CƏHƏNNƏM BARƏDƏ DÜŞÜNMƏK MÖMİNİN PƏRİŞANLIQ AMİLİDİR
Peyğəmbər (s) möminin məhzun olmasının səbəbi barədə buyurur:
«Düzdür ki, Allah insanın cəhənnəmə daxil olacağını xəbər vermişdir, lakin onun oradan hökmən çıxacağı barədə vədə verməyibdir. Belə olan halda mömin niyə də qəmgin olmasın?!».
İnsanın, xüsusilə də möminin məhzun olmasına səbəb olan amillərdən biri də, Allahın bütün insanları cəhənnəmə daxil edəcəyi barəsindəki qəti vədəsi barədə düşünməsidir. Bu cəhəti nəzərə alaraq Rəsuləllah (s) bu nöqtəni xatırlatmaqla, hüznün yaranmasına zəmin hazırlayır. Allah-təala bu barədə buyurur:
«Sizlərdən hər biriniz (istisnasız olaraq) cəhənnəmə daxil olacaqsınız və bu Allahın qəti hökmüdür»1.
Mömin, Allahın buyuruğuna və Quranın qəti hökmünə əsaslanaraq yəqin edir ki, cəhənnəmə daxil olacaqdır və bir kəs onun cəhənnəmdən çıxmasına zəmanət verməmişdir. Bəli, Allahın xüsusi lütf və inayətində olanlar və ilahi buyuruqlara əməl edənlər cəhənnəmdən xaric olacaqlar, lakin özünün o bu dəstədən olub-olmadığını bilmir. Bu düşüncə onun məhzun olmasına kifayət edir. O öz taleyinin necə olacağını bilmir. Bu cəhətinə görə də əylənib, fərəhlənməyin onun üçün elə bir mənası yoxdur. Bu düşüncə və qəm onu qəflətdən oyadır.
Bu şəkk və iztirab mömini özünə qaytarır və onu, aqibəti barəsində düşünməyə vadar edir. Bu düşüncələr onu məstlik və yersiz əyləncələrdən çəkindirir. Əlbəttə, dünyada insanın hüznlü olmasına səbəb olacaq digər amillər də mövcuddur. Məsələn, xəstəlik və müsibətlərə düçar olmaq kimi. Yaxud da insana zülm ediləndə, haqqı əlindən alınanda məhzun olur. Bu barədə Peyğəmbər (s) buyurur:
«İmanlı insan həyatın çətinlikləri, xəstəlikləri və xoşagəlməz halları ilə üzləşir, çətinliklər görür, lakin kimsə ona kömək etmir. Buna görə də Allahdan bağışlanmaq və savab diləyir»1.
Hüznü yaradacaq amillər və səbəblər çoxdur. Lakin hər hüzn də möminin kamal yolunda müsbət rol oynamır. Çünki belə pərişanlığa başqaları da mübtəla olur. Lakin mömini kamal yolunda müsbət yönə istiqamətləndirə bilən hüzn bəyəniləndir və onun mənəvi təkamülündə rol oynayır.
Hədisin davamında Peyğəmbər (s) buyurur:
«Mömin dünyadan qəmgin gedir, lakin elə ki, dünyadan qurtuldu, rahatlıqla mehriban Allahın kəramətinə sarı yollanır».
Deyildiyi kimi, mömin dünyada olduğu təqdirdə çətinlik və narahatçılıqlarla üzbəüzdür və nəticədə, qəmgindir və ya öz aqibətini düşündükcə, keçmişdəki bəzi naqis işlərini yada saldıqca məhzun olur. Elə ki, çətinlik və qəmlə dolu olan bu dünyadan əbədi dünyaya köçür, sıxıntılar və üzüntülər də başa çatır və önündə vəsfə gəlməyən qəmsiz, ağrı-acısız bir dünya açılır.
Rəsuləllah (s) nəsihətinin davamında buyurur:
«Ey Əbuzər! Allah-təalaya heç vaxt qəm-qüssə və kədər qədər ibadət edilməmişdir».
Canında hər zaman Allah qorxusu olan bəndənin, zəmanənin acıları və Allah xatirinə səbr edən bir kəsin Allaha bəndəçiliyi daha artıq olur.
Təbiidir ki, insan öz aqibəti və əməlləri üçün məhzun olanda, Allah dərgahında daha çox ağlayıb-sızlayır və nəticədə, qəlbini günahın qubar və pasından yuyub pak edir. Həmçinin, o əldə etdiyi ayıqlıqla, Allaha daha ləyaqətli ibadət edir və ibadətin qəbulolma şərtlərindən biri olan xalislik, onun üçün daha yaxşı hasil olur. Buna görə də, hüzn və qəmin özü ibadətdir. Çünki hüzn bəndənin diqqətini bəndəçilik məqamı və Allahın əzəmətinə yönəldir. Eləcə də, Allaha ibadətdə daha xalis olmağa vadar edir.
İndi ki, söhbət gəlib bu yerə yetişdi, ölüm ayağı və Rəhman Allahla görüş anında möminin keçirdiyi hal haqqında bir neçə rəvayət zikr etmək yerinə düşərdi. Rəvayətlərin birində deyilir: «Mömin ölüm anında olarkən iki mələk ona belə deyir: «Ey Allahın vəlisi! Qəm yemə və qorxma, (gözlərin aydın!) səni cənnətlə müjdələyirəm, sevin və şadlan! Nə qəm, nə qorxu sənə yetər və nə də sən ona layiqsən! Allah belə istəmişdir ki, səni hər cür əzab və əziyyətdən xilas etsin, bağışlanma və əfv şərbətini sənə içirtsin. (Bil ki,) cəhənnəmin qapıları sənin üzünə bağlanmışdır və sən heç vaxt ora daxil olmayacaqsan»1.
Əli (ə) buyurur: «Dostum və qardaşım Rəsuləllah (s) mənə buyurdu: «Allahın onu qəbul etməsi və onunla görüşməsindən şadlanmaq istəyən hər kəs bilsin ki, səni özünə dost və yar bilməlidir və Allahın ondan razı qalmasını, onunla görüşməsini istəyən hər kəs bilsin ki, oğlun Həsəni (ə) özünə dost və yar bilməlidir. Allahla görüşmək və hər cür qorxudan uzaq olmaq istəyən kəs bilsin ki, oğlun Hüseyni (ə) özünə dost və yar bilməlidir»2.
Dostları ilə paylaş: |