları bu qana susamış canavarların qurbanına çevrilmiş insanların təsvirlərini nümayiş etdirir. Onlar qurbanlarını cəmiyyətin ən müdafiəsiz təbəqəsi arasından seçirlər. Valideynləri övladsız, körpələri yetim, qadınları dul qoyurlar. Körpə uşaqların öldürülməsini heç kim, heç nə ilə izah edə bilməz. Bunun bir tək adı var: vampirlik. Sadəcə vampirlər qan içərək öz nəfslərini təmin edir, həyatlarını bunun hesabına davam etdirirlər. Psixoloqlar bu tip insanların psixoloji vəziyyətini araşdırarkən adətən xəstə ruhlu, ciddi psixoloji problemləri olan insanlarla üz-üzə olduqları nəticəsini çıxarırlar. Onların əldə etmək, çatmaq istədikləri konkret heç bir hədəf və məqsəd yoxdur. Çünki insanları kütləvi şəkildə qətlə yetirməklə məqsədinə çatan heç kim olmayıb. Yaxın tarixdə İosif Stalin, Adolf Hitler, Pol Pot kimi insanlar öz qaniçən xislətlərini kommunizm, faşizm kimi ideologiyalarla pərdələdikləri kimi, xəvariclər də özlərinin insan qanı tökməyə düşkün olan xislətlərini İslam dini ilə pərdələməyə cəhd edirlər. Halbuki bu insanların qadınları, qocaları, uşaqları, bir sözlə dinc və müdafiəsiz insanları öldürməkdən başqa heç bir hədəf və məqsədləri yoxdur. Onlar qurbanlarını məhz özlərini qorumaq iqtidarında olmayan, müdafiəsiz və zəif insanlar arasından seçirlər. Dinc əhalinin yaşadığı yerlərdə bomba partladaraq onların ölümünə səbəb olan, sonra da buna uzaqdan tamaşa edənləri başqa cür adlandırmaq mümkün deyil. Hər bir insanın sevdiyi yaxınları, qohum-əqrəbaları var. Sadəcə təsəvvür etməyə çalışın ki, öz yaxınlarınızdan biri və ya bir neçəsi mənhus bir partlayışın qurbanı olur. Təsəvvür etmək belə çətindir. Amma belə məlum olur ki, normal bir insanın təsəvvür etməyə belə çətinlik çəkdiyi bir şeyi planlayıb həyata keçirməyi bacaranlar və bundan ləzzət ala bilənlər var.
“XƏVARİC” SÖZÜNÜN İSTİLAHİ MƏNASI
“Xəvaric”, xarici sözünün cəm formasıdır. “Xarici” sözü ərəb dilində xaric olmuş, çıxmış deməkdir. “Xəvaric” sözünün istilahi mənası isə, müsəlman alimləri və rəhbərlərinə qarşı çıxan, böyük günah sahibi olan müsəlmanlara kafir damğası vuraraq, onların qanını axıdanlara deyilir.
Xəvariclər müsəlmanlardan ayrılmış və zəlalətə düşmüş bir firqədir ki, Peyğəmbər (s.ə.v.) onları cəhənnəm köpəkləri adlandırmışdır.
Xəvariclər özlərini haqq yolunun ardıcılları adlandırmalarına baxmayaraq, tarix boyu günahsız müsəlmanların qanlarını axıtmışdırlar.
قال الحافظ ابن حجر رحمه الله :
" أما الخوارج فهم جماعة خارجة , أي طائفة , و هم مبتدعون سموا بذلك لخروجهم على الدين و خروجهم على خيار المسليمين .
Məşhur İslam alimlərindən Hafiz İbn Həcər (Allah ona rəhmət etsin) demişdir:
“Xəvariclər, İslamdan çıxmış bir firqədir və onlar bidətçilərdir. İslam dininə və ən xeyirli müsəlmanlara (yəni xəlifə Osman və Əliyə -Y.Q.) qarşı çıxdıqları üçün onlara xəvariclər deyilir.52
قال ابن تيمية رحمه الله:
" و الخوارج هم أول من كفر المسلمين يكفرون بالذنوب , و يكفرون من خالفهم في بدعتهم و يستحلون دمه و ماله"
Məşhur İslam alimlərindən İbn Teymiyyə demişdir:
“İlk əvvəl müsəlmanları kafir sayan xəvariclər olmuşlar. Xəvariclər günah edənləri, onlara müxalif olan digər müsəlmanları kafir adlandırır, qanlarını və mallarını halal sayırlar”.53
"هم أول من كفر أهل القبلة بالذنوب , بل بما يرونه من الذنوب , واستحلوا دماء أهل القبلة بذلك"
“Qiblə əhlini ilk kafir adlandıran xəvariclər olmuşdur. Günahlara görə qiblə əhlinin qanını halal saymışlar”.54
قال الآجري رحمه الله :
" و الخوارج هم الشراة الأنجاس الأرجاس"
Məşhur İslam alimlərindən Əl-Əcuri demişdir:
“Xəvariclər murdar nəcasətdirlər”.55
Yuxarıda qeyd edilən məşhur alimlərin müdrik sözlərindən aydın olur ki, xəvariclər Yer üzərində fitnə törədərək günahsız müsəlmanların qanlarını axıdanlara deyilir.
Dostları ilə paylaş: |