2. Булгаков С.Н. От марксизма к идеализму: Сб. статей. – Спб., 1903. 195 с.
3. Булгаков С.Н. Свет невечерний. – М., 1994.
4. Гачев Г.Д. Ментальности народов мира. Г.Д. Гачев. М., Эксмо, 2003.
5. Ким А. Избранное. – М., 1988. – с. 162.
6. Маковский М.М. Язык. Миф. Культура: Символы жизни и жизнь символов. М.: 1996. 329 с.
7. Марутаев М.А. О гармонии мира // Вопросы философии. – 1994, №6 – с. 73.
8. Подробнее об этом: Бальбуров Э.А. Русский космизм: философия, наука, поэзия, миф // Гуманитарные науки в Сибири. – 1995, № 4.
9. Телегин С.М. Жизнь мифа в художественном мире Ф. М. Достоевского и Н. С. Лескова: Автореф. дис. д-ра филол. наук. М., 1996. 46 с.
Ruhların yaşamasına, bu dünya ilə əlaqə saxlamasına inanan insanlar müxtəlif ayinlər, sınamalar, yozumlar həyata keçirirlər ki, bunlar da daha çox qadın xarakterli olur. “Məhz qadın-ananın, bacı-nənənin sayəsində ölü axirət dünyasına” urvatlı gedir (ağı söyləməklə), ölünün ruhu ehsan süfrəsindən “öz payını” ala bilir (cümə axşamı xörəyin duzunu tökərkən ölülərin adını çəkməklə; vaxtlı-vaxtında yad edilir (paltarlarının, əşyalarının müəyyən zaman çərçivəsində qorunması ilə); bir sözlə, mərasimin bütün “yazılmamış qanunlarına tam ciddiliyi ilə riayət olunur”. (1;127)
Qədim Şumer mənbələrini nəzərdən keçirdikdə görərik ki, qadınlar tanrılar olmuşlar. ( 6 ) Bundan qaynaqlanaraq deyə bilərik ki, ilk vaxtlar şamanların hamısının qadınlardan ibarət olmasına səbəb budur. Çünki şamanlar adi insanlardan daha çox üstünlüklərə malik idilər, onlar insanların bacara bilmədiklərini bacarırdılar: ruhlarla əlaqə yarada bilir, ruhları aid olduqları yerə göndərir, heyvanları başa düşür, göylə yeri səyahət edir və s.
Şaman paltarlarının qadın geyiminə oxşamasının səbəbi ilkin olaraq şamanların qadınlardan ibarət olmasıdır; sonralar onlara qoşulan kişilər görünüş baxımdan qadın şamanların bənzəyişini təmin etmiş olurlar. ( 11; 61-62 )
Şamanlara görə davul ruhları ətrafına toplayır, özündə saxlayır, çalınarkən sədaları ilə pis ruhları qorxuzur ( 11; 76 ) Kərkük yas mərasimində ölüyə həsr edilən, davulun müşayiəti ilə səslənən sazlamaların olması, o cümlədən bu gedişatların kişi deyil, qadın məclisində mövcudluğu yuxarıda qeyd olunan görüntünün bənzəri kimi yanaşmağa əsas verir, yəni bir növ, burada davul çalaraq sazlama deyən qadın şaman kökününə qaynaqlanan görüntü canlandırır.
Bəzən şivən mərasimində ritmi kədərli olan davul da çalınır ki, buna “tərs davul” deyirlər. ( 12; 65 )
“Kərkük Türklərində bir dəliqanlı sevdiyinə qovuşmadan ölərsə, cənazəsində onun ən çox sevdiyi türkü tərsinə çalınır. Kərküklülər bu adəti, “Tez yığın, tez qaldırın, mehtərim tərsə çaldırın” mahnısı ilə ifadə edər”. ( 5 )
Bundan başqa, bir çox xalqlarda, o cümlədən azərbaycanlıların qədimdən (arxaiqlik hələ də qorunub saxlanılmışdır) yas mərasimində toy görməyən cavanın yasında toyda atılacaq addımlar atılır, xonça düzəldilir, ana-bacıları qırmızı paltar geyərək şivən edə-edə qol qalxızıb oynayır. (1;127 )
Müasir insanlar tərəfindən icra edilən yasdakı toy əlamətləri qədim dövrdən qalmışdır. Çünki tez-tez baş verən amansız müharibələr cavan-toy görməyən gənclərin həyatdan köçməsinə səbəb olurdu.
Digər tərəfdən, yasda toy əlamətlərinin olmasına həmçinin yeni vəziyyətə, yeni həyata keçid kimi də dəyərləndirilərək atılacaq addım kimi də yanaşmaq olar. (1;134)
“Kişilər kimi qadınlar da yeddi gün ərzində yas saxlayırlar. Azərbaycanda olduğu kimi, qadınlar avaz ilə mərhuma münasib ağı deyir və acı-acı ağlayırlar. Azərbaycanda ağı, Türkiyədə “ağıt” adlanan bu mərasimə Kərkük dolaylarında “sazlamaq” deyirlər ki, bu da “sızlamaq” sözündən yaranmışdır.” ( 8 ; 74 ) Nəzm və nəsr şəklində olan sazlamalar ölən insanın xarakterik xüsusiyyətlərini müxtəlif yanaşmalarla özündə cəmləşdirir, sazlamalar övladlarını itirmiş anaların, yoldaşlarını itirmiş cavan qadınların dərin sarsıntılarına, bir sözlə, yaxın insan itkisini yanıqlı dillə ifadəsinə sökənən xalq ədəbi nümunəsidir:
Göründüyü kimi, sazlamalar yas mərasimlərində ağrı, qəm, qüssə, kədəri ifadə etmək üçün istifadə olunan, yalnız qadınların yaradıcılığının məhsulu olan bir janrdır. ( 8; 78)
İraq Türkmanlarında yas mərasimini xüsusi ağıçı qadınlar idarə edir, ağıçı qadının dediyi kədərli sözlərdən təsirlənərək digər qadınlar dizlərinə və kökslərinə vurarlar. ”Yasın üçüncü və yeddinci gününə qədər yas saxlayan qadına ölənin yaxınları və əqrabaları bir miqdar para ( pul) verirlər. Buna “yasanaqlıq” deyirlər. (3; 68 )
Gənc insanların ölüm mərasimində sazlama ilə yanaşı, şivən mərasimi də keçirilir. “Bu mərasimində qadınlar dörd halqa yaradırlar. Halqanın kənarına şivən edən qadın sandalyaya çıxır və ölünün gəncliyini, məziyyətlərini dilə gətirir. Qadınların yaratdığı halqalardan ikisi bir tərəfə, digəri isə o biri tərəfə keçər. Sazlayan qadın dedikcə digər qadınlar saçlarını yolar. Halqada sıralanmış qadınlar isə sinələrini döyərlər. Sazlayan qadın ölünün özəlliklərindən bəhs etdikcə sinə döyən qadınlar isə “hayvaşşerə“ deyə qarşılıq verərlər: (ölən kişi isə)
Sazlayan;. sıtara zübun
Qadınlar: Hayvaşşerə
Sazlayan: Altun baston
Qadınlar: Hayvaşşerə
Sazlayan: Nizam taraşı
Qadınlar: Hayvaşşerə “ ( 12; 65 )
Qadınlar bu mərasimdə də üzlərini cırar, saçlarını yolarlar. Bu mərasimə “Hayvaşşerə” mərasimi deyilir.
Orta Asiya, həmçinin Kərkük türklərinin yas mərasimlərində ölən kişinin, xüsusən də, nüfuz sahibi olan bir insanın dəfni bu günümüz üçün artıq tətbiq edilməyən bir sıra adətlərlə keçirilərdi. Yas müddətində - yeddi gün ərzində hər səhər tezdən ölən insanı təmsil edən fiqura, yəni böyük bir kuklaya həmin şəxsin ən çox geyindiyi paltar geyindirilir, onun işlətdiyi silahı taxılır və tulu ən çox sevdiyi atın üzərində otuzdurulur. Bu atın üzərinə əvvəlcədən başdan ayağadək qara örtük sərilir, qulaqlarının arasına və quyruğuna palçıq yaxılır. Heyvanın önündə kişilər davul, zurnanı tərs çala-çala, sinələrini döyə-döyə, qadınlar isə atın arxasınca şivən edərək, ağlaya-ağlaya qəbiristanlığa gedər, burada ağlayıb şivən etdikdən sonra gəldikləri yolla da geri qayıdardılar. ( 10; 19 )
Yas tutulması müddətinin davamlığı qohumluq dərəcəsinin yaxınlığından irəli gələn yanaşmadır, bu anlamda ən uzun müddətli yas tutma dul qalan qadınlara məxsus idi. ““Tul” sözü, demək olar ki, bütün müasir Türk dil və ləhçələrində rast gəlinir və tul və ya ön səsi əvəzlənmiş dul şəklində olmuşdur. Söz ayrıca Qırğız dilində tulk, ...cuvaş dilində talahı şəkillərində də işlədilir və ümumiyyətlə, “dul” əri ölmüş qadın” mənasında istifadə olunur”. ( 7; 64 )
Azərbaycanda və bir çox türk xalqlarında (İngiloylar, Taciklər və s.) ölü dəfn edildikdən sonra birinci gün qadın məclisində ölən şəxsin paltarı sərilərək ətrafında ağlanılır və paltara ölünün ruhunun simvolik ifadəsi kimi, ruhun saxlancı kimi baxırlar. ( 1; 132)
Görünür, İraq-türkmanlarının yas mərasimində keçirtdikləri “tul aparma” digər xalqlardakı paltar üzərində ağlama mərasimi əvəzlənməsidir.
Yas mərasimində ölünün həyatda yaşarkən keçirdiyi günlərin yaxşı və yaxud pis olmasını ifadə edən ağılarda müxtəlif fikirlər söylənilir. Qədim xalq olan Skiflər hər yaşanan günü ifadə edən daşları torbalara yığardılar; ağ daş yaxşı günü, qara daş pis günün ifadəsi kimi qəbul edilirdi. Həmin insan öldükdən sonra bu daşlar sayılar, ağ daş çox olarsa, xoşbəxt gün yaşadığı qənaətinə gəlirmişlər. Yaslarda ölənin həyatda yaşantılarının sadalanmasını bu qədim mənbənin ifadəsi kimi qəbul etmək olar. ( 9; 198 )
“Qədim türk tayfalarında, o cümlədən Hunlarda yuğ mərasimi zamanı ölən qəhrəmanının həyatının əlamətdar hissəsini nağıl edib tamaşa kimi göstərmək adəti də vardır. Hunlar həm ziyafətdə, həm də yas mərasimlərində musiqi ilə şeir, mahnı oxuyarlarmış” ( 9; 198 )
İraq türkmanlarında qadın yas mərasimi daha ağır keçir. ” Cənazə evdən çıxmadan öncə qadınlar geysilərini – əlbisələrini dəgişib qərə girərlər. Başlarını açıb, saçlarını yolarlar. Başlarına çamur sürtərək çığlıqlar ( şivən) edərlər. Erkəklər məzarlıqdan döndükdən sonra qadınlar məzarlığa gedib, qəbrin başında ağlaşıb fəryad qopararlar. Ölənin ən yaxın adamları bu araya toplanaraq baş açarlar, saç yolarlar. Ölənin eşi, bacısı, qızı, nənəsi(anası) saçlarından (qayçı) ilə kəsərək biləklərinə bağlarlar. Biləkdəki saçlar yasın yeddinci günü bir qadın tərəfindən kəsilir” ( 3; 67-68 )
Türk yas mərasimlərində rastlaşdığımız təsiredici hərəkətləri biz digər xalqların da folklor dəyərlərində görə bilərik: qadınlara məxsus olan, İslamda qəbul edilməyən, bu dindən əvvəlki inanca istinad edən başa, dizə vurmaları, saç yolmaları kimi gedişlər Misir, Yahudi xalqlarının da mənəvi dəyərləri sırasına daxil olmuş, həmçinin yas müddətində kişilərin taraş olmaması misir, asur, romalılarda, Perslerde, yunanlarda rast gəlinən adətlərdə özünü göstərmişdir. ( 5; 395 )
Təxminən e.ə VI-II minillikdə formalaşan “Bilqamıs” dastanında Bilqamıs dostu Enkidu ölərkən şivən qoparmış, saçlarını dağıtmışdır:
Kətan kimi dartırdı, saçlarını yolurdu.
Paltarını didib, cırıq – cındır edirdi ( 4; 53 )
Ölümü Allahın buyruğu olaraq qəbul edən və bundan digər insanlara dərs vermək tendensiyası olaraq qəbul edən islam dəyərləri yuxarıda qeyd olunan hərəkətləri məqbul saymamış, bunun əksinə getmiş, həmçinin İraq- Türkman qadınları tərəfindən yas zamanı – yeddi gün və qırx gün müddətində hər cümə axşamında ağıların oxunması da ilahiyə zidd gediləcək bir addım kimi dəyərləndirilərək qəbul edilməmişdir. ( 12; 63)
Onu da qeyd edək ki, türklərin yaslarda ağı demək adəti Çin qaynaqlarına əsasən e.ə119-cu ildə Hunlara məxsus olduğu bildirilmişdir. (5) Lakin ağıçı qadınların olması daha qədimlərə istinad edir. “Bilqamıs” dastanında Bilqamıs dostu Enkidu öldüyü üçün ağıçı qadınlar kimi hay salıb ağlayacağını bildirmişdir. ( 4; 52)
Ümumiyyətlə, Türklərə məxsus olan mərasimlərdəki ritualların bugünkü görünüş cildi əslində mahiyyəti baxımından daha qədimlərə istinad etmiş və dəyişikliyə uğramasına baxmayaraq, ilkinliyini bu və ya digər dərəcədə saxlamışdır. Mənsub olduğu təbəqədən asılı olmayaraq, keçirilməsi mütləq sayılan yas mərasimlərindəki ritualların icrası və icra edilən bu gedişatların,xüsusən qadın məclisinə istinad etməsi heç də təsadüfi hal olmamış, tarixi aspektin ifadəsi olaraq özünü göstərmişdir. Şumer mənbələrindən qaynaqlanan gedişatların davamı olaraq, belə deyə bilərik ki, bir çox əlamətləri ilə dünyaya uşaq gətirən ananın təbiətlə müqayisəsi və fəsillərdəki oxşarlıqlarla eyniyyətin olması qadına Tanrı kimi yanaşılmasına səbəb olmuş, daha sonra Tanrı-Şaman əvəzlənməsi özünü göstərmiş və uzun zaman müddəti keçdikdən sonra ruhları idarə edən şaman qadınlar yas mərasimlərindəki ağıçı qadınlarla əvəzlənmişdir.
İstifadə olunmuş ədəbiyyat
1. Afaq Xürrəmqızı. Azərbaycan mərasim folkloru. (türk və dünya xalqları folkloru ilə tarixi müqayisəli araşdırma)Bakı, 2002
2. Azərbaycan folkloru antologiyası, (Tərtibçilər: Qəzənfər Paşayev, Əbdüllətif Bəndəroğlu) II kitab, İraq-Türkman cildi, Bakı-
3. 2009Bəhlul Abdullayev Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. VII kitab, Bakı-Elm-1987
4. “Bilqamıs” dastanı (hər şeyi bilən adamın dastanı). Tərcümə edəni İ. Öməroğlu. “Azərbaycan Ensiklopediyası” NPB, Bakı, 1999
5.http://www.selcuk.edu.tr/dosyalar/files/303/35_%20T%C3%BCrklerde%20Yas%20%C3%82deti%20Temelleri%20ve%20%20Sonu%C3%A7lar%C4%B1%20-%20Do%C3%A7_Dr_%20Mehmet%20Ali%20HACIG%C3%96KMEN.pdf
6.https://www.youtube.com/watch?v=HBigZ-kVtKs
7.http://hutad.hacettepe.edu.tr/index.php/hutad/article/viewFile/386/609Filename:386-965-1-SM.pdf
8. Qəzənfər Paşayev. Seçilmiş əsərləri. III cild, “Təhsil”Bakı-2012
9. Qəzənfər Paşayev. Seçilmiş əsərləri. I cild, “Təhsil”Bakı-2012
10. Məhəbbət Paşayeva, “Azərbaycanlıların ailə mərasimlərində etnik ənənələr ” Azərbaycan Dövlət Nəşriyyatı, Bakı-2008
11. Türktaş, M. Kerkük Folklorundan Örnekler. Yayımlanmamış Yüksek Lisans Tezi, Pamukkale Üniversitesi Sosyal Bilimler Enstitüsü, Denizli. 1997.
12. Yaşar Çoruhlu “Türk mitolojisinin anahatlari”© Kabalcı Yaymevi, 2000
13. Zainab Ayad Saeed “Kerkük Türkmenlerinin geçiş törenleri“ Ankara, 2014
Səbinə CƏFƏROVA,
ADPU, magistr II kurs
FOLKLORLARDAN QİDALANAN OYUNLAR
Джафарова Сабина
РЕЗЮМЕ
Игры, основанные на фольклоре
В статье говорится о входящих в систему мышления и воображения детей и подростков национально-нравственных ценностей Азербайджана, которые дошли до нашего времени изменившие значения древние и богатые образцы народного творчества. Также в статье отмечено собранные игровые фольклорные образцы с Карабахского, Нахичеванского, а также Шеки-Загатальского регионов.
Jafarova Sabina
SUMMARY
Games based on folklore
This article is about the samples of folk art and games that came from the ancient times changing their content, shape and meanings that are included in the national and moral values of Azerbaijan play a significant role in the development of thinking and imagination of children and teenagers. This article also comprises the folk art samples from Garabag, Shaki-Zaqatala, Nakichivan regions.
Açar sözləri: Uşaq oyunlarının milli-mənəvi dəyərləri, didaktik oyunlar, Naxçıvan bölgəsinin oyunları, ayin, etiqad və mərasim oyunları.
Ключевые слова: Национальные и моральные ценности детских игр, дидактические игры, игры Нахичеванской области, обряды, верования и ритуальные игры.
Key words: National and moral values of children's games, didactic games, games of the Nakhichevan region, rituals, beliefs and ceremonial games.
Keçmişimizdən bizə yadigar qalmış uşaq oyunları, uşaq və yeniyetmələrin təfəkkürünün, təxəyyülünün inkişafında, sosial-psixoloji keyfiyyətlərinin zənginləşməsində çox müsbət rol oynayır. Həmçinin oyunlar uşaq və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün faydalı məşğuliyyətdir. Oyun zehni
fəaliyyəti inkişaf etdirməklə, uşaq qabiliyyətinin bütün növlərinin formalaşmasına müsbət təsir göstərir. Oyun zamanı uşaqların ətraf aləm haqqında anlayışları zənginləşir. Oyun vasitəsilə uşaqlarda dostluq, yoldaşlıq, vətənpərvərlik, əməksevərlik, mənəviyyat kimi müsbət xarakter keyfiyyətləri formalaşır.
Hərəkətli oyunlar söz oyunlarına nisbətən daha qədimdir, yəni əmək fəaliyyəti ilə bağlı meydana gəlmişdir. İlk əvvəl oyunlar təqlidçilik yolu ilə yaranmış və əcdadlarımızın əmək və məişət səhnələrini əks etdirmişdir. Sözü gedən oyunlar yeniyetmə və gənclərin sağlam həyat tərzi keçirtmələri üçün ən yaxşı vasitədir. Mütəhərrik (hərəkətli) oyunlar fiziki baxımdan zəif olanları, tənbəlləri belə hərəkətə həvəsləndirir. Bu oyunların bəzilərində müxtəlif əşya və vasitələrdən istifadə olunur, bəzilərində isə yalnız özləri əl-qol, bədən hərəkətləri, mimik göstərişlərlə iştirak edirlər.
Bir sıra folklorşünas alimlər hərəkətli oyunları iki yerə ayırırlar: 1. Əşyalarla oyunlar: “Kirmə”, “Dəsmalı ver”, “Sultan”, “Xəndəyə düşmə”, “Pula-pula”, “Qələndər, ay qələndər”, “Aşıq-qoz” və s. 2. Əşyalarsız oyunlar: “Bənövşə”, “Şənlik”, “Ənzəli”, “Əl üstə kimin əli” və s.
Hərəkətli oyunlar əsasən açıq havada, yaşıl meydanlarda həyata keçirilir. Bu da uşaqların sağlamlığına, onların əzələ və sinir sistemlərinin inkişafına yaxşı təsir edir.
Uşaq folklorunda uşaqların yaş və psixologiyasına daha çox fikir verilir. Eyni zamanda əyləcələri, oyunları, istirahətləri, maraq və qayğıları ilə bağlı olur. Uşaq folkloru bir tərəfdən böyüklərin, digər tərəfdən uşaqların yaradıcılığı vasitəsilə yaranır. Xalqımızın yaratdığı “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Qaçaq Nəbi” dastanlarını uşaq folklorunun nümunəsi hesab etmək olar. (4, 35)
Qarabağdan toplanmış folklor nümunələri içərisində “Qığı mərə”, “Səni kim apardı”, “Gözbağlayıcı”, “Qaradinməz”, “Ənzəli”, “Köç getdi”, “Sac ayağı”, “Şah-vəzir”, “Əl üstə kimin əli” kimi hərəkətli uşaq oyunlarının adları çəkilir. Bəzi incəlikləri, ad fərqliliklərini çıxmaq şərti ilə uşaq oyunları ayrı-ayrı bölgələrdə digər folklor janrları kimi, demək olar ki, oxşardır.
Şəki-Zaqatala folkloru antologiyasında daha çox “Əl üstə kimin əli” kimi tanınan uşaq oyunu “Kömbə-kömbə” adı ilə təqdim olunmuşdur. Belə ki, oyunda uşaqlar palazın üstündə dövrə vurub diz üstə otururlar. Sonra əllərini irəli uzadıb ovuclarını, gah da əllərinin arxasını yerə qoya-qoya deyirlər:
Kömbə-kömbə,
Qoz kömbə,
Gah belə,
gah da belə,..
Gumbulub?!..
Bu söz yüksəkdən deyilir, dərhal hamı bir-birinin ağzına baxır. Heç kim dodaqlarını aralayıb göstərməməli, yəni gülməməlidir. Dözə bilməyib gülən cərimələnməlidir. Cərimə olunan oyunçu ortalıqda belini əyib gözlərini yumur. O biri oyunçular isə onun belini yavaşca döyəcləyir və oxuyurlar:
Dögəllər, dögəllər,
Arxın suyunu bögəllər.
Dakqada duz qalmadı,
Üstəki əl kimindi?
Uşaqlar əllərini döyülən uşağın belində düzgün cavab verənə qədər uşağın belində saxlayırlar və onu döyürlər. Cavab düz olanda uşaq ayağa qalxır və oyun yenidən başlayır.
Qərbi Azərbaycan və Naxçıvan bölgələrində yayğın olan “Çiling ağac”, “Çiləmə”, “Qəcəmə daş” (bəzi bölgələrdə “Beş daş”), “Əl üst kimin əli” oyunları çox dinamik və rəngarəngdir. “Çiling ağac” oyunu iki və ya dörd oğlan arasında oynanılır. Hər iki tərəf oyun aləti olaraq yonulmuş bir ağac (odun parçası) götürürlər. Oyuna kimin birinci başlaması saymaqla həyata keçirilir. Birinci oyunçular müəyyən olunan kimi oyun başlayır. Hər yanı yonulmuş çilngə əllərində odun parçası tutan oğlanlar vuraraq onu yerə düşməyə qoymurlar. Göydə vura-vura sayırlar. Müəyyən xal topladıqdan sonra çilingi yerə düşmürsə, qalib onu ağacı ilə uzaq məsafəyə atır, o biri oyunçu və ya komanda isə onu göydə tutmağa çalışır. Əgər tuta bilsə, oyunu udur, bilməsə yenidən “işləməli” olur. Yəni uduzan hər dəfə qaçaraq çilingi uzaq məsafədən gətirməlidir.
Əşyalarsız oynanılan oyunlar müasir dövrdə daha çox yaranıb yayılmışdı. Naxçıvan bölgəsindən toplanmış hərəkətli, əşyasız oynanılan “Hostana” oyunu da oğlanlar arasında geniş yayılmışdır. Burada 10-15 yeniyetmə oğlan bir yerə yığışır və sanamalardan istifadə edərək kimin “yatacağını” müəyyənləşdirirlər. Yatmalı olan oğlan əllərini dizi üstə qoyaraq, yarım əyilmiş vəziyyətdə durur. Yerdə qalan yeniyetmələr sıraya düzülür və sürətli bir hərəkətlə “yatmış” yoldaşlarının arxasından baş tərəfə doğru əllərini yatan şəxsin belinə qoyub irəli tullanır və deyirlər:
Ay Hostana, hostana,
Keçi girdi bostana.
Vurdum qılçası sındı,
Apardılar həkimə.
Həkim dedi:- Nə vecimə!
Oyun zamanı sıraya düzülmüş uşaqlardan hər hansı biri adlaya bilməzsə, onda “yatmış” yoldaşını əvəz etməli və oyunu davam etdirməli olurlar.
Ayin, etiqad və mərasimlərə aid oyunların hamısı inam və etiqadlarla, müəyyən rituallarla bağlıdır. Bu oyunlara “Qodu-qodu”, “Su üstündən atdanma”, “Od üstündən atdanma”, “Bacıya bir qurtum su ver”, “Od qalama”, “Atımı qarı apardı”, “Cin tutdu”, “Al gəldi”, “Aldı-qaçdı”, “Damdabaca apardı”, “Şir gəldi”, “Qurd yolu”, “Qurd dostluğu” və başqaları aid edilir. Sözügedən oyunlarda həm müxtəlif hərəkətlərdən elementlər, həm də nəğmələrdən istifadə olunur. Əyləncəli elementlərlə zəngin olan bu oyunlar uşaqların istedadlarının üzə çıxmasına, komplekslərinin aradan qaldırılmasına şərait yaradır.
Novruz bayramı da öz ənənələri baxımından çox zəngindir. Novruz bayramı cəmiyyət insanlarının bütün həyatını əhatə edən nəhəng bir mərasim kompleksidir. Novruz oyunlarındakı yarışma yazla qışın mübarizəsi ilə bağlıdır. Novruz oyunlarının hamısında yarış var. Novruz bayramında çeşidli idman yarışmaları olur. Bunlar: güləş, at yarışları, uzaq məsafəyə daş atma, igidlik göstərmədir. Novruz oyunları çoxdur. Məsələn, uyğurlarda bu oyunların sayı 50-dən artıqdır: “Böri ilə koy” (Qurd və quzu), “Oğlaq” (keçi), “Allaqa zaim” (keçilərin qaçış yarışı), “Küçünq yetse al” (top qapmaq), “Yılangüç” (sallanacaqdan sallanma), “Oyunçu şir”, “Həyyar” (məzhəkəçi), “Od atlaş” (oddan tullanma), “Üşüşmə” (qoçdöyüşü), “Çokuşma” (xoruz, kəklik və s. döyüşdürmə), “Mükümüküş” (gizlənpaç), “Kökləş” (uzununa tullanma), “Koş koklaş” (qaçdı-tutdu), “Doram” (təqlid, yamsılama), “Çelişiş” (güləş), “Tatışmaq” (iplə dartışmaq), “Atlamçuk” (ip üstündən tullanma) və s. kimi oyunlar var (1, 83-84). Bu oyunların, demək olar ki, əksəriyyəti həm də Azərbaycan oyunları sırasına daxildir və uşaqlar bu oyunları müasir dövrümüzdə də oynayırlar.
Gözbağlıca oyunları da uşaqlar arasında məşhurdur. Sehr, uydurma, hissiyyatla bağlı olan oyunlardan “Qızıl gülüm kimdədi”, “Xan babamın adını de”, “Yaylığı kim apardı”, “Kül sancağım kim açdı”, “Çeşmibənd”, “Yelli harda oturdu”, “Can gülüm hara getdi”, “Göz bağlıca” və onun variantları olan “Dolana-dolana”, “Haylana-haylana”, “Aylana-aylana” oyunlarının adlarını çəkmək olar. Bu oyunlar uşaqlarda hafizəni gücləndirir, çətin situasiyalardan çıxma vərdişləri aşılayır. Eyni zamanda onların psixoloji hazırlıqlarını möhkəmləndirir.
Bir qədər müasir dövrün məhsulları olan söz oyunları da uşaqların marağına səbəb olur. İlk vaxtlarda böyüklərin yaradıcılıqlarından asılı olan bu oyunlar son dövrlərdə incəsənətə, bədii təxəyyülə meyilli uşaqların sözləri ilə də zənginləşir, beləliklə, yeni söz oyunları yaranır. Söz oyunlarına daxil olan tapmacalar, yanıltmaclar, öcəşmələr, acıtmalar da uşaqların sevdikləri və tez-tez yararlandıqları janrlardır. Deyilən söz və cümlələr hamı tərəfindən gülüş doğurur. Öcəşmələr, acıtmalar zamanı əsasən iki nəfər iştirak edir. Onlardan biri qafiyələndirə biləcəyi hansısa bir sözü tərəf müqabilindən tələffüz etməyi tələb edir. O isə qafiyəli misra və ya söz ilə tərəf müqabilini bağlayır. İstər-istəməz acılanan uşaq da yeni qafiyəli söz tapıb cavab verməyə məcbur olur.
Bütün bu oyunlar uşaqlardan böyük məharət tələb edir. Onlarda sağlam rəqabət hissi meydana gətirir.
Təəssüf ki, bu gün folklor oyunları sıradan çıxmaqdadır. Hətta 80-90-cı illərdə məşhur olan, hər birimizin həvəslə oynadığı “Gizlənqaç”, “Yeddi şüşə”, “Beş daş”, “Ortada qaldı”, “Qaçdı-tutdu”, “Gözbağlıca”, “Xan-vəzir”, “İp üstündən hoppanma”, “Evcik-evcik” kimi oyunlardan belə müasir dövrün uşaqları imtina edirlər. Yəni milli uşaq oyunları öz yerini gənclərin beyinlərini manqurtlaşdıran kompüter texnologiyalarına, virtual oyunlara təslim etməkdədir. Bu tip oyunlar onların psixikalarına mənfi təsir edir, fiziki inkişaflarına həddindən artıq ziyan vurur. Odur ki, uşaq oyunlarını bacardığımız qədər yaşatmaqda və gələcək nəsillərə ötürməkdə fayda var.
Ən qədim tarixə malik olan xalq və uşaq oyunları, eyni zamanda, tamaşalar, qaravəllilər nəsldən-nəslə keçərək həm yaddaşlarda, həm də əlyazmalarda bu günümüzə qədər qorunub saxlanmışdır. XIX-XX əsrlərdə Azərbaycanın bir çox ziyalıları M.Ş.Vazeh, S.Ə.Şirvani, Ə.Haqverdiyev, M.Mahmudbəyov, F.Köçərli, M.H.Təhmasib və başqaları xalq və uşaq oyun və tamaşalarını toplamış, nəşr etdirmişdilər. “Çövkən”, “Motal-motal”, “Sultan”, “Top al qaç”, “Qələndər ay Qələndər”, “Bənövşə”, “Ənzəli”, “Əl üstə kimin əli”, “Dəsmalı ver” (“Dələdəsmal”), “Cıdır”, “Yeddi daş”,“Tut qolundan, dart”, “Rəng-rəng”, “Sümük-sümük”, “Quş uçdu” kimi oyunlar Azərbaycan folklorunun ən gözəl nümunələridir.
Dostları ilə paylaş: