Ислам маарифи илә ХҮласә танышлыг


İNSANIN İLAHİ YARDIMDAN MƏHRUMLUĞUNUN SƏBƏBLƏRİ



Yüklə 3,89 Mb.
səhifə59/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   55   56   57   58   59   60   61   62   ...   108

İNSANIN İLAHİ YARDIMDAN MƏHRUMLUĞUNUN SƏBƏBLƏRİ


İmam Səccad (ə) “Əbu-Həmzə” duasının bir yerində Allaha belə ərz edir: “Pərvərdigara, nə vaxt özümü Sənə itaət üçün hazırladımsa, Sənin hüzurunda namaza dayandımsa, Səninlə mincata məşğul oldumsa, məni yuxuya verdin, raz-niyaz halını məndən aldın. Nə oldu ki, hər dəfə batinimi gözəlləşdirmək, tövbə əhlinə qatılmaq istəyəndə qarşıma bir hadisə çıxdı və əhdimə vəfa qıla bilmədim? Həmin bəla mənimlə Sənə xidmət arasında pərdə oldu. Ey mənim Ağam, yoxsa məni Öz lütf dərgahından qovub, bəndəlik xidmətindən uzaqlaşdırmısan? Olsun ki, bəndəlik haqqını ucuz saydığımı görüb məni uzaqlaşdırdın. Bəlkə də, Səndən üz döndərdiyimi görüb mənə qəzəbləndin və mənim yalançılardan olduğumu görüb lütfündən uzaqlaşdırdın. Olsun ki, ne`mətlərinə şükür etmədiyimi görüb məni məhrum etdin! Bəlkə də, məni elm əhli ilə bir məclisdə görməyib xar etdin? Bəlkə də, məni qəflət əhli arasında görüb öz rəhmətindən mə`yus qoydun? Olsun ki, batil əhli ilə ünsiyyətimi görüb məni onların arasında tənha buraxdın? Bəlkə də, dualarımı eşitmək istəməyib məni Öz dərgahından qovdun... Bəlkə də, xəta və günahlarımı cəzalandırdın, hüzurunda xəcalət çəkmədiyimə görə əvəz verdin”.

Duanın bu hissəsində aydın olur ki, istədiyimiz vaxt dua, münacat və Allaha ibadət üçün hal tapa bilmərik. Təcrübə də sübut edir ki, bu halları əldə etmək tamamilə insanın ixtiyarında deyil. Bir çox hallarda insan hal ilə namaz qılıb, dua oxumaq istəsə də, namaz qılıb və ya dua etdiyini unudur. Duanın bu hissəsindən aydın olur ki, bizim əməllərimiz hal tapmağa və ya ilahi yardımın kəsilməsinə səbəb olur.

Gecə-gündüz batil və faydasız işlərlə məşğul olan insan münacat və namaz vaxtı diqqətini tamamilə Allaha cəmləşdirib, zehninə batil xəyalların daxil olmasının qarşısını ala bilməz. Nalayiq işlər görən, faydasız söhbətlər edən şəxslərlə ünsiyyətdə olduqda bu şəxslərin rəftarı insanın ruhunda tə`sir qoyur. Bununla da dua və münacat halı insandan uzaqlaşır. Saleh bəndələr və alimlərdən uzaqlaşmaq, həmçinin günah etmək insandan ibadət tövfiqinin uzaqlaşmasına səbəb olur. Bə`zi rəvayətlərdə göstərilmişdir ki, Allah bəndəni günahlarına görə gecə ayılıb ibadət etməkdən məhrum edir. Bu cəza gündüzlər baş vermiş günahın nəticəsi sayılır.

Beləliklə, insan hal ilə dua etmək, qəlb iştirakı ilə namaz qılmaq və Qur`an oxumaq üçün tövfiq tapmaq istəyirsə, əvvəlcədən bu işlər üçün müqəddimə hazırlamalıdır. Əvvəlcədən şərait yaradılmazsa, dua və namaz zamanı münasib hal yaranmayacaq. “Əbu-Həmzə” duasının bu hissəsi bizə tamamilə ehtiyatlı olub nalayiq işlərlə özümüzdən dua halı və ibadət üçün qəlb iştirakını uzaqlaşdırmamağı xatırladır. Gecələr ibadətə nail olmaq istəyən kəslər gündüzlər öz danışıq və əməllərini qorumalıdırlar. Onlar göz və qulaqlarını görülməyəsi və eşildilməyəsi şeylərdən hifz etməli, qəlblərində batil işlərə yer verməməli, təsəvvürlərini puç xəyallardan qorumalıdırlar. Çünki bütün bu hallar qəlbin iştirakına (“hüzuri-qəlbə”) mane olur. Buna görə də, insanın bütün çətinlikləri öz əli ilə yaratdığını demək olar. O mə`nəvi ne`mətləri əməlləri ilə özündən uzaqlaşdırır. Bütün bu məsələlərin həllinin açarı onun öz əlindədir.




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin