Qarın əzələləri. Qarın əzələləri qarın boşluğunu xaricdən örtür. Qarnın xarici və daxili çəp, köndələn və düz əzələləri, belin kvadrat və piramidayabənzər əzələləri daxildir. Gövdənin sağa, sola hərəkətlərində, sakit və dərin nəfəsvermə aktlarında, doğuş prosesində, sidik ifrazı, asqırma, qusma aktı və s. funksiyaların icrasında iştirak edir.
Bel əzələləri başın önə, arxaya hərəkətində, nəfəsalma aktının icrasında, yuxarı ətrafların, kürəklərin yerdəyişməsində, onurğa sütununun açılmasında iştirak edir.
Yuxarı ətraf əzələləri. Çiyin qurşağı, bazu, said və əl əzələlərinə ayrılır. Çiyin əzələlərinə tinüstü, tinaltı, deltayabənzər və s. əzələlər daxildir. Bunlar yığıldıqda bazunu müxtəlif istiqamətdə hərəkət etdirirlər.
Bazu əzələləri ön və arxa səthlərdə yerləşməklə əsasən bükmə və açma hərəkətlərini icra edirlər. Bunlara bazu, dimdik-bazu, dirsək, bazunun 2 və 3 başlı əzələləri aiddir.
Saiddə yerləşən əzələlər uzun vətərlidirlər, əsasən, bilək və barmaqların açılması, bükülməsi, yaxınlaşdırma, uzaqlaşdırma və s. hərəkətlərini yerinə yetirirlər.
Əl əzələləri-baş barmaq, çeçələ barmaq və ovuc əzələlərinə ayrılır. Bu əzələlər bilək sümüklərindən başlayıb, əl darağı və barmaq buğumlarına bağlanaraq, adlarına müvafiq hərəkətləri yerinə yetirirlər.
Dostları ilə paylaş: |