Xidmətlər bir neçə əlamətə: mülkiyyət formasına, istehlakçıların tipologiyasına və istehlakçılarla ünsiyyətin səviyyəsinə görə təsnifləşdirilir.
Mülkiyyət formasına görə xidmətlər özəl sektor tərəfindən göstərilən xidmətlərə və dövlət sektoru tərfəindən göstərilən xidmətlərə bölünür. Özəl sektor tərəfindən göstərilən xidmətlərə kommersiya bankları, investisiya təşkilatları, vasitəçilər, məsləhət müəssisələri, nəqliyyat təşkilatları, xüsusi səhiyyə müəssisələri və s. tərəfindən göstərilən xidmətlər aid edilir. Dövlət sektoru tərəfindən göstərilən xidmətlərə isə dövlət hüquq-mühafizə orqanları, dövlət tibb müəssisələri, maliyyə qurumları və investisiya təşkilatları və s. tərəfindən göstərilən xidmətlər aiddir.
İstehlakçıların tipologiyasına görə xidmətlər istehlak təyinatlı və istehsal təyinatlı xidmət-lərə bölünür. İstehlak təyinatlı xidmətlərə bilavasitə əhaliyə göstərilən bütün növ xidmətlər: sığorta, bank və maliyyə xidmətləri, müxtəlif məişət xidmətləri və s. aiddir. İstehsal təyinatlı xidmətlər isə işgüzar istehlakçılara göstərilən xidmətlərdir. Bura məhsulların nəql edilməsi, marketinq institutlarının göstərdiyi xidmətlər, inciriniq xidmətləri, avadanlıqları təmiri və digər servis xidmətləri aid edilir.
İstehlakçılarla ünsiyyətin səviyyəsinə görə xidmətlər yüksək səviyyədə ünsiyyət tələb edən xidmətlərə (bərbərxanalar, müxtəlif məsləhətlərin verilməsi, tibb xidməti və s.) və aşağı səviyyədə ünsiyyət tələb edən xidmətlərə (kimyəvi təmizləmə müəssisələrinin xidmətləri, məhsulların daşınması və saxlanması üzrə xidmətlər, avtomobillərin yuyulması, müəssisələrə göstərilən müxtəlif bank və maliyyə xidmətləri və s.) bölünür.