Müasir dövrdə əxlaq tərbiyəsinin məzmunu bir sıra bəşəri dəyərlərin təsiri altında əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Belə dəyərlərdən bir neçəsinə nəzər salaq:
İnsan həyatı – həyat insanın ən müqəddəs, pozulmaz hüququdur. Uca Allah insana özünün və başqalarının həyatına qəsd etməyi ən böyük günahlardan biri kimi qadağan etmişdir. Təəssüf ki, bu gün bütün dünyada uşaqlar və gənclər arasında intihar və terrorçuluq halları getdikcə artmaqdadır.
Azadlıq və demokratiya – tarix boyu gündəmdən düşməyən, insanların daim can atdığı ən zəruri insani hüquqlarıdır. Bir çox xalqların müstəqilliyə qovuşması və demokratik quruculuğa başladığı müasir dövrdə bu haqda mədəni görüşləri aşağı səviyyədə olan gənclər bəzən azadlıq və demokratiyanı qanunsuzluq, hərc-mərclik kimi başa düşürlər. Amma əslində azadlıq və məsuliyyət, demokratiya və intizam bir-birindən ayrılmaz anlayışlardır.