Kitabın adı: Axirət azuqəsi Müəllif: Doktor Misbah Yəzdi


FƏQİR MÖMİNLƏR CƏNNƏTİN RAHAT YOLÇULARIDIR



Yüklə 1,68 Mb.
səhifə87/117
tarix10.01.2022
ölçüsü1,68 Mb.
#109728
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   117

FƏQİR MÖMİNLƏR CƏNNƏTİN RAHAT YOLÇULARIDIR


Həzrət (s) mal və vəzifə hərisliyinin təhlükəsini anlatdıqdan sonra Əbuzər sual edir:

«Ey Allahın peyğəmbəri! Görəsən, Allahdan qorxanlar, təvazö`karlar, xalis iman sahibləri, daim Allahı zikr edənlər cənnətə getməkdə başqalarından öndəmi olacaqlar?».

Əbuzər mal və vəzifə hərislərinin fəlakətə sürükləndiklərini anlayandan sonra belə fikirləşir ki, yəqin Allahdan qorxanlar, təvazö`kar adamlar, cənnətin qabaqcılları olacaqlar. Lakin Həzrət (s) onun fikirlərini rədd edir və buyurur: «Müsəlmanların binəvaları öz qədəmlərini camaatın kürəklərinə qoyub cənnətə sarı yola düşərlər. O zaman cənnətin xəzinədarları deyərlər: «Öz yerlərinizi tutun ki, sizin haqq-hesabınıza baxılsın». Cavab verərlər: «Nəyə görə biz sorğu-suala tutulmalıyıq? Allaha and olsun, bizim hökumətimiz olmayıb ki, ona-buna da bir şey bağışlayaq və ədalətin icrasına qalxaq. Ehtiyaclarımızdan artıq bizə bir sərvət, dövlət verilməyib ki, kiməsə nəsə bağışlayaq, ya paxıllıq edib verməyək. Biz ömrümüzün sonunadək Allaha ibadət etdik və axırda da haqqın çağırışına «Ləbbeyk» dedik».

Təəccüblü olan burasıdır ki, dini tə`limlərdə təvazö`karlıq, təqva və daim Allah zikri ilə məşğul olmaq kimi dəyərlərə tövsiyə edilməsinə baxmayaraq, Peyğəmbər (s) təvazö`karları və zikr əhlini cənnətin qabaqcılları saymır və buyurur: «Cənnətin qabaqcılları, kasıbçılıqlarına baxmayaraq dinlərini qoruyub-saxlayanlar, çalışmaq, cihad və ya elmin təhsilindən peşman olmayanlardır. Onlar qədəmlərini camaatın kürəklərinə qoyub cənnətə daxil olacaqlar, sanki uçmaq istəyirlər. Onlara deyiləndə ki, dayanın sizin əməl dəftərinizə baxılsın, deyərlər: «Bizim vəzifəmiz, hökumətimiz olmayıb ki, camaatla da işimiz olsun və ədaləti icra edək. Pulumuz olmayıb ki, onu kiməsə verək və ya kimsədən gizlədək, əlimizdən gələn iş Allaha bəndəlik etmək idi, bu işdə də əskikliyimiz olmayıb».

Bəli, onların sərvəti yox idi ki, israf edib cavabdeh olsunlar və ya kiməsə kömək etməkdə pullarını əsirgəsinlər. Buna görə də, onların əməllərinin sorğu-sualı uzun çəkmir. Çünki əgər mal-pulları olsaydı və onu da Allahın yolunda xərcləmiş olsaydılar, yenə də onların hesabını vermək uzun çəkməyəcəkdi.

Dünya haqqında deyilmiş məzəmmətləri və mal və vəzifə hərisliyinin insanın dininə vuracağı xətərləri nəzərə alanda, Peyğəmbərin (s) sözləri malı, pulu olmayan şəxslər və ya elmin təhsilində, cihadda iştirak etməkdə dünyadan bəhrələri olmayan kəslər üçün bir təsəllidir. Düzdür ki, insanın malı, dövləti olsa, ondan başqalarına infaq etmək, İslama xidmət məqsədilə istifadə edə bilər. Lakin elm öyrənməklə və ya cəbhədə vuruşmaqla mal toplamaq imkanından məhrum olub Allah yolunda bir şey xərcləmək imkanı olmayan şəxslərin məqam və dərəcələri, Allah yolunda malını, pulunu xərcləyənlərdən daha yuxarıdır. Çünki pulu, malı olan öz pulundan maya qoyur, lakin elm öyrənən və cəbhədə vuruşan öz varlığından, rahatlığından Allah yolunda sərf edir. Bu cür insanların əldə etdiyi dəyərlər, digərlərinkindən daha üstündür. Elə ki, müharibə qurtarır və insan cəbhədən əliboş evə dönür, görür ki, cəbhədə, cihadda olmayanlar, döyüşdən qaçanlar hamısı özlərinə mal-dövlət toplayıblar; imarət tikdiriblər, bağ-bostan salıblar, bir sözlə, rifah əldə ediblər. Mümkündür, şeytan onu vəsvəsə edərək desin ki, gördün, sən cəbhəyə getdin, əliboş qaldın, amma bax, camaat hara çatıbdır! Sən cəbhəyə getdin, vuruşdun, yaralandın, əlil oldun və indi də heç kim sənə əhəmiyyət, qiymət vermir. Amma başqaları vəzifə qazanıblar, mal-dövlət toplayıblar. Bu vəsvəsələr imanı zəif insanlara təsir göstərib, onlarda peşmançılıq hissi yarada bilər.

Həmçinin, mümkündür dini elmlərin təhsili ilə məşğul olanlar vəsvəsə olunsunlar ki, necə də səhv etdik. Başqası universitetə getdi, dərsini qurtarıb münasib işə girdi və indi də pul qazanmaqla məşğuldur. Lakin mən biçarə otuz il dizimi yerə vurub dərs oxudum, axırda da bir tikə çörəyə möhtacam! Bu vəsvəsələr həmişə kasıb möminlər üçün qarşıya çıxır. Buna görə də, Həzrət (s) öz kəlamı ilə onlara təskinlik və xatircəmlik verir ki, düzdür ki, dünya malı toplayanların karvanından geridə qalmısınız, lakin siz başqalarının məhrum olduğu daha yüksək dəyərlərə maliksiniz. Qiyamətdə onlar sizin məqamınızın həsrətini çəkəcəklər.

Hədisin davamında buyurur:

«Ey Əbuzər! Dünya camaatın canını, ruhunu özünə məşğul edər. Allah Təbarək və Təala bizə bəxş etdiyi halal nemətlərin hesabını soruşar. O ki, qalmışdı haram ola».

Şübhəsiz, dünya malını qazanmaq üçün insan zəhmət çəkib canından, vaxtından keçməlidir. Alış-verişlə məşğul olanlar yaxşı bilirlər ki, hərdən insanın problemi o qədər olur ki, insanın gecə rahatlığını belə əlindən alır, həmişə başında alış-veriş, alacağı ‒ verəcəyi, vergi və bu kimi məsələlər dolaşır. Hər halda, qazanc fikrində olan adam zəhmət çəkməlidir. İstər halal yolla olsun, istər də haram ‒ pul qazanmaq, mal toplamaq çətindir. Təbiidir ki, bu cür insan ibadətə, düşünməyə vaxt tapmır. Macal tapıb Allah, qiyamət barəsində düşünə bilmir, duaya, münacata qalxa bilmir.

Dərin məhəbbətlə dünyaya ürək bağlayan insanlar, hətta ibadəti də dünya üçün vasitə olaraq seçirlər. Səhərdən axşama kimi başında dünya malı dolaşır, gecə namazına duranda da ancaq ruzi duası oxuyur, Allaha yalvarıb malının çoxalmasını istəyir. Bundan da artıq alçaqlıq, rüsvayçılıq nə ola bilər ki, Allahın ibadətini, zikrini də qarnı, malı üçün xidmətə yönəldir! Behiştə, ilahi rizvana yetişmək üçün ibadət etmək əvəzinə, onu artıq çörəyə, gözəl evə, bahalı maşına sahib olmaq üçün vasitə seçir. Bunun müqabilində dünya bəndlərindən azad olmuş insan üçün dünyanın varlığı ilə yoxluğu birdir. Onun üçün bir ovuc torpaqla qızılın heç bir təfavütü yoxdur. Əgər biz belə insanları tanımasaq da, həqiqət budur ki, bu cür insanlar bizim içərimizdə, bəlkə də, elə lap qonşuluğumuzda vardır. Elə adamlar var ki, onlar üçün bir yeşik zibillə bir bağlama pulun heç bir fərqi yoxdur. Onlar üçün dəyərli olan malın, pulun Allah yolunda sərf edilməsidir. Bəlkə də, insan öz gözləri ilə görməsə inanmaz, amma mən öz gözlərimlə gördüyüm üçün inanıram.

Təqribən qırx il bundan əvvəl samovar almaq üçün Tehran bazarına bir nəfər tacirin yanına getdim. Alış-verişdən sonra Qum şəhərinə getməliydim. Həmin tacirin cazibəsi məni elə tutdu ki, gün batana qədər onun yanında qaldım. Bu müddətdə mənə nəsihət edir və arada da göz yaşları yanağından süzülüb üzü aşağı ağ saqqalına hopurdu. O məndən soruşdu:

- «Hövzədə birinci hansı kitabı oxumağa başlayırsınız?

- «Əmsilənin şərhi»ni.

- Onun başlanğıcında nə yazılmışdır?

- Yazılıb ki, «elmin əvvəli Cabbar olan Allahı tanımaqdır.

- Öyrənə bildinmi ki, elmin əvvəli Allahı tanımaqdır?

O, söhbət edirdi və söhbət edə-edə də, yaş gözlərindən yağış kimi, dayanmadan süzülürdü. Bu vəziyyətdə şagirdləri alış-verişlə məşğul idilər və onun özü də etinasız halda pulları alıb, sandığa atırdı.

Günorta namazının vaxtı çatanda gözüyaşlı halda yerindən qalxıb məscidə getdi. Mən də namazımı qılıb nahar yeyəndən sonra təzədən onun dükanına yollandım. Gün batana qədər onun yanında qalıb nəsihətlərinə qulaq asdım.

Bəli, əgər dünya hərisliyi insanda olmasa, çamadanlarla pul onun üçün dəyərsiz olacaqdır. Belə adamın ürəyi başqa yerdədir. Amma ürəyini dünya məhəbbəti işğal etmiş insan namaz qılanda da ürəyi, xəyalı başqa yerdə olur və namaz qılmaqda hədəfi dünyadır. Dünya məhəbbəti ürəyin kürsüsündə oturanda, insan, hətta ürfan oxusa da, seyri-süluk yolu ilə tanış olsa da, fikrində olan bu olacaq ki, heç kimin yüksələ bilmədiyi bir yerə çatsın; bununla da başqalarından fərqli bir cəhəti olsun. Həqiqətdə o, Allaha bəndəçilik fikrində deyil. Hind yoqlarının ruhi məşğələlərlə, cismi və ruhi əziyyətlərə qatlaşmaqla əldə etdiyi bir sıra fövqəladə işlər kimi, onlar da ancaq başqalarının görə bilmədiyi bir para işlərə çatırlar.

İslam məktəbində tərbiyə olunmuş insanların düşündüyü şey yalnız xalis bəndəçilikdir. İslamın söylədiyi, insanın bütün səy və gördükləri Allah üçün olmalıdır. Hətta mal-dövlət yığması da Allah üçün olmalıdır. Necə ki, Əli (ə) öz zəhməti və xərci ilə xurma ağacı əkib bağ salar, quyu qazıb su çıxarar və bütün bunları Allah yolunda vəqf edərdi.

Deməli, səy edib dünyaya məhəbbətimizi azaltmalıyıq. Əlbəttə, adi insanların ixtiyarında nə qədər çox dünya malı qoysan, təbii olaraq, dünyaya daha çox bağlanırlar. Çünki dünya nemətləri artdıqca , get-gedə dadı insanın ürəyinə oturur və onun dünyaya daha artıq meyl etməsinə səbəb olur. Buna görə də sərvət, qazanc dalınca düşən adamların boynunda böyük məsuliyyət vardır və qiyamətdə bir-bir gördükləri işlərdən sual ediləcək, istər yığdıqları malı halal yolla əldə etsinlər, istərsə də haram yolla.

Adi insanların əksinə olaraq, Allah övliyaları nə qədər sərvətə, dövlətə çatsalar, zərrə qədər də olsa dünyaya bağlanmırlar, ürəkləri həmişə özgə yerdədir. Əlbəttə, belə insanlar çox azdır. Tarix boyunca Süleyman (ə) kimi insanlar çox az olub. Süleyman (ə) ixtiyarında əzəmətli dövlət, tükənməz sərvət olmasına baxmayaraq, özü həmişə arpa çörəyi yeyərdi.

Peyğəmbərin (s) qiymətli buyuruğuna diqqət edərək, yaxşı olardı ki, insan pul, sərvət toplamaq fikrində olmasın. Allaha ibadət və bəndəçilik etməklə, özünü dünya çirkinliklərindən pak saxlasın. Əbuzər kimi ki, Əli (ə) onun vəsfində buyurur:

«Keçmişdə mənim bir din qardaşım var idi. Dünyanı nəzərində kiçik tutmağı, onu mənim gözümdə böyütdü».


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin