DUANIN MÜSTƏQİL TƏ`SİRİ
Dua müstəqil şəkildə qəbul səbəbi ola bilərmi? Heç bir adi səbəbsiz, sırf duanın tə`siri nəticəsində hansısa bir hadisə baş verə bilərmi? Bu mövzu e`tiqadi və fəlsəfi məsələlərə aiddir. Burada isə bu məsələyə yalnız qısaca işarə olunur.
Qur`an bu suala müsbət cavab verir. Qur`anda zahiri vasitələrdən istifadə etməməklə duanın hansısa bir işin səbəbi olmasını göstərən nümunələr verilmişdir. O cümlədən, həzrət Zəkəriyyanın duası səbəb oldu ki, Allah qoca vaxtında ona övlad (Yəhya (ə)) əta etdi. Heç bir adi vasitə olmadan, yalnız duanın tə`siri nəticəsində baş vermiş işlər haqda başqa nümunələr də tapmaq olar. Beləliklə, bu məsələ Qur`an baxımından inkar olunmamışdır.
Məgər bu məsələ ilahi qanunlarda istisnaya və səbəbiyyət qanununun pozulmasına səbəb olmurmu? Allah belə qərarlaşdırmışdır ki, işlər təbii səbəblər nəticəsində baş versin: “Allah istəmir ki, əşya qeyri-təbii yolla vücuda gəlsin.”1
Bu məsələ mö`cüzə və kəramət kimidir. Necə ki, mö`cüzə barəsində belə deyilmişdir: “Təbii və adi qanunlara hakim olan bir qanun var”. Duanın qəbul olması da İlahi bir qanun olaraq bütün qanunlara hakimdir. Beləliklə, “Fatir” surəsinin 43-cü ayəsini (“Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan.”) mö`cüzənin inkarı üçün dəlil saymaq düzgün deyildir.
Qeyd olunmuş dəlillərə əsasən duanın tə`sirini inkar etmək üçün yuxarıdakı ayə və hədisi sübut gətirmək olmaz. Beləliklə, qeyri-adi işləri inkar etmək Qur`an ilə uyğun gəlmir.
Bu məsələ mö`cüzə və kəramətin ilahi e`tiqad və dini üsullardan biri olması ilə izah edilir. Maddiyyatçı məktəblərdə belə bir e`tiqad yoxdur. Bu ilahi məktəblərə, xüsusi ilə də İslama tutulan nöqsanlardan biridir. Bu e`tiqadda olanları isə səbəbiyyət prinsipini parçalamaqda ittiham edirlər.
Onlar deyirlər: “Bu məsələni qəbul etmək səbəbiyyət prinsipinə ziddir. Əgər səbəbiyyət prinsipi qəbul olunarsa, gərək bütün şeylər təbii yolla və öz xüsusi şəraiti ilə yaransın. Başqa yolla hansısa bir hadisənin baş verməsi mahaldır. Necə qəbul etmək olar ki, təbii səbəblər olmadan hansısa bir hadisə baş versin? Beləliklə, bu e`tiqad səbəbiyyət prinsipini inkar edir”.
Dostları ilə paylaş: |