Xidmət göstərərkən mənəvi mükafatın əhəmiyyətinə diqqət yetirmək
Müxtəlif sahələrdə - istər təhsil işində, istər xidmətlərdə, istər sənayedə, istər əkinçilikdə, istər mədəni sahələrdə, istər səhiyyədə, istər polis və təhlükəsizlik işlərində və sair işlərdə çalışan siz möhtərəm məmurlar bilin ki, etdiyiniz bu xidmətin mükafatı yalnız idarə tərəfindən verilən maaş deyil, əsl mükafat Allahın yanındadır. Allah-Taalanın verdiyi mükafat dünyada insana verilən mükafat və muzdlardan dəfələrlə üstün, dəyərli və şirindir; istər maddi mükafatlardan, istər hətta təşəkkürdən. Ola bilsin biz bir zaman bir iş görək və xalq bizə təşəkkür etsin. Bu da bir muzddur, lakin ilahi muzd bunlardan çox üstündür. Siz bir xidmət göstərirsiniz, bir qayğıkeşlik edirsiniz, vaxt ayırırsınız, iş saatından artıq çalışır və xidmət göstərirsiniz. Bunu heç kəs anlamaya da bilər, amma Allah bilir. Bu çox zaman baş verir. Bu 31-32 illik xidmət dövründə heç kəs bilmədən, hətta özündən yuxarıların, aşağıların, yaxud həmkarlarının da xəbəri olmadan qayğıkeş bir işlə məşğul olan insanlarla dəfələrlə rastlaşmışıq. Bir qovluğa baxarkən, bir işlə məşğul ikən iş vaxtı bitib, deyib ki, yarım saat da, bir saat da qalıb bu işi bitirim; heç kəs bilməyib və heç kəs təşəkkür etməyib. Bilin ki, bunlar Allahın yanında qalır. Heç kəs bilməsə də, ilahi yazarlar bilir və mələklər qeyd edirlər. Gözlərin və ürəklərin hamısının ilahi lütfə, mərhəmətə və bağışa ehtiyaclı olduğu zaman bunlar sizin gözünüzə və qəlbinizə aydınlıq gətirəcək. Bunlar qiyamətin çətin və dəhşətli günündə sizin üçün kölgə olacaq. İlahi mükafat çox üstündür.