Kitabın adı: Axirət azuqəsi Müəllif: Doktor Misbah Yəzdi


MÖMİNİN QƏLBİNİN GENİŞLİYİ VƏ ONUN NİŞANƏLƏRİ



Yüklə 1,68 Mb.
səhifə92/117
tarix06.01.2022
ölçüsü1,68 Mb.
#112036
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   117

MÖMİNİN QƏLBİNİN GENİŞLİYİ VƏ ONUN NİŞANƏLƏRİ


Peyğəmbəri-əkrəm (s) hədisin davamında buyurur:

«Ey Əbuzər! Nur ürəyə daxil olanda, ürək açılıb genişlənir».

Başlanğıcda ürəklər qaranlıq olur. Allah öz nurunu mərhəmət etdiyi zaman ürəklər həmin nuru cəzb edirlər. Həmin nur ürəklərdə qərar tutduğu zaman ürəklərin tutumu artıb genişlənir. Məqulun məhsusa (dərk edilənin hiss edilənə) bənzədilməsi kimi ki, quru və boş su tuluğuna su tökdükdə, islanıb genişlənir və ya şarı üfürdükcə, həcmi artıb genişlənir. Ürək də ilahi nurla genişlənir və tutumu artır.1

Bəlkə də, Rəsuləllahın (s) demək istədiyi budur ki, ölümü çox yada salıb onun gəlişinə hazır olmaq, insanın qəlbinin çırağını işıqlı saxlayır və ölümü yada salmağın təsirindən insanın ruhunda nur icad olur ki, onun pak fitrətinin günahın zülmətinə bulaşmasının qarşısını alır. Həmin nurun təsiri nəticəsindədir ki, - Həzrətin (s) təbiri ilə desək - insanın qəlbi genişlənib, tutumu artır. Bu mənada ki, dünyanın dar və məhdud çərçivəsini aşıb genişliyə qovuşur, sonsuz və əbədi aləmə üz tutur.

Belə bir halın dərki Əbuzər üçün hissedilməz olduğu üçün - çünki bu iş hiss ediləsi bir şey deyil ki, hiss orqanları ilə ona yol tapasan - Peyğəmbərdən (s) qəlbin genişliyinin nişanələrini soruşur. Həzrət (s) cavabında bu halın üç nişanəsini göstərir:

1. Qəlbin genişlənməsinə dəlalət edən ilk əlamət, onun axirətə meyl salmasıdır;

Bu mənada ki, insan fani və keçici dünyaya göz yumub, əbədi axirətə göz diksin. Rəhmətlik Rağib İsfəhani «inabət» (انابة) sözünün mənası barədə verdiyi açıqlamada buyurur: «Allaha tərəf inabət, tövbə və saleh əməl vasitəsilə Ona tərəf qayıdış mənasındadır».

2. Qəlbin genişliyinin ikinci nişanəsi, aldadıcı dünyadan kənarlaşmaqdır.

Mömin diqqəti axirətin əbədi dünyasına yönəltdiyi zaman dar və maddi aləm onun ürəyini sıxmağa başlayır. Buna görə də, ürək tellərini dünyadan qırıb, bu aləmdən köçəcəyi günə hazırlaşır.1

«Darul-ğürur» (qürur sarayı) dünyanın Quran və rəvayətlərdə zikr olunan adlarından biridir. «Ğürur», aldatmaq və kələk gəlmək mənasındadır. Dünyanın bər-bəzəyi insanı aldadıb özünə məftun etdiyi üçün ona «darul-ğürur» (qürur evi), yəni «aldadıcı məkan» deyirlər. Dünyanın aldadıcı olmasının izahında Əllamə Təbatəbai (r.ə.) buyururdu: «İnsanın fitri bir tələbi var. Yəni insan fitrətinin itirdiyi, ayrı düşdüyü bir şey var və insan daim ona çatmaq üçün çarpışır və çalışır. Onun əsas hədəfi Allaha qovuşmaqdır».

Başqa bir təbirlə desək, onun fitri axtarışı mütləq kamala çatmaqdır. Baxmayaraq ki, onun özü bundan xəbərsizdir, amma xəbəri olmadan mütləq kamala doğru hərəkətdədir. Bə`zən o, əsas hədəfini itirir və səhv olaraq dünyanı ali hədəf sanır. Həqiqətdə, dünyanın bər-bəzəyinə aldanıb onu özünün itirdiyi şey, itkisi güman edir. Yəni dünya özünü həqiqi tələb olunan itki və son hədəf kimi insana təqdim edir. Nəticədə insan uzun zəhmətdən sonra dünyaya çatır və görür ki, bu onun axtardığı şey deyilmiş və onun mənəvi ehtiyaclarını ödəmir.

Bu baxımdan dünyanı sü`ni əmziyə bənzətmək olar ki, uşaq acıb süd istədikdə, onu uşağa verirlər. Hər şeydən xəbərsiz uşaq da əmziyi ana döşü zənn edib, əmməyə başlayır və nəhayətdə hiss edir ki, boş əmzik onu doyurmur.

Bəli, dünya göz qarşısında canlanan ilğıma bənzəyir. İnsanın həqiqi tələbi, ilahi dərgahdan süzülən həyat suyudur ki, onun fitrətinə can verir. Baxmayaraq ki, dünya özünü həqiqi tələb kimi qələmə verir. Məsələn, hərdən özünü ev, maşın vasitəsilə cilvələndirir, hərdən də ləzzətlər və digər cazibələrlə nümayiş etdirir. Lakin bilmək lazımdır ki, dünya özünün bütün genişliyi, müxtəlif ləzzətlər və nemətləri ilə birgə mütləq kamal və Allah rizasına çatmaq üçün bir vasitədir.

Deyilənlərdən bu nəticəyə gəlmək olar ki, ürəyini zülmət basmış, qəlbində iman çırağı yanmayan kəs, dünyaya aldanır və onun zahiri gözəlliklərini həqiqi tələb olaraq görür. Lakin qəlbi Allah nuru ilə işıqlanmış insanın çöhrəsində zülmət pərdələri yırtılıb, qəflət qubarları təmizlənir və həqiqəti aydın görməyə başlayır. Belə adam səhv etmir, o ancaq axirətə ürək bağlayır və hətta bir an da olsa belə, dünyaya nəzər salması mümkün deyil. Çünki dünyanın ürək veriləcək yer olmadığını bilir.

3. Qəlb genişliyinin üçüncü nişanəsi hələ sağ ikən ölümə hazır olmaqdır.

Elə ki, insan dünyadan göz çəkib axirətə bağlandı, əbədi diyara köçmək və əsas hədəfə çatmaq üçün həmişə hazır olmalıdır. Dünya üçün yaradılmadığını və dünyanın əbədi həyata köçmək üçün keçid körpüsü olduğunu bilən adam, səbirsizliklə onu Allaha qovuşduracaq anın gəlib çatmasını gözləyir. Mümkün qədər tez bu körpünü keçib son məqsədə çatmaq istəyir.

Tələsmək və səbirsizlik halları bu dünyada da bizim qarşımıza çıxır. İnsan maşınla bir yerə getdiyi zaman, yol boyu oraya tez çatmasını arzu edir. Mindiyi maşın digər maşınlardan qabağa keçəndə sevinir ki, başqalarından tez gedib çatacaq. Hərçənd, bu bir uşaq həvəsidir, lakin onun mənşəyi vardır. Bilir ki, məqsədi başqa yerdir və onun yolda heç bir işi yoxdur, bununla belə çalışır ki, yolu tez başa vursun. Əlbəttə, məqsədə çatmaq üçün səy göstərmək əqli bir işdir.

Deməli, qəlbi ilahi nurla işıqlanmış və gözü həqiqətlərə açılmış bəndə, məqsədin haqqa varmaq və dünyanın ancaq vasitə olduğunu bilir. Buna görə də, əsas hədəfə çatmaq üçün bu vasitəni ona xidmətə yönəldir. Öz məşuquna qovuşmaq anının şövqündən elə məsti-xumar olur ki, hətta dünyanı birdəfəlik unudur.




Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin