Kitabın adı: Axirət azuqəsi Müəllif: Doktor Misbah Yəzdi


b) RUHİ VƏ QƏLBİ HAZIRLIĞIN ROLU



Yüklə 1,68 Mb.
səhifə75/117
tarix06.01.2022
ölçüsü1,68 Mb.
#112036
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   117

b) RUHİ VƏ QƏLBİ HAZIRLIĞIN ROLU


Qəlbən səmimi olub, vicdanları oyaq insanlar əgər Allah qarşısında da səmimiyyət izhar etsələr, cəmiyyətdə baş verən hadisələrə qarşı biganə ola bilməzlər. Belə insanlar peyğəmbərlərin dəvətini can-başla qəbul edərlər. Onlara qorxulu xəbər veriləndə, cəhənnəmi yad edəndə canlarına lərzə düşər və əgər onlara xoş xəbərli müjdə verilsə, sevinib şad olarlar. Bir kəsə zülm edildiyini görəndə, narahat olarlar və gözləri yaşla dolar və ya bir kəsin öz haqqına çatdığını görəndə sevinərlər. Ürəkləri yumşaq, qəlbən səmimi olan bu cür insanlar haqqın qarşısında təslim və sinələri haqqın qəbulu üçün həmişə açıq olar. Bu insanların müqabilində ürəkləri daşlaşmış adamlar, haqla üzləşdikləri və ətraflarında baş verən hadisələrlə qarşılaşdıqları zaman biganə və laqeyiddirlər. Çünki qəlbləri həqiqətin qəbulu üçün hazır deyildir. Təbii olaraq peyğəmbərlərin də dəvətini qəbul etmir və haqq qarşısında təkəbbürlülük edirlər. Onlar ancaq özlərini düşünür və öz heyvani istəklərinin dərdini çəkirlər.

Quran əhli-kitabdan iki dəstəni misal göstərir: birinci dəstə yəhudilərdir ki, İslamın və möminlərin ən qatı düşmənləri idilər:

«Sonra sizin ürəkləriniz o qədər bərkidi ki, daş kimi, hətta ondan da bərk oldu. Halbuki, bəzi daşlardan bulaqlar axır»1.

Bəzi daşların yarıqlarından su axır, lakin yəhudilərin ürəyi o qədər bərk olur ki, heç vaxt ürəkləri kövrəlib, gözlərindən yaş axmır. Bu qövmün möminlərlə həmişə düşmənçiliyi olmuşdur. Bu dəstənin müqabilində Quran, ikinci dəstəni möminlərin dostu olub onlarla mehriban davranan əhli-kitabı belə tanıtdırır:

«Əhli kitabdan möminlərə ən mehriban olanı o kəslərdir ki, deyirlər biz nəsraniyik. Nəsranilərin müsəlmanlarla dostluğu ona görədir ki, onlardan bəziləri alim və zahiddirlər. Onlar Allahın hökmü qarşısında dikbaşlıq edib, təkəbbürlülük göstərmirlər»1.

Bu ayənin ardınca Allah-təala buyurur:

«Peyğəmbərə (s) bir ayə nazil olduğu zaman onlar həmin ayəni eşitdikdə, gözlərindən yaş axar. Çünki onun haqq olduğunu bilirdilər».

Haqq qarşısında ürəklərinin yumşaqlığı onların iman gətirməsinə səbəb oldu. Çünki qəlbləri haqqın üzünə açıq idi. Bunların müqabilində daşürəkli yəhudilər iman gətirmirdilər. Tarixdə görürük ki, bir çox hallarda məsihilər İslamı qəbul etmiş və xalis möminlərdən olmuşlar, lakin yəhudilərdən çox azı İslamı qəbul edirdilər.

Peyğəmbər (s) buyurur: «Elə bir gün gəlib çatacaq ki, ruhən və qəlbən hazır olan xaşe` bir adam tapılmayacaq, təvazö`karlıq və ürəyiyumşaqlıq mənasız olacaqdır».

Özlərini islamşünas adlandıran bəzi tədqiqatçılar iddia edirlər ki, İslamda insanın özünü sındırması bəyənilmir. Hətta Allahın qarşısında da insan qürurunu sındırmamalıdır. Ürəyin kövrəlməsi, göz yaşının axıdılması, təvazö`karlıq belə, insanlar üçün dəyər hesab edilmir. Halbuki, Quran möminləri təvazö`kar olaraq tanıtdırır. Alimlərdən birinin yanında Quran oxunduğu zaman ağladığı üçün haqq yoldan çıxmaqda müttəhəm etmişdilər. Belə xəyal edirmişlər ki, ancaq əzadarlıqda, yasda ağlamaq olar, Quran oxunduğu zaman ağlamağı bidət bilirmişlər. Bu əməl o qədər unudulub tərk edilmişdi ki, əgər kimsə Quran oxuyanda ağlasaydı, həmin adamı dindən çıxmaqda günahlandırırdılar.

Ruhi və qəlbi hazırlıq qəlbdə baş qaldıran təvazö`karlıq, saf səmimiyyətdən doğan zillət hissidir. Onun reaksiyası insanın cismində və çöhrəsində zahir olur. Rəhmətlik Rağib İsfahani bu kəlmənin təfsirində belə deyir: «Xüşu` sözü zəiflik və acizlik hiss etmək mənasındadır. Daha çox insanın cismində zahir olan hissi əlamətlər barəsində işlədilir».

Misal olaraq ruhi və qəlbi hazırlıq mə`nasını daşıyan «xüşu`» kəlməsinin Quranda işlədildiyi yerlərə işarə edirik:

1. Danışıqda «(Qiyamətdə) Rəhman Allahın yanında səslər xaşeolarlar»1.

2. Gözlərdə: «(Qiyamət günü kafirlər qorxudan) xaşe və zəlil olaraq baxışlarını aşağı dikərək qəbirdən baş qaldıracaqlar»2.

3. Çöhrədə: «(Qiyamətdə) bir dəstənin üzü xaşe olacaqdır»3.

4. Səcdədə: «Onlar gözüyaşlı alınlarını səcdəyə qoyub, daimi olaraq (Allah tərəfindən) qorxularına və xüşularına (yeni dərəcələr) artırarlar»4.

5. Namaz və duada: «Beləliklə, möminlər nicat tapdılar. O kəslər ki, namazlarında xaşe və təvazö`kar olarlar»5.

6. Qəlbdə: «Görəsən, möminlərin ürəklərinin Allahı yad etməklə xaşe olmalarının vaxtı çatmamışdırmı?»2.

Bu ayələrin hər biri haqqında ayrıca bəhs etmək münasib vaxt tələb edir ki, hələlik buna imkanımız yoxdur. Qısa olaraq aydınlaşdı ki, xaşe - qürur və təkəbbür hissi olmadan, insanın vücudunda zahir olan bəndəçilik əlamətidir. Xüşu` libasına bürünmüş insan, vücudundakı təkəbbür və xudbinlik ruhunu öldürür. Xudbinlik və təkəbbür insanı Allah qarşısında təvazö`kar və səmimi olmaqdan saxlayır. Şübhəsiz ki, təkəbbürlülərin bariz nümunəsi şeytandır. Quran onun barəsində buyurur:

«Bütün mələklər (Adəmin qarşısında) səcdə etdilər. (Yalnız) Şeytan səcdədən boyun qaçırıb, imtina etdi»3.

Əli (ə) ayənin izahında buyurur: «Şeytan xudbinliyə və təkəbbürə düçar oldu və öz yaradılışında özünü Adəmdən üstün tutdu. Atəşdən xəlq edildiyi üçün təəssüb göstərib açıqcasına Allahın fərmanına boyun əymədi. Deməli, Allahın düşməni olan Şeytan, təəssübkeş və lovğaların rəhbəri olaraq, təkəbbürün əsasını qoydu. Allahla əzəmət və böyüklük libasını (ki, yalnız Allaha məxsusdur) ələ keçirmək üçün davaya qalxdı. İzzət və qürur libasını geyinib, zillət və kiçiklik libasını bir kənara atdı»4.

Davamında buyurur: «Belə isə, Allahla şeytan arasında olan bu əhvalatdan ibrət götürün. Şeytan bu hərəkəti ilə neçə illik zəhmətini və ibadətini zay etdi. Allaha altı min il ibadət etməsinə baxmayaraq (məlum deyil, bu illər dünya illəri hesabı ilədir, ya axirət), təkəbbür etdiyi üçün bir anda bütün zəhməti hədərə getdi. Belə olan halda, şeytandan sonra təkəbbür göstərməklə kimsə Allahın əzabından amanda qala biləcəkmi? Allah-təala heç vaxt belə bir bəndəni cənnətə buraxmayacaqdır. Çünki həmin günaha görə özünün (günah edənə qədər) ən sadiq bəndələrindən birini (şeytanı) cənnətdən xaric etmişdir. Bilin ki, Allahın hökmü yer əhli üçün də, göy əhli üçün də birdir».

Bunu da xatırlatmaq lazımdır ki, insanlar arasında səmimiyyətin itməsinin, ürəklərin qəsavət bağlamalarının, xəyanətin meydana çıxmasının mənşə və səbəbi, onların dünyaya olan hədsiz bağlılıqlarıdır. Dünyaya bağlılıq insandan xüşu` və təvazö`karlıq hisslərini alıb aparır. İnsanın xəyanətə əl atması, harama bulaşması dünyaya bağlandıqdan sonra meydana çıxır. Deməli, xüşu` halını qoruyub saxlamaq üçün dünyaya ürək bağlamaqdan, Onu həyatın əsas qayəsi olaraq hədəf seçməkdən çəkinmək lazımdır.

Ətrafımıza nəzər salsaq görəcəyik ki, get-gedə cəmiyyət öz milli və əxlaqi dəyərlərini itirməkdədir. Cəmiyyətdə əxlaqsızlıq, ictimai fəsad baş alıb gedir. Bu kimi işlərin səbəbini maddiyyata uymaqda axtarmalıyıq. Bu bağlılıq və ya meyillilik istənilən günaha zəmin yaratmış olur. Bir insan günaha batdığı üçün kədərlənmir, lakin azacıq pulu əlindən çıxdıqda, maddi problemlə üzləşdikdə qəm dəryasına batır. Həmçinin, qorxur ki, birdən ondan vergi alarlar. Bu halın qarşıya çıxması dünyaya həddindən artıq qapılmağın nəticəsidir. Əgər bir nəfər ürəyini axirətə bağlamış olsa, hər bir şeydən axirəti üçün bəhrələnməyi bacaracaqdır. Əgər pullu olsa, o pulu öz axirəti yolunda xərcələyəcəkdir. Əgər kasıb olsa, səbri ilə Allahın razılığına boyun əyməklə, öz axirəti üçün bəhrə götürəcəkdir. Pulu olsa, Allah yolunda infaq etməklə, pulu olmasa da, başqa bir yolla ehtiyacı olanlara kömək edəcəkdir.

İnsanın dünyaya məhəbbəti artdıqca, bacardığı qədər mübah işlərdən istifadə etməyə çalışacaq. Əgər bu onu qane etməsə, şübhəli işlərə meyl göstərib, bir yolla şəriətin hökmlərindən kömək almağa çalışıb, gördüyü işə haqq qazandırmağa başlayacaq. Bu gün riyanın bir növünə əl atacaq, sabah qəti və yəqin bilinən harama qurşanacaq. İş o yerə gəlib çatacaq ki, artıq hər bir günahı, hətta kəbirə olsa belə, görməkdən çəkinməyəcək. Təbiidir ki, belə adamın ürəyi bərkiyib, xüşu` halını itirəcəkdir. Elə ki, dünya hərisliyi ürəyində baş qaldırdı, xalqın malına xəyanət edəcək, ondan şəxsi mənafeyi üçün faydalanmağa çalışacaqdır. Deməli, qəlbin qəsavət bağlamasının amili günaha, heyvani ləzzətlərə aludə olub, dünyəvi işlərə qapılmaqdır. İndi bu dərdin müalicəsi üçün onun köklərini axtarmaq lazımdır. Diqqət yetirmək lazımdır ki, bu, ağacın qurumasına nə səbəb olmuşdur? Hansı zəhərli maddə ilə suvarılmışdır ki, bu günə qalıbdır? İnsan vücudunun ağacını xəstəliklərdən qorumaq üçün onu sağlam maddələrlə qidalandırmaq lazımdır. Həmçinin, onun heyvani istəklərə uymasının qarşısı alınmalıdır, çünki bu vəziyyətin davamı ürəyin bərkiyib, qəsavət bağlamasına gətirib çıxarır. Ürəyi basmış qəsavətin kökünü kəsmək üçün onu vücuda gətirən xəstəlikləri insana tanıtdırmıq lazımdır.

Bildiyimiz kimi, insanın Allahdan və mənəviyyatdan ayrılmasına bais olan bütün xəstəliklərin mənşəyi dünyadır. Qurani-kərim müxtəlif bəyanlarla, insanı dünyadan qorxutmağa çalışır.

Bəzən «Nəhcül-bəlağə»nin bir xütbəsində dəfələrlə dünyanın məzəmmətindən söhbət açılır və Əli (ə) öz səhabəsini dünyadan qorxmağa çağırır. Çünki Həzrət (ə) bütün dərdlərin kökünün dünya məhəbbətində olduğunu bilirdi. Belə ki, dünya məhəbbəti qəlbdə olduqca, insan üçün heç bir kamal və fəzilət uzun müddətli qalmayacaqdır.

Mümkündür, bir nəfər uzun müddət zəhmət çəkib mənəvi dərəcələr əldə etmiş olsun, lakin bir damla öldürücü zəhərlə hər şeyi əldən verə bilər. Bu cəhətinə görə də Quran, Peyğəmbər (s) və Əhli-beyt (ə) müxtəlif yollarla xalqa dünyadan uzaq olmağı xatırladırdılar. Əlbəttə, dünyadan qorxmaq işdən-gücdən əl çəkmək, elmi, sənəti bir qırağa qoymaq mənasında deyildir. Əslində onun mənası dünyanın zahirinə qapılıb qalmaq, nəfsani istəklərə uymaqdır. Qısaca desək, dünyadan qorxmaq, dünya həyatının əsas hədəfi və amalı olaraq yox, onu axirətə çatdıran bir vasitə kimi başa düşməkdədir.

Belə olan halda, insanın bütün səyləri, hətta mal-dövlət toplaması da, özünə axirət rəngini alır. Çünki axirət və dünya istəyi insanın niyyət və hədəfinə bağlıdır. Məsələn, kişinin evlənməkdə məqsədi ancaq öz şəhvətini təmin etməkdirsə, bu dünya istəyidir. O ancaq heyvani şəhvətini razı salmaq haqqında düşünür, bəlkə də, onun üçün elə də bir fərqi yoxdur ki, halal yolla istəyinə qovuşsun, ya haram. Amma bəzən evlənməkdə məqsəd, Allahın əmrinə itaət üçündür. Çünki ailə qurmağı Allah ona buyurmuşdur, yoxsa heç vaxt bu işi görməzdi. Hətta əgər bu işdə çoxlu ləzzət olsaydı belə, yenə də ona meyl göstərməzdi. Amma Allah xatirinə o bu işə boyun əyir; hətta onu yüzlərlə problem əhatə etmiş olsa belə. Əgər bu gün qərb dünyasında ailə təməlinin köklərində sarsılmanın şahidi oluruqsa, bu ona görədir ki, onlar ancaq ləzzət almaq haqqında düşünürlər. Onların qeyri-qanuni yolla cinsi ehtiyaclarını ödəmələri, evlilikdən daha rahat və asan başa gəlir. Ona görə də, özlərini ailə qurmaqla zəhmətə salmaq istəmirlər. Görəndə ki, evlənməklə yanaşı, təbii olaraq həyat çətinliklərinə qatlaşmalı, ailə yükünü də çəkməlidirlər, evlənməkdən vaz keçirlər. Lakin İslam cəmiyyəti bu cür deyil.

İslami dəyərlərin hakim olduğu bir cəmiyyətdə fərd ailə həyatının problemlərinə dözümlü olur. Ailə həyatının özünəməxsus şirinliyini daddığı kimi, acılarına da şərik olur. Çünki Allahın istəyi belədir. Əlbəttə, Allah da öz lütfü ilə bu işdə bəzi ləzzətlər qərar vermişdir. (Ər-arvad və ata-ana duyğuları özlüyündə fitri və təbii ləzzətlərə malikdir). Amma bununla belə, bu müştərək həyatın problemləri də vardır. Deməli, əgər bir kəs Allah xatirinə dünya ləzzətlərindən istifadə edərsə, nəinki o xoşagəlməz bir iş görməmişdir, əksinə onun bu işi dünya ilə yanaşı, axirətini də təmin etmiş olur. Dünya istəyi o vaxt olur ki, üstünlüyü ləzzətlərə vermiş olsun.



Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin