YAXŞI ƏMƏLLƏRƏ OLAN ETİMADIN MƏZƏMMƏTİ
Peyğəmbər (s) öz yaxşı əməllərinə etimad edib günah edən kəsin məzəmməti barəsində buyurur:
«Ey Əbuzər! Bir nəfər yaxşı iş görür və həmin işinə güvənərək, günaha batır və gördüyü yaxşı əməlin müqabilində günahını yüngül sayır. Belə adam Allahın yanına gedəndə, Allah ona qəzəbli olar. Lakin günaha batıb gördüyü işin aqibətindən qorxuda olan adam, qiyamətdə xatircəm olur».
Əməllərin qəbul olunub-olunmaması bir sıra şərtlərə bağlıdır ki, bəlkə də, insan həmin şərtlərin hamısını sayıb qurtara bilməsin. Buna görə də, heç kim öz əməllərinin qəbul olunmasına arxayın ola bilməz. Əməllərin qəbul olunmasına arxayınlıq, insanda qürur hissi yaradır. Hətta insanın özünü bəzi kiçik günahlara da bulaşdırması mümkündür; belə ki, kiçik günahları etdiyi yaxşılıqlar müqabilində heç bir şey güman edə bilər. Daha xəbəri yoxdur ki, gördüyü yaxşı əməllərin qəbul olunmasına olan arxayınçılığı yersiz olub, qəbul olunmaya da bilər. İkincisi, kiçik günahlara edilən diqqətsizlik və onlar üzərindəki israrın özü böyük günahlardan sayılır. İnsan yaxşı əməllərini nəzərdə tutub özünü tam təhlükəsiz hiss etdikdə və öz ibadətlərinə arxalanaraq günahı kiçik sayıb ona bulaşmağı əhəmiyyətsiz bildikdə, Allahın qəzəbi ilə üzləşir.
Bu dəstənin müqabilində elələri də vardır ki, günaha batdıqları zaman qorxu içində olub, nigarançılıq hissi keçirirlər. Bu dəstə bəzi ibadətlərində yetərincə səy etmədikləri halda, günahlarından qorxduqlarına görə, qiyamətdə Allahın əzabından amanda olarlar.
Peyğəmbərin (s) məqsədi Əbuzərin diqqətini qəlbi halətlərin əhəmiyyətinə yönəltməkdir. Yəni günahdan qorxub-çəkinmək insanda nə kimi müsbət təsirlər qoyur. hətta insan günaha batmış olsa belə, qəlb şəfqəti, keçirdiyi nigarançılıq və iztirab onun günahlarının bağışlanmasına səbəb olur. Bunun əksi olaraq, əgər çoxlu ibadət edib, kiçik günahları əhəmiyyətsiz saysa, kiminlə üz-üzə durduğunun fərqinə varmasa, Allahın qəzəbinə düçar olacaqdır.
Deməli, heç bir günahı kiçik saymamalıyıq, həmişə Allah xofunu, əzəmətini qəlbimizdə qoruyub saxlamalıyıq ki, məğrur olub şeytanın toruna düşməyək.
Dostları ilə paylaş: |