GÜNAH SƏBƏBLƏR HALQASINDA
Günah formulları dəyişmək gücünə malik olub, zahiri səbəbləri təsirsiz edir. Quran bizə anladır ki, zahiri səbəblərdən başqa digər səbəblər də var ki, bu səbəblər həm onları doğuran səbəblərlə, həm də onlarla öz aralarında olan rabitələrlə birlikdə bizim üçün gizlidir. Quran buyurur:
«Başınıza gələn hər müsibət və işgəncələr sizin öz pis əməllərinizin məhsuludur»1.
Həqiqətdə, «illət və məlul» səbəb və nəticə sisteminin hakim olduğu bir dünyada, heç bir görüntünü səbəbsiz saymaq olmaz və başqa bir tərəfdən müsibətləri, şər və bədbəxtlikləri də xeyrin özü olan Allah-təalaya aid etmək olmaz. Deməli bu, insandır ki, müsibətləri özünə cəlb edir.
«Nur» surəsinin 63-cü ayəsində buyurulur:
«Allahın əmri ilə müxalifətçilik edənlər (o gündən) qorxsunlar ki, böyük bir fitnəyə və ya dərdli bir əzaba düçar olmasınlar».
Quran belə bir həqiqəti bəyan etməkdədir ki, əksər bədbəxtlik və müsibətlərin mənbəyi günahdır. İnsanın savab və yaxşı əməlləri, bərəkətin onun başından yağmasına səbəb olur:
«Ölkələrin əhalisi əgər iman gətirib, təqvaya bağlansaydılar, yerin və göyün bərəkət qapılarını onların üzünə açardıq»2.
Bəzi vaxtlarda günahın insana üz verən bədbəxtliklə olan bağlılığı az-çox dərk edilir. Məsələn, bəzi günahların özlərindən sonra müəyyən xəstəliklər törətməsi məlumdur. Ancaq bu əlaqə bütün hallarda hiss edilmir. Bəzən günahın insana vurduğu təsir müxtəlif mərhələləri keçib sonra özünü biruzə verir ki, bu da insan üçün dərkedilməzdir. Necə ki, yemək hazırlanıb süfrəyə verilərkən, içərisinə murdar bir şey düşür və yeməyi korlayır. Ruzi insan üçün hazırlanır və birdən gözlənilmədən insan ondan məhrum olur. İndi ruzini qida maddələrindən digər şeylərə də aid edin; çünki bütün nemətlər ruzidir. Ev, maşın və insanın istifadə etdiyi hər bir şey ruzidir. Əksər hallarda bunlardan məhrum qalmaq, günaha mürtəkib olmaq səbəbi ilədir.
Mənəvi nemətləri də ruziyə əlavə etməklə, onu daha da genişləndirmək olar. Çünki bizim ruhi təkamülümüzə səbəb olacaq hər bir şey ruzidir. Elm və iman, eləcə də ibadətə qalxa bilməyin özü də ruzidir.
Bəzən günaha bulaşmaq insanı hansısa ibadətdən məhrum edir. Rəvayətlərin birində insanın günahın təsiri nəticəsində gecə namazına dura bilməməsinin mümkünlüyü də qeyd olunmuşdur. Baxmayaraq ki, gecə namazı qılmaq istəyən şəxs səy edir və vaxtında yuxudan dura bilmək üçün əvvəlcədən hazırlıq işləri görür. Lakin ya yuxudan durur tənbəllik mane olur, ya da heç yuxudan belə ayılmır və yatıb qalır.
Deməli, ibadətdəki müvəffəqiyyətsizlik də günahın doğurduğu bədbəxtçiliklərdəndir.
Günahın qalmaqalla nəticələnən sonluğuna diqqət yetirmək bütün cəhətləri ilə insanı günahdan saxlaya biləcək amillərdən ola bilər. İnsan fikirləşməlidir ki, etdiyi günah onun iqtisadi səylərini təsirsiz edib, ruzidən məhrum qoyur.
Günah və müsibətlər arasında olan bağlılığı dərk edən bəzi böyük alimlər, onlara bir müsibət üz verdikdə fikirləşirdilər ki, görəsən hansı günahları onları bu müsibətə düçar etmişdir. Nəql edirlər ki, böyük əxlaq ustadlarından biri Tehranın küçələrindən birində yol gedərkən, kənarından ötüb keçmək istədiyi at ona bir təpik atır. Həmin şəxs oradaca oturub fikrə dalır ki, mən nə iş tutdum ki, bu heyvanın əziyyətinə düçar oldum!
Dostları ilə paylaş: |