Müəllim və müəllim köməkçisinin vəhdəti, hər birinin vəzifələri
Xüsusi qayğıya ehtiyacı olan uşaqların tipik uşaqlarla birgə təlim-tərbiyə prosesinə qoşulması üçün sinif müəllimi və müəllim köməkçisinin işinin vəhdət təşkil etməsi vacib şərtlərdəndir. Müəllim və müəllim köməkçisinin konkret vəzifələrini aşağıdakı kimi təsvir etmək olar:
Müəllim:
Xüsusi qayğıya ehtiyacı olan şagirdləri cəmiyyətdə tam hüquqlu şəxs kimi təqdim edir;
İnklüziv təhsilə cəlb olunmuş şagirdin psixofizioloji fərdiliyini bilir;
Professional olaraq inklüziv təhsillə bağlı nəzəri və praktik biliklərə malikdir;
Hər bir xüsusi qayğıya ehtiyacı olan şagirdin diaqnozları haqqında lazımi məlumata malik olur;
Müəllim köməkçisi ilə birlikdə dərsi planlaşdırır və onunla birlikdə işləyir;
İnklüziv təhsilə qoşulan xüsusi qayğıya ehtiyacı olan şagirdlərin Fərdi Tədris Planının hazırlanmasında əsas məsuliyyət daşıyır;
Fərdi Tədris Planında nəzərdə tutulmuş uyğun akkomodasiya və modifikasiyaları həyata keçirir;
Diferensial təlimi təmin edir;
Şagird şəxsiyyətini inkişaf etdirən strategiyalardan istifadə edir;
Digər fənlərlə (xüsusi qayğıya ehtiyacı olan şagirdlərin daha çox maraq göstərdiyi fənlərlə) əlaqə yaradır;
Müəssisədə təhsil alan hər bir şagirdin uğurları ilə bağlı müşahidələr aparır;
Xüsusi qayğıya ehtiyacı olan şagirdlərin formal və qeyri-formal qiymətlən-dirilməsini təmin edir;
Valideynlərlə effektiv iş birliyi yaradır və onları məlumatlandırır;
Hər rübün (yarım il) sonunda məktəb rəhbərliyi qarşısında hesabatla çıxış edir;
Müəssisə daxilində peşəkar inkişaf yönümlü treninqlər və mini seminarlarda iştirak edir;
Etik davranış normalarına riayət edir;
İnklüziv təhsilə cəlb olunan şagird haqqında bütün məlumatların məxfiliyini qoruyur.