ZİKRİN KƏMİYYƏT VƏ KEYFİYYƏTİ
Quran və rəvayətlərdə açıqlanan məsələlərdən biri də, zikrin kəmiyyət və keyfiyyətidir. Quranda bəzi ayələr zikrin çoxluğu və kəmiyyəti üzərində təkid edir; bu ayədə olduğu kimi:
«Ey iman gətirənlər! Allahı çox zikr edin!»1
(Bu ayədə təkid zikrin çoxluğu üzərindədir).
Bəzi rəvayətlərdə deyilir ki, hər şey üçün müəyyən hədd təyin edilmişdir, hətta namazın özünün də müəyyən həddi var: Həddi-buluğa yetişmiş mükəlləfə gün ərzində beş vaxt, on yeddi rəkət namaz qılması vacib edilmişdir və müstəhəbdir ki, vacib namazların iki bərabəri qədər nafilə namazı qılsın. Və ya təklif yaşına çatmış hər bir müsəlmana maddi imkanı və qüdrəti olduğu surətdə, ömründə bir dəfə Həcc ziyarətinə getməsi vacib edilmişdir. Lakin Allahı yad etməyin, zikrin həddi göstərilməyib. İnsan Allahı nə qədər çox ansa, nə qədər çox zikr etsə belə, yenə də azdır. Birinci dəstə ayə və rəvayətlərin müqabilində zikrin keyfiyyətinə işarə edən bir sıra ayə və rəvayətlər də mövcuddur. O cümlədən bu ayə:
«Həcc mərasimini tamamlayıb qurtardıqda, (keçmişdə) ata-babalarınızı yada saldığınız kimi, ondan da artıq və gözəl Allahı yad edin!…»2.
Bu ayədə Allahı yad etmək barədə demir:
Allahı çox yad edin, deyir: «Allahı şiddətli yad edin». Deməli, burada zikrin kəmiyyəti açıqlanmır. Təkid olunan zikrin zəifliyi və şiddətidir və bunun, zikrin dillə deyilməsinə heç bir aidiyyəti yoxdur. Nəzərdə tutulmur ki, məsələn «La ilahə illəllah»ı intonasiya ilə tələffüz edək. Əsas məsələ qəlbin zikr əsnasında Allaha diqqət kəsilməyindəki şiddət və zəifliyindədir.
Rəhmətlik Əllamə Təbatəbai bu ayənin təfsirində buyurur: «Cahil ərəblərin belə bir adəti var idi ki, Həcc mərasimindən sonra Minada şer deyib, öz ata-babalarını mədh edərdilər. Lakin İslamdan sonra Allah bu işə son qoyulmasına və onun yerinə, Allahı yad edib zikrlə məşğul olmalarına göstəriş verir. Bu ayədə zikrin şiddəti vəsf edilir. Bu da onu göstərir ki, zikr miqdar baxımından arta bildiyi kimi, keyfiyyət baxımından da şiddətlənə bilər. Əlavə olaraq, zikrin dillə deyilməsi əsas götürülmür, həqiqətdə, zikr qəlbə aid olan bir işdir və qəlbi hazırlığı ilə əncam tapır»1.
Çox vaxt bizlər zikr deyəndə, dillə söylənən sözləri nəzərdə tuturuq. Allahı yad etmək tapşırılanda, elə təsəvvür edirik ki, «əl-həmdulillah» deməklə, ya «təsbihati-ərbəə»ni söyləməklə zikr etmiş oluruq. Halbuki, bütün bu dillə söylənənlər zikrdən xəbər verir və həqiqətdə isə, rəvayətlərdə təkid olunan zikr, qəlbi və ruhi diqqətin Allaha yönəlməsidir. Yəni insan öz təklifini yerinə yetirdiyi zaman Allahı ansın və xatırlasın ki, Allah hüzurunu dərk etməklə öz vəzifəsini yerinə yetirmiş olur. Həmçinin, günahdan çəkindiyi zaman da Allahı yad etsin ki, Allah hüzurunu dərk etmək onun günahdan uzaqlaşmasına səbəb olsun.
Ləfzi zikrlə qəlbi zikrin bağlılığı, yəni söz və məna arasındakı əlaqə meyvənin qabığı və özəyi arasındakı bağlılığa bənzəyir. Həqiqətdə, ləfzi zikr qəlbi zikr üçün libas rolunu oynayır. Onun özəyi və bədəni qəlbi zikrdir. Deməli, ləfzi zikr qəlbin müqəddiməsidir və bu, diqqət edilməsi zəruri olan məsələlərdəndir. Buna görə də, rəvayətlərdə zikrin miqdarı və deyilmə tərzi aydınlaşdırılmışdır. Məsələn, namazdan sonra miqdarı və tərtibi müəyyən edilmiş zikrlər mövcuddur.
Dostları ilə paylaş: |