MÖVZU 2.
MALİYYƏ SİSTEMİ VƏ MALİYYƏ SİYASƏTİ
2.1.MALIYYƏ SISTEMININ MAHIYYƏTI VƏ ONUN HƏLQƏLƏRININ XARAKTERISTIKASI
2.2.DÖVLƏT MALIYYƏ SISTEMI ORQANLARI VƏ ONLARIN VƏZIFƏLƏRI
2.3.MALIYYƏ SIYASƏTININ MAHIYYƏTI VƏ TƏŞKILI PRINSIPLƏRI
2.4.MALIYYƏ SIYASƏTININ TƏSNIFATI
2.5.MALIYYƏ SIYASƏTININ TIPLƏRI
2.1.MALIYYƏ SISTEMININ MAHIYYƏTI VƏ ONUN HƏLQƏLƏRININ XARAKTERISTIKASI
Müxtəlif iqtisadi ədəbiyyatlarda “maliyyə sistemi” anlayışına müxtəlif yanaşmalar mövcuddur. Bəzi mənbələrdə sistem dedikdə “təşkilatların forması”, “struktur şəklində yerləşən və qarşılıqlı əlaqəli hissələrin vəhdəti, “müəssisələr birliyi” başa düşülür. Məhz maliyyə sisteminə əsasən “təşkilatların məcmusu” kimi baxılır. Maliyyə sistemi-dövlətin və müəssisələrin pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsinin forma və metodları sistemidir. Araşdırmalar göstərir kı, maliyyə münasibətləri çox müxtəlifdir. Maliyyə sisteminin hər bir həlqəsində bu münasibətlər müxtəlif formada təzahür edir. Belə ki, müəssisənin maliyyəsi maddi istehsala xidmət edir. Onlarin iştirakı ilə müəssisə və təsərrüfat sahələri tərəfindən ümumi daxili məhsul yaradılır. Dövlət büdcəsi vasitəsi ilə dövlətin əsas mərkəzləşdirilmiş pul vəsaiti fondunun vəsаitləri toplanır və vəsaitlərin təsərrüfat sahələri, iqtisadi regionlar, əhalinin ayrı-ayrı sosial qrupları аrasında yenidən bölüşdürülməsi baş verir. Büdcədənkənar xüsusi fondlar ciddi məqsədli təyinata malikdir. Belə ki, Azərbaycan Respublikasının ƏƏSM yanında Dövlət Sosial Müdafiə fondu ölkə əhalisinə pensiya ödəmək uçun vəsait toplayır. Sığorta fondu təbii fəlakət nəticəsində müəssisələrə və əhaliyə dəyən zərəri ödəmək, şəxsi sığоrtа isə sığorta olunmuş şəxsə və ya onun ailəsinə sığorta hadisəsi baş verdikdə maddi təminatın ödənilməsi məqsədi dаşıyır.
Beləliklə, maliyyə sisteminin hər bir həlqəsi maliyyə münasibətlərinin müəyyən dairəsini, bütövlükdə maliyyə sistemi isə maliyyə münasibətlərinin müxtəlif dairələrinin məcmusunu ifadə edir. Bu prosesdə pul vəsaitləri fondları əmələ gəlir və istifadə edilir. Başqa sözlə maliyyə sistemi - dövlət və müəssisələrin pul vəsaitləri fondlarının yaradılması, bölgüsü və istifadəsinin forma və metodları sistemidir.
Maliyyə münasibətləri aşağıdakı ümumi əlamətləri ilə xarakterizə olunur:
ÜDM-un və milli gəlirin bölgüsünü həyata keçirir; pul vəsaitləri fondlarının formalaşmasında və istifadə edilməsində iştirak edir; bölgü prosesinə nəzarət edir və tənzimləyir; əsasən pul formasına malikdir.
Dövlətin iqtisadi siyasətindən asılı olaraq maliyyə sisteminin üç tipi: bank, bazar vəbüdcə tipləri fərqləndirilir. Bank tipi sistemində ölkənin maliyyə resursları kapital bazarı vasitəsilə bölüşlürülür. Bu halda bank qərar verir ki, vəsaitlər hansı mexanizm tətbiq edilməklə bölüşdürülür və ya yenidən bölüşdürülür.
Büdcə tipi sistemində maliyyə resurslarının əsas hissəsi mərkəzləşdirilmiş qaydada, büdcə sistemi və büdcədənkənar fondlar vasitəsilə bölüşdürülür.
Bazar münasibətləri şəraitində maliyyə münasibətləri cəmiyyətin həyatının müxtəlif tərəflərinin əks etdirir. O, müxtəlif pul fondları formasında ölkənin maliyyə resurslarını əhatə edir.
Beləliklə, maliyyə sistemi təsərrüfat subyektlərinin, ev təsərrüfatlarının, dövlətin pul vəsaiti fondlarının bölüşlürülməsi və istifadəsini həyata keçirən həlqələrin, sferaların, habelə xüsusi maliyyə institutlarının məcmuudur.
Maliyyə sisteminin quruluş prinsipləri aşağıdakılardır:
1.Maliyyə sisteminin ayrı-ayrı tərkib hissələrinin funksional təyinatı - maliyyə sisteminin hər bir həlqəsi dəqiq müəyyən edilmiş vəzifələri həll edir və buna müvafiq maliyyə aparatı yaradır;
2.Maliyyə sisteminn vahidliyi prinsipi - dövlət tərəfindən maliyyə orqanları vasitəsilə vahid maliyyə siyasəti aparılır;
3.Dövlət maliyyə orqanlarının strukturu ölkənin inzibati-ərazi quruluşuna uyğun təşkil olunur.
Azərbaycan Respublikasının maliyyə sistemi aşağıdakı maliyyə münasibətləri dairəsini özündə birləşdirir:
Dövlət maliyyəsi: (dövlət büdcəsi; büdcədənkənar xüsusi fondları; dövlət krediti)
sığorta fondları;
müxtəlif mülkiyyət formalı müəssisələrin maliyyəsi.
Birinci blok maliyyə münasibətləri mərkəzləşdirilmiş maliyyəyə aiddir və makrosəviyyədə iqtisadiyyatı və sosial münasibətlərin tənzimlənməsi üçün istifadə edilir. Müəssisələrin maliyyə münasibətləri qeyri-mərkəzləşdirilmiş maliyyəyə aiddir və mikrosəviyyədə iqtisadiyyati və sosial münasibətləri tənzimləmək və stimullaşdirmaq üçün istifadə edilir.
Müəssisə və təşkilatlarının maliyyəsi ölkənin maliyyə sisteminin əsas hissəsini təşkil etməklə, həmin sahələrdə ümumi daxili məhsulun yaranması, bölgüsü və istifadəsi proseslərinin dəyər formasındakı ifadəsini əks etdirir. Ictimai istehsalın bu mühüm sahələrində maddi nemətlərinin başlıca hissəsinin yaranması və bölgüsü baş verdiyindən, ölkənin maliyyə ehtiyatlarının əsas hissəsi də burada formlaşır.
Dostları ilə paylaş: |