14- Hər bir hövzə elmində ixtisaslı işin zəruriliyi
Əlbəttə, bütün bu elmlərə yiyələnmək və onların hamısında mütəxəssis və nəzər sahibi olmaq yəqin ki, ya mümkün, ya da çox asan deyil. Keçmişdə də mümkün deyildi, bunu da sizə deyim. Bəzən bizim böyük fəqihlərimizin və böyük alimlərimizin bütün elmlərdə mütəxəssis olmalarına dair mərhum Şeyx Tusinin, yaxud Əllamə Hillinin adlarını çəkirlər. Bəli, Şeyx Tusi böyük fəqih idi, üsulda məktəb və yenilik sahibi idi. Üsulun ilk təməllərini o zaman o və onun kimilər qoydular. Şeyx Tusi fəqihdir, üsul alimidir, təfsirçidir, hədisşünasdır, rical alimidir. Amma bu elmlərin hamısında birincidirmi? Xeyr. Düzdür, o, fiqhdə birincidir; deyilib ki, şeyxdən iki yüz il sonraya qədər bütün fəqihlər onun üsulubunu və yolunu davam etdirdilər; onlara təqlidçilər deyirlər. Lakin siz görürsünüz ki, ricalda Nəccaşi daha savadlıdır. Şeyxlə bir dövrdə yaşayan Nəccaşi ona nisbətən kənarda qalmış və tanınmayan bir adamdır, amma onun rical kitabının mötəbərliyi şeyxin kitablarından artıqdır; şeyxin həm Rical kitabından artıqdır, həm də Mündərəcat kitabından. Həqiqətən belədir; daha güclü və daha mötəbərdir. Yəni demək olmaz ki, şeyx ricalda da eyni əzəmətə malik olmuşdur.
Yaxud əllamə həm fəqihdir, həm məntiq alimidir, həm filosofdur, həm mütəkəllimdir, həm rical alimidir, həm də bunların hamısında kitabı var; fəlsəfədə "Hikmət əl-elm" kitabına şərh yazmış, müəllimi olmuş Dəbiran Katibi Qəzvininin kitabını şərh etmişdir. Amma əllamənin fəlsəfə kitabı bizim fəlsəfəmizin birinci dərəcəli kitablarından deyil. Yəni İbn Sinanın kitabları ilə müqayisə oluna bilməz, sonrakı filosofların kitabları ilə müqayisə oluna bilməz. Buna əsasən, biz deyə bilmərik ki, keçmişdə insanlar bütün elmlərdə mütəxəssis ola bilirdilər. Xeyr, bəzisi bir elmdə, bəzisi başqa bir elmdə mütəxəssis olurdular. Bəli, fiqhdə bir əllaməmiz var, bir mühəqqiqimiz var, fəlsəfədə, yaxud kəlamda bir Xacə Nəsirimiz var; eybi yoxdur.
Bu gün də belədir. Heç bir eybi yoxdur ki, bu gün də fəqihlərimiz olsun, filosoflarımız olsun, İslam humanitar elmlərində mütəxəssislərimiz olsun, təfsirdə mütəxəssislərimiz olsun - təfsirə əhəmiyyətsiz yanaşmaq olmaz; onun üçün mütəxəssis lazımdır - təbliğat elmlərində mütəxəssisimiz olsun.
Dostları ilə paylaş: |