HİKMƏT VƏ BƏSİRƏT ZÖHDÜN MƏHSULUDUR
«Ey Əbuzər! Elə bir bəndə tapılmaz ki, dünyada zahid olsun, amma Allah hikməti onun qəlbinə salmasın. Zahid olan hər kəsin dilini Allah hikmətlə açar və onu dünyanın eyib, dərd və dərmanlarından agah edər; (nəhayətdə) onu səhih və salamat (şəkildə) cənnətə aparar».
Bu bölümdə Həzrətin (s) təkidi, zöhdün və dünyaya etinasızlığın insan qəlbinin hikməti qəbul etməsi üçün yetkin vəziyyətə gətirilməsindədir. Bu andan etibarən insan həqiqətləri dərk edir. Lakin qəlblərini dünyaya bağlamış insanlar həqiqəti dərk etməkdə acizdirlər. Çünki «حب الشىء يعمي و يصم» dünya məhəbbəti insanı qəflət yuxusuna daldırır. Bunun əksinə olaraq, dünyaya rəğbət göstərməyən kəslər həqiqətləri dərk edirlər, çünki dünyanın fövqündədirlər; dünyanı axirətlə müqayisə etdikdə, ən üstününü ‒ axirəti seçirlər.
Zöhd, rəğbətsiz olmaq mənasındadır. Necə ki, Yusifin (ə) qardaşları barəsində deyilmişdir:
«...(qardaşları) Yusifi dəyər-dəyməzə satdılar, çünki ona rəğbətsiz idilər»1.
Dünyada zahidlik, dünyaya rəğbətsiz olmaq deməkdir. Əgər bir nəfərin mal-dövləti varsa, böyük maddi imkanlara malikdirsə və bununla yanaşı həm də zahid həyat sürmək istəyirsə, həmişə bu fikirdə olacaq ki, sərvətini Allah yolunda necə xərcləsin. Belə adamın dünya malı toplamağa həvəsi olmayacaq. Həzrət Süleyman (ə) kimi şəxslər o boyda var-dövlət və səltənətlərlə elə bir hala malik idilər ki, dünyada bir tikə arpa çörəyinə belə qane olardılar.
«Allah hikməti qəlblərində sabit edər» cümləsinin izahında bir neçə nöqtəni xatırlatmaq zəruridir:
1. Dünyaya rəğbətsizliklə ilahi maarifin dərki arasında sıx əlaqə mövcuddur. Yəni elə bir insan ola bilməz ki, o həm ürəyini dünyaya bağlasın, həm də ilahi biliklərdə elm dəryası olsun.
2. Dünyaya rəğbətsizliyin məhsulu olan hikmət, insanın elm və mərifətini sabit bir hala gətirir və etiqadda süstləşmənin qarşısını alır. İnsan, mümkündür, müəyyən bir mərifətə yetişib bir həqiqəti dərk etsin, lakin onun mərifəti süst olacaqdır, çünki yəqinə çatmayıbdır.
Yəqin dərəcəsinə çatmayan insanın qəlbində mərifət kök atıb bərkiməz. Etiqadın əsaslarında əqidənin əsil olmasından əlavə, dini biliklərin səviyyə və möhkəmliyi də xüsusi dəyərə malikdir. Həmin cəhətinə görə də, ötəri və keçici olan imanlar nəinki heç nəyə yaramırlar, üstəlik mənfi hallara gətirib çıxarırlar. Bu halın məzəmmətini Quranın əksər ayələrində müşahidə etmək olar:
«Gəmiyə minib yola düşəndə, (imanı zəif olanlar) haqq dininə könül verərək, Allaha yalvarırlar. (Amma) elə ki, (Allahın inayəti ilə) nicat tapıb quruya çıxırlar, Ona şərik qoşmağa başlayırlar»1.
3. Elə ki, hikmət qəlbdə yerləşdi, ürəkdə qapanıb qalmır, onun təsiri özünü dildə, əməldə də zahir edir.
Qəlbində hikmətin qərar tutduğu şəxsin danışığı hikmətli olacaq və qəlbində qaynar bulaq kimi qaynayıb dilinə axacaqdır. Belə şəxs bihudə danışıqlardan pəhriz edib, Loğman həkim kimi elə həkimanə moizə edəcək ki, hər kəlməsi eşidənlərin qəlbini oxşayacaqdır. Bəli, dil ürəyin keçid yoludur, başqa təbirlə desək, insan qəlbinin çeşməsi dilin gözündən qaynayıb üzə çıxır. Çünki kuzədən tökülən onun içindəki olacaqdır. Ürək çeşməsinin yolu təkcə dildən ötüb keçmir, eləcə də insanın digər rəftarları da üzə çıxır.
Dünyaya rəğbətsizliyin insana qoyduğu təsirlərdən biri də, dünyanın eyiblərini ona aşkar etməsidir. Yəni, insan dünyanın nöqsanlarını, pisliklərini, nöqsanlarını o zaman görə bilər ki, özünü onun buxovlarından azad etmiş olsun.
Könlünü dünyaya vermiş insanlardan öz məşuqlarının (dünyanın) eyibini müşahidə etməsini gözləmək olmaz. Çünki dünya məhəbbəti insanın onun eyiblərini görməkdə gözlərini kor, nöqsanlarını eşitməkdə qulaqlarını kar edir. Əksinə, onun çirkinliklərini gözəl görür və dünyaya ifrat təmayülün təsirindən yaranmış nalayiq rəftarı ona gözəl görsənir. Bu məna müxtəlif təbirlərlə Quranda bəyan edilmişdir:
«Axirətə inanmayan kəslərə gördükləri işi bərbəzəkli göstərdik, çaşqınlıq içində vurnuxur onlar»2, «…Tutduğunuz işi nəfsiniz sizə bərbəzəkli göstərdi…»3, «…Tutduqları işləri şeytan onlara bərbəzəkli göstərdi…»4.
Müxtəlif təbirlərlə söylənilmiş bu ayələr onu göstərir ki, dünyaya vurğunluq dünya və dünyəvi işləri insanın nəzərində gözəl cilvələndirir. İnsanın dünyaya məhəbbəti artdıqca, onun, hətta eyibləri də nəzərində gözəl görsənəcək, çünki aşiq məşuqun eyiblərini görə bilmir. Aydındır ki, belə insan dünyanın aldadıcı zahirini görür, onun batininin dərkində, onu yüksəkdən müşahidə etməkdə acizdir:
«Dünya həyatının zahirini üzdən bilərlər, axirətdən isə büsbütün xəbərsiz olarlar»1.
Bu dəstənin müqabilində dünyaya etinasız olan insanlar, batini gözləri açıq olduqları üçün çirkinliklərini də görərlər. Bu dəstə, zəhərli ilanın ancaq gözəl zahirini və xətti-xalını görən birinci dəstədən fərqli olaraq, ilanın qorxulu dişini və ağzında gizlətdiyi öldürücü zəhərini də görürlər: «Dünyanın hekayəsi ilanın hekayəsinə oxşayır: Əlinlə onu sığallasan, sənə yumşaq və lətif görünər, lakin daxilində öldürücü zəhəri vardır. Aldanmış nadan ona tərəf gedər, ancaq uzaqgörən aqil ondan uzaq gəzər»2.
Bəli, Allah adamlarının uzaqgörənlikləri və batini tanışlıqları, onları zahiri bər-bəzəklərin qarşısında aldanmaqdan qoruyur. Onların maddi üfüqləri aşan dərin baxışları, ancaq zahiri görən səthi baxışlılar arasında əsaslı fərqi təyin edən göstəricidir. Həzrət Əlinin (ə) təbirilə: «Allahın dostları o kəslərdir ki, camaat dünyanın zahirinə baxanda, onlar onun batininə nəzər yetirərlər. Cammat onun bu günü haqqında düşünəndə, onlar dünyanın aqibəti haqqında fikirləşərlər. Ürəklərini öldürə biləcək qorxduqları şeyin özünü, qəlblərində öldürərlər. Tezliklə üzülüşəcəkləri şeyi bildikləri üçün onu indidən dünyada tərk edərlər»3.
Hədisin davamında Peyğəmbər (s) buyurur:
«Ey Əbuzər! Qardaşının dünyada zahidlik etdiyini görsən, onun sözlərinə qulaq as, çünki ona hikmət əta ediləcək».
Bu söz Həzrətin (s) öndə buyurduğu «Hər kəs zahidlik edərsə, Allah hikməti onun qəlbində yerləşdirər» bəyanının davamıdır. Deməli, dünyaya rəğbətsiz olan insan hikmət qazanacaq və danışdığı zaman kəlamı hikmətli olacaqdır. Çünki dünyadan əl çəkən insanın sözü qəlbindən qaynaqlanır və sonda da qəlblərə tə`sir edir. Zahid insan öz əməli ilə sübut etmişdir ki, dediklərinə etiqad bəsləyir. Belə olan surətdə həmin şəxsdən ancaq hikmətli sözlər gözləmək olar. Bunun əksinə olaraq, dünyaya vurğun olub onun ləzzətləri içərisində məst olmuş insanın hikmətdən, mərifətdən bir payı olmaz. Dünyaya aludə olduğu üçün gözləri həqiqətləri görməkdən məhrumdur və nəticədə, onun danışığı faydasız və hikmətsizdir.
Dostları ilə paylaş: |