BEHİŞTDƏKİ DƏRƏCƏLƏR BAXIMINDAN MÖMİNLƏRİN FƏRQİ
Peyğəmbər (s) behiştin dərəcə fərqləri ilə bağlı belə buyurur:
«Ey Əbuzər! Behiştin dərəcələri arasındakı fasilə, yerlə göy arasındakı fasilə kimidir. Behiştəki insan yuxarı baxar, bu anda gözləri önündə parlayan nur bərq vurar ki, az qalar onun gözlərini kor etsin. Soruşar: «Bu nə nurdur belə?». Ona deyərlər: «Bu, qardaşın filankəsin nurudur. O, (heyrət içində) deyər: «Biz hamımız dünyada Allah bəyənən işlər görərdik, bəs necə oldu ki, o, bizdən üstün oldu?». Ona deyərlər: «O, yaxşı işlər görməkdə səndən üstün idi». Bu anda onun ürəyinə riza yerləşdirilər ki, öz dərəcəsinə razı olsun».
Qəribə burasıdır ki, həmin cənnətdəki adama «Onun əməli (səndən) çox idi» demirlər. «Onun əməli daha yaxşı, daha üstün idi» deyirlər, yəni onun əməlinin keyfiyyəti daha üstün, namaz və ibadətdə Allaha olan diqqəti, ixlası daha artıq idi.
Təbii olaraq, insan öz yoldaşlarının ondan qabaqda olduğunu görəndə həsrət çəkər. İnsan əgər dünyada başqalarından dala qalarsa, onlara gəlib çatmağına imkanı olur, lakin axirətdə belə fürsət və imkan olmur.
Buna görə də, axirətin həsrəti hər bir əzabdan daha ağırdır. Cənnət əhlində həsrət qəmi yeməyə zəminə olmasına baxmayaraq, Allah-təala onları həsrət dərdinə mübtəla etmir. Bu, bizlərə açılması çətin olan qapalı bir sirrdir.
Burada belə bir sual qarşıya çıxır ki, cənnət əhli öz dostlarının ondan üstün məqamda yerləşdiklərini görə-görə necə olur ki, həsrət çəkmir? Bununla bağlı «Barnabanın İncil»ində həzrət İsadan (ə) bir təmsili cavab olaraq nəql edirlər ki, buyurur: «Bu dünyada balaca boylu adam heç vaxt öz ölçüsündən uzun paltar geymək həvəsinə düşmür və eləcə də uzunboylu adam heç vaxt qısa paltar geyinmək həvəsinə düşməz». Bu təmsildən belə nəticəyə gəlmək olur ki, cənnətdə hər kəs öz həddinə razı olur. Öz məqamından artığına tamahı olmur. Həqiqətdə, qazandığı məqamı özünə layiq bilir. Görəndə ki, bir sıra adamların, məsələn peyğəmbərlərin məqamı ondan üstündür, həmin məqamı onlara layiq bilir və o məqamı özü üçün əyninə gen duracaq paltar kimi görür.
Cənnətlik insanlar ölümdən qabaq və bərzəx aləmində çirkinliklərdən nicat tapır və öz hədlərinə layiq kamala çatırlar. Bu cəhətinə görə, hər kəs öz şənində olan libasa bürünür və Allah onu, onda olanla razı salır və bundan sonra qəlbi təskinlik tapır.
Dostları ilə paylaş: |