Neftçala rayonu haqqında bilmək istəyirsinizmi? Tərtib edən: Məmmədova Nəzakət



Yüklə 5,14 Mb.
səhifə19/24
tarix10.01.2022
ölçüsü5,14 Mb.
#106264
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   24
Sentyabr.
17.09.2011.

Neftçala rayon Mədəniyyət və İncəsənət sarayında rayon ictimaiyyətinin iştirakı ilə

Dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş “Müstəqilliyimizi dönməz edən böyük insan” adlı yığıncaq keçirildi. Tədbirdə 700 nəfər iştirak etdi. Yığıncaq bayram konserti ilə başa çatdı.

16.09.2011.

Neftçala rayon Gənclər İdman idarəsində 40 nəfərin iştirakı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci il dönümünə həsr olunmuş "Müstəqil Azərbaycan gəncliyin gözü ilə" mövzusunda dəyirmi masa keçirildi. Tədbir Uşaq gənclər idman məktəbinin idman zalında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci il dönümünə həsr olunmuş sərbəst yunan və roma güləşi yarışlarının final mərhələsi ilə başa çatdı. Yarışda 100 nəfər iştirak etdi.

15.09.2011.

Bu gün Neftçala rayon Astanlı kəndində bayram sevinci yaşandı. Kənd sakinləri çoxdan bəri gözlədikləri arzularına qovuşdular. Uşaqlar artıq köhnə uçuq, soyuq məktəbdə deyil, muasir standartlara uyğun, istilik sistemi ilə təhciz olunmuş yeni məktəbdə təhsil alacaqlar. Yeni məktəbin açılışında rayon İcara Hakimiyyətinin başçısı İ.Vəliyev, Maarif şöbəsinin əməkdaşları və Regional Məsələlər Komitəsinin sədri A.Qafarzadə iştirak etdi.

07.09.2011.

Yeni dərs ilinin başlanması ilə əlaqədar rayon 1 saylı məktəbin akt zalında müəllimlərin konfransı keçirildi.

Avqust:
01.08.2011.

Bu gündən 11 ayın sultanı ramazan ayına daxil olduq. Möhkəm istilər olmasına baxmayaraq, rayonda əhalinin çoxu-yaşı çatan uşaqlar, böyüklər, qocalar və cavanlar öz nəfslərinə qalib gəlmək üçün Allahın buyurduğu orucu tuturlar. Sübh tezdən saat:04:45-dən axşam azanına qədər saat:21:30-a qədər “oruc”un şərtlərinə riayə etdilər. Allah hər kəsin orucunu qəbul etsin!Allah bütün niyyətlilərə güc-qüvvət versin! Bu gün “Gənclər” parkında konsert proqramı da təşkil olundu.


İyul:
31.07.2011.

Bu gün axırıncı toylar da çalındı. Allah bütün yeni ailə quranları xoşbəxt eləsin! Sabahdan Orucluq ayıdır. Artıq toylar 1 aydan sonraya qaldı.


30.07.2011.

İstilər davam edir. 2 gün gündüz bir az külək toz-torpaq qaldırsa da, axşamın boğucu sakitliyi yenə də insana rahatlıq vermir.


26.07.2011.

Artıq Neftçalanın qəsəbə və kəndlərini telefonla yığmaq üçün nömrənin qarşısına “26” əlavə etmək gərəkdir. Deyilənlərə görə bu yaxın gələcəkdə bütün rayonumuz üçün keçərli olacaqdır.

23.07.2011.

Artıq möhkəm istilər özünü göstərir. Hava haqqında məlumatda Aran rayonlarına 40-43 dərəcə deyilsə də, termometrlər daha yüksək dərəcəni göstərir. Ancaq doğrusu gündüz günəşin istisi, axşam isə havasızlıq insanı boğur. Allah qorusun!


18.07.2011.

Bu gün yeni bir şey öyrəndim. Sübh tezdən həmişəki kimi (05:35-də) məscidimizdən azan səsi rayona yayıldı.


16.07.2011.

Bu gündən Neftçala rayonunda “Mədəniyyət” TV-nin yayımı təmin edilib. Bu barədə açıqlama verən “Teleradio”İB-nin texniki direktoru Mikayıl Abbasovun sözlərinə görə, həyata keçirilmiş tədbirlər nəticəsində neftçalalılar 45-ci kanalda “Mədəniyyət” TV-nin proqramlarına baxa bilərlər. M.Abbasov bildirib ki, qısa bir müddətdə həyata keçirilən işlər nəticəsində Bakının ardınca Gəncədə, Ağsuda, Şəkidə, Zaqatalada, Ağstafada, Qubada yeni vericilər quraşdırılıb ki, bunlar da adıçəkilən rayonlarda və qonşu ərazilərdə proqramın keyfiyyətli yayımını təmin edir. Respublika ərazisində fəaliyyət göstərən rəqəmli vericilərin yayımladığı paketlərə (Bakı Teleqüllə, Şirvan RTYS, Gəncə RTYS, Lerik RTYS) “Mədəniyyət”TV kanalının əlavə edilməsi nəticəsində həmin kanalın proqramlarının rəqəmli yayımı da təmin olunub.


15.07.2011.

Heydər Əliyev prospektindəki uzun xiyabanın kiçik hasarları yenidən qurulmaq üçün başdan-başa sökülmüşdür.

14.07.2011.

Neftçala rayon İcra Hakimiyyətinin akt zalında 160 nəfərin iştirakı ilə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı oldu. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala rayonu İcra Hakimiyyətinin qarşısında duran məsələlər barədə rayon İcra Hakimiyyəti başçısı İsmayıl Vəliyevin hesabatı dinlənildi.
14.07.2011.

11 ayın sultanı Ramazan bayramı ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə rayonun din xadimləri və dindarları üçün “Xatimə” şadlıq sarayında 150 nəfərlik iftar süfrəsi açıldı.


12.07.2011.

Səhər tezdən həmin ərazidə fəhlələr işə başladı. Bu günə kimi görmədiyim “muravey” dediyimiz, lakin görünüşcə ondan bir qədər uzun və fərqli motosıkllərlə dizəldiyi gündən bəri ağzı açıq qalmış kanalizasiya quyuları üçün yeni dəmir qapaqlar gətirdilər. Günün axırına kimi ikisindən başqa 5-nə qapaqlar quraşdırıldı. Səliqəli görününr.

11.07.2011.

Bu gün gecə para bina deyilən ərazidə saat 21:00-də yenə də traktor və maşınların səsi başına götürüb. Gecə sakinlərə heç nə aydın olmasa da gündüz buranın yenidən təmizləndiyi aşkar olundu. Beləki, həmin ərazi mayın əvvəlıində tikanlardan, yulğunluqdan təmizlənmiş, kanalizasiya sistemi qaydasına salınmışdı. Lakin az vaxt keçməsinə baxmayaraq, kollar yenə də adam boyu qədər uzanmış, kanalizasiyalar yenə də aşıb-daşmışdı. Gecənin qaranlığında isə traktor kolları qazıyır kanalizasiyanın yaratdığı gölməçələrinm üstünü torpaqlayırmış.

03.07.2011.

Rayonda möhkəm istilər davam edir. İki gündür ki, bazarda qiymətlər əvvəlki günlərə nisbətən babatlaşıb. Bu gün Qarpız-30 qəp, yemiş-40 qəp, pomidor-30-40 qəp, xiyar-20-30 qəp, badımcan-30 qəp, göy-göyərti isə bir qədər bahalaşıb, süd yenə də, 1 litri 50-60 qəp. arasında dəyişir. Meyvələr gilas, vişnə, malina 2-3, gəlmə meyvələr 3- 4 man, yerli göy alma, ərik isə 1-1.50 qəp olmuşdur. Çəki balığının kq-ı 3-1.50 qəp arasında dəyişir.
02.07.2011.

Bu gün “Polis işçiləri günü”dür. Bu münasibətlə rayon polis şöbəsində tədbir keçirildi. Əvvəlcə onlar Ulu öndərin xatirəsinə ehtiram olaraq, abidəsi önünə əklil və gül dəstələri qoydular. 230 nəfərin iştirak etdiyi tədbir Rayon Polis şöbəsinin akt zalında davam etdi.

01.07.2011.

Bu gün yayın yeni ayına qədəm qoyduq. Ayın ilk günü isti, güclü əsən külək, toz-tozanaqla başladı. Küçədə torpaqdan göz açmaq mümkün deyil. 6 günlük fasilədən sonra, nəhayət, bu gün binaların anbarlarına su buraxıldı. Həyət evləri isə yenə də həsrətlə yol gözləməkdədir.



İyun:
31.06.2011.

Artıq ayın son günüdür. Lakin nə maaşlar, nə də əmək pensiyalarından xəbər var. Deyilənlərə görə gələn ayın 5-dən sonra veriləcək. Bircə sosial pensiyalar verilir.


30.06.2011.

Bu gün günorta saatlarında Aşağı Surra kəndində 1986-cı il təvəllüdlü Həsənov Amin Qasım oğluna məxsus sahəsi 45 kv.m olan 2 otaqlı fərdi yaşayış evi ehtiyatsızlıq üzündən yanmışdır. Xoşbəxtlikdən xəsarət alan olmamış, yanğın isə əhalinin böyük dəstəyi və yanğındürənlərin səyi ilə söndürülmüşdür.


22.06.2011.

Rayon İcra Hakimiyyətinin akt zalında 150 nəfərin iştirakı ilə “Müasir Azərbaycan cəmiyyəti və dini problemlər” mövzusunda tədbir keçirildi. Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin məsul işçisi Əlizadə Cahandar və rayonun hörmətli dindarları və başqaları çıxış etdilər.

22.06.2011.

Bu gün gecə rayon əhalisi su sevincinə qovuşdu. Çox şükür!


21.06.2011.

20 gündən çoxdur ki, rayonda su problemi yaşanır. Deyilənlərə görə Kür üstündə qurulan su mühərrikləri təmir olunur. əhali çox narazıdır. Havalar da çox isti keçdiyindən həyətlər, bağlar susuzluqdan quruyur.


18.06.2011.

Xeyir-şər talvarlarının təmir işləri başa çatdı. Onların üst örtüyü yeni dəmir örtüklərlə əvəz edilmiş, taxta oturacaqlar bərkidilmiş, (bəzilərində bunlar heç olmamışdı) yanları bəzəkli dəmirlə tutulmuş və rənglənmişdi. Xeyirli işlərə və xoş istirahət üçün qismət olsun İnşaallah!

16.06.2011.

Rayonun H.Əliyev meydanında Mədəniyyət və İncəsənət sarayının qarşısında böyük qələbəlik var. “15 İyun Milli Qurtuluş günü” münasibətilə rayonumuza bir qrup tanınmış müğənni və Azərbaycan Dövlət Muğam tearı konsert proqramı ilə çıxış etdi. Konsert axşam saat 20:30-dan gecəyə qədər davam etdi. Bir-birini əvəz edən gözəl musiqilər, mahir ifaçıların oxuduğu muğamlar tamaşaçılara gözəl istirahət bəxş etdi. Bayramınız mübarək!


16.06.2011.

Bu gün saat 18:30-da Həsənəbad qəsəbəsində yol qəzası baş vermişdir. Belə ki, qəsəbə sakini 1990-cı il təvəllüdlü Bəşirov Tural Səxavət oğlu idarə etdiyi motosikleti ilə aşmış, nəticədə aldığı ağır xəsarətdən dünyasını dəyişmişdir.


14.06.2011.

Bu gün Yeni Azərbaycan Partiyasının Qərargahında 112 nəfərin iştirakı ilə “15 iyun Milli Qurtuluş günü”nə həsr olunmuş konfrans keçirildi.

13.06.2011.

Bu gün saat 14:30-da günəş öz şüaları ilə yeri qızdırdığı halda gözlənilmədən 5-8 dəq. ərzində bərk, həm də iri damlalarla yağış yağmağa başladı. Arxasınca isə 2-3 dəq. yağan bərk narın yağış elə bil sürahinin süzgəcindən süzülərək davam etdi. Günəşin istisi isə bir- neçə dəqiqə insana zövq verən bu heyranlığından iz belə qoymadı.


12.06.2011.

Qazın kəsilməsi 3 gün davam etdi. Bu gün günorta saatlarında evlərdə qaz yanmağa başladı. Qaz idarəsi isə buna müxtəlif izahatlar verdi. Bəzilərinə rayonun borcu olduğu, bəzilərinə isə bunun təmir işləri ilə əlaqəli olduğu bildirildi. Təxminən 5 il bundan qabaq da rayonun qaza borcu olduğu haqqında şaiyələr yayılmışdı. O vaxt bəzi idarə və müəssisələrdə məvacibinin qədərindən, eləcə də sayğacın olub olmamasından asılı olmayaraq, işçilərdən 10 manat pul yığılmışdı. Qaz isə kəsilməmişdi. Bu dəfə isə belə problem yaşanmadı. Amma əhali artıq 3 aydır ki, qaz idarəsinin növbəti oyunu ilə üz-üzədir. Sayğac işlətməsinə baxmayaraq abonentlərə müxtəlif məbləğlərdə borc yazılıb. Buna isə avamcasına izahat verirlər ki, “güya dövlətin sizə borcu var”.


10.06.2011.

Bu gün səhər təxminən saat 8-dən başlayaraq rayonda heç bir xəbərdarlıq olmadan əhalinin qaz təminatı dayandırıldı. Səbəb isə müxtəlifcür izah olundu.


09.06.2011.

Artıq 4-5 gündür ki, hər gecə şimşək çaxır, amma yağış 1-2 dəq. çiləmə ilə kifayətlənirdi. Bu gün isə saat təxminən 15:30-da birdən-birə leysan getdi. 15 dəq yağmasına baxmayaraq hər tərəfdə iri gölməçələr yaratdı. Digər rayonlarda da güclü yağışlar yağdığını, Daşkasəndə isə dolu düşdüyünü eşitdik.


08.06.2011.

Neftçala şəhər sakini, 1977-ci il təvəllüdlü Bədəlov Elxan Gülağa oğlu 05.06.2011-ci ildə Kür çayında bataraq boğulmuşdur. O, evinə ruzi aparmaq üçün çayın sahilində kiçik balıq qırmağı qurmuşdu. Lakin istətinə çatmadı, üzgüçülük bilmədiyindən suya düşüb boğuldu. Gənc ailə başçısı 1-neçə aydan sonra ilk dəfə olaraq, ata olacaqmış. Axtarışı 3 gün davam etdirilən Elxanın meyiti bu gün səhər tapıldı. Allah Rəhmət eləsin!

07.06.2011.

İrəvan dövlət dram teatrı bu gün rayonumuzun qonağı oldu. Onlar neftçalalılar qarşısında İsi Məlikzadənin əsəri ilə çıxış etdilər. Gözəl aktyor oyunu nümayiş etdirən bu teatrın əməkdaşları ancaq nədənsə səhnəyə salamsız girib, sağolsuz çıxdılar. Yəqin yol yorğunluğu və möhkəm istinin təsiri buna səbəb olmuşdu. Tamaşa saat 12:00-da başladı və bir saat davam etdi.


May:
31.05.2011.

Bu gün respublikamızın hər tərəfindəki məktəblərdə “Son zəng” mərasimi keçirilir. Bu gün XI-lər on bir il oxuduqları doğma məktəbindən, sevimli müəllimlərindən və bir ailə olduqları məktəb yoldaşlarından ayrılırlar. Həyacanlı anlar yaşayan onbirincilər bu günü daim xüsusi bir hisslə yadda saxlayacaqlar. Çünki, onlar artıq müstəqil həyatın ilk addımlarını məhz bu günün son akkordları ilə atacaqlar. Uğurlar sizə!


30.05.2011.

Su çənlərinin 3 gün ərzində gedən təmizlik işləri başa çatmış, sonra onlar dərmanlanmış və bu gün, nəhayət ki, üstləri bağlanmışdı. Çənlər 3 müəssisə-Təhsil, Mədəniyyət və Səhiyyə arasında bölüşdürülüb, təmizlənməsi həvalə olunmuşdu. Bu işə xüsusi maşınlar, ağır texnikalar cəlb olunmuşdu. Rayonun elə bir yeri, bucağı yoxdur ki, buradan texnika, traktor səsi gəlməsin. Gecə saatlarına qədər eşidilən səslər insana tikinti meydanını xatırladır.

27.05.2011.

Rayon Mədəniyyət sarayında möhtəşəm konsert proqramı təşkil olunmuşdu. Konsert Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ildönümünə həsr olunmuşdu. Saat 16:00-da başlayan konsertdə bir-birindən gözəl mahnılar, rəqslər və ürəkaçan musiqilər tamaşaçıların ruhunu oxşadı və xoş əhval-ruhiyyə bəxş etdi. “Respublika günü”nüz mübarək olsun!


26.05.2011.

Bu gün mərkəzi kitabxana ilə litsey arasında tikildiyi gündən bəri istifadə olunmayan, yaxın binaların zibil yerinə çevrilən daş su çəni təmizləndi. Çənə plastik su borusu, su mühərriki və dəmir qapaqlıq qoyuldu. Bu işlərin görülməsi mədəniyyətə həvalə olunmuşdu. Bütün görülən işlərdə olduğu kimi bura da İ.Vəliyev və arxitektor R.Tahirov şəxsən özləri nəzarət edirdilər.


24.05.2011.

Mərkəzi kitabxananın, “Muğan litseyi”nə məxsus iri dəmir dayaqlı su çənləri aşırdıldı. Həmin ərazilər təmizlənir, gərəksiz dəmir tullantılar maşınlarla daşınır.


23.05.2011.

Rayonda gedən təqdir olunası işlərdən biri də əhalinin istifadə etdiyi binaların qarşısındakı su çənlərinin təmizlənməsi oldu. Çənlər tikildiyi ildən bəri bu vaxta kimi təmizlənməmişdi. Bu rayon əhalisi üçün yeni iş, onu zəbtə yetirən yeni təyin olunmuş İcra başçısı İsmayıl Vəliyev və rayonumuzun yeni arxitektoru Rüstəm Tahirov üçün təqdirəlayiq əməl oldu. Onlar bütün günü əhali arasında olur və görülən işlərə şəxsən rəhbərlik edirdilər. Sevindiricidir, çünki, rəhbərliyin belə iş fəaliyyəti doğma Neftçalamızın böyük perspektivindən xəbər verir.


22.05.2011.

Rayonda bir aydır ki, iməcliklər davam edir. Bu təmizlik tədbirinə Neftçalada fəaliyyət göstərən təşkilat və müəssisələrin kollektivləri də qoşulublar. Onlar əsasən əhalinin sıx məskunlaşdığı yaşayış məhəllələrində, binaların ətrafında illərdən bəri yığılıb qalan məişət tullantılarının, kol-kosların təmizlənməsinə cəlb olunub.

16.05.2011.

Balaşov Rəşad Nəsib oğlu 16 may 2011-ci il tarixində səhər saatlarında həkimlərin səylərinə baxmayarq Bakı şəhərində xəstəxanada vəfat etdi. Allah Rəhmət eləsin!


15.05.2011.

Ürək açan işlərdən biri də rayonun hər tərəfində zibil qutularının qoyulmasıdır. İki cür olan bu qutuları; nömrəli aliminüm rəngli iri olanları evlərin, binaların yanına, plastik, nisbətən kiçik qara qutuları isə, idarə və müəssisələrin, mağazaların və insanların sıx olduğu yerlərə yerləşdirdilər.


14.05.2011.

Bu gün rayonda hamını üzən hadisə baş verdi. 1981-ci il təvəllüdlü Balaşov Rəşad Nəsib oğlunu sahədə işləyərkən ilan çaldı. Şahidlərin dediyinə görə qoluna dolanan ilanı gəncin ayırmaq mümkün deyilmiş. Rəşad əsəbdənmi, ya ağrıdanmı 2 dəfə əlindən dişləyən zəhərli heyvanı qolunmdan qopartmaq üçün var gücü ilə dartmış və bu zaman onu 2 yerə bölmüşdür. Vəziyyəti çox ağır olan gənci Bakı şəhər xəstəxanasına apardılar.


13.05.2011.

Rayonda aparılan qızğın işlər sırasında binaların qarşısındakı camaat arasında “bisetka” deyilən xeyir-şər talvarlarının yenidən qurulub təmirinə start verildi. Camaat buna çox sevinir, çünki, onların çoxu artıq istifadəyə yaramır, üst örtüyü sıradan çıxmış, zibil məskəninə çevrilmişdi. Camaatın qeydinə qalan işgüzar insanlara çox sağ və işiniz avand olsun deyirik!


11.05.2011.

11 may 2011-ci il tarixində saat 11:00 radələrində Neftçala şəhəri M.Ə.Rəsulzadə küçəsində yaşayan, 1983-cü il təvəllüdlü İsgəndərov Vurğun Zakir oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Əliyeva Mədinə İsmayıl qızını dəmir parçası ilə baş nahiyəsinə vuraraq öldürmüşdür.

10.05.2011.

Bu gün Respublikamıın hər yerində Ümummilli Liderimiz Heydər Əliyevin 88-ci ildönümünü qeyd edilir. Bu məqsədlə ilk olaraq, Ulu öndərin əbidəsi önünə gül dəstələri, əklillər qoyuldu, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin hazırladığı kitab bayramı keçirildi. Axşam saat 18:00-da isə Mədəniyyət və İncəsənət sarayında H.Əliyevin xatirəsinə həsr olunmuş “Böyük ömrün dastanı” adlı ədəbi-bədii kompozisiya keçirildi.

09.05.2011.

Bu gün 9 may Faşızm üzərində Qələbənin 66-cı ildönümünü qeyd etmək məqsədilə tədbir keçirildi. Bu məqsədlə səhər rayon əhalisi, idarə və müəəssisələrin əməkdaşları və ilbəil sıraları azalan “o odlu, alovlu illər”in qocaman şahid-veteranları Böyük Vətən Müharibəsi abidəsi önünə toplaşdılar. Rayon İcra başçısı İ.Vəliyev çıxış etdi və abidə önünə əklillər və gül dəstələri qoyuldu.


08.05.2011.

1 saylı məktəbin arxası meşə kimi sıx, insanın boyu hündürlüyündəki böyük bir ərazini əhatə edən qındırğalıqdan təmizləndi. Bütün texnika və işçi qüvvəsi bu dəfə bura cəlb olundu.


07.05.2011.

Qardaş dərələr bir-birindən ayrıldı. Sonradan qazılan dərəyə enli boru qoşuldu və gecəyə qədər üstü örtüldü. Əsas dərənin ətrahı daşla hörülüb yanları hündürləşdirildi. Yanındakı vaxtilə bina tikilməsi üçün atılan beton özül daşları maşınlara yüklənib daşındı.

06.05.2011.

Artıq təmizlənmiş ərazidə kanalizasiyaların bərpası ilə əlaqədar işlərə başlanıldı. 8 binanı əhatə edən bu ərazidəki həyətyanı sahələri və küçələri yay və qış yamyaşıl, rəngi dönmüş kanalizasiya suları basırdı. Buna son qoymaq üçün borular yeniləri ilə əvəz olundu və gözü tutulmuş xəttlər bərpa olundu.

05.05.2011.

Bu gün Mədəniyyət sarayının arxasında böyük bir canlanma vardı. Burada binaların kanalizasiyalarını birləşdirən üstü açıq iri və dərin dərə var. Neçə illər idi ki, həmin dərənin dəfələrlə şəhərdən kənara çıxan xətti tutulur, hər dəfə qazılıb dərinləşdirilir, hətta çarə olaraq, 3-4 il bunsdan öncə ona qardaş olaraq, yanında yeni açıq və dərin dərə qazılmışdı. Yayın isitisində həmin qardaş dərələr çiyin-çiyinə verərək ətrafa gözəl qoxu saçır, milçək və zərərli həşaratları özünə məskən edərdi. Qışın, payızın nəmişliyində isə palçığı ilə kəsə yolu tuturdu. Ərazi büsbütün keçilməz qındırğalıqla əhatəli idi.Bu gün həmin ərazidə qızğın işlər başladı. Şəxsən İ.Vəliyev və R.Tahirov axşama qədər işin başında oldular. Bu sahə təmamilə qındırğalıq və qurdquşu gizlədən kol-koslardan təmizləndi. Qışda bu qındırğalıqda, yəni düz yaşayış binasının dibində çaqqallar ulaşır, hətta canavar və tülkü də ara-bir yolunu azıb bu yerlərdə yuva salan küçə itləri ilə səhərə qədər bir-birilərinə meydan oxuyardılar. Belə yerlərin təmizlədilməsi böyük və savab iş oldu.

04.05.2011.

Az qala yaşı 20-yə çatan, rayonun düz mərkəzində yerləşən binaların arasındakı yaşayış üçün nəzərdə tutulan, yalnız 1 mərtəbəsi tikilən yarımçıq binanın qarşısındakı iri kran nəhayət ki bu gün söküldü. Neçə illərin güclü küləklərinə, zəlzələsinə əzmlə davam gətirən, hər dəfəsində də insan ölümünə səbəb olacaq durumla üzləşən bu kranın ömrü bu gün sona çatdı. Bu yəqin ki, həmin üzüqara binanın yenidən dirçəlişinə, tikintisinin başlanacağına xəbərdarlıq, neçə illərdi ev həsrətində olanlara isə bir ümid qığılcımı idi.


03.05.2011.

Rayonumuz nəhayət, zibilliklərdən təmizlənir. Artıq hərtərəfə yeni zibil qutuları qoyulur. Artıq aşıb-daşan, üfunət verən zibil dərələrindən canımız qurtaracaq.

Bazarın tikintisi ilə əlaqədar camaatın həmin ərazilərdə qanunsuz tikililəri söküləcək.

Bununçün onlara xəbərdarlıq edildi.


02.05.2011.

Rayonda boyük səs-küy var. Böyük S.Vurğunun sözləri ilə desək, “Səs salır çarxların qarmaşıq səsi...”. Bəli, rayonumuza yeni təyin olunmuş icra başçısı rayonda yeni böyük işlərə start verib. Rayonda ağır maşınların, texnikaların səsi bir-birinə qarışıb. Məlumata görə rayonun mərkəzi yolundan aralı qobunun bir hissəsi qurudulub, boş, qındırğalıq ərazi təmizlənərək, yeni bazar tikiləcək, ondan bir qədər kənarda, mərkəzə yaxın böyük Bayraq meydanının, binalar arasındakı keçilməz qındırğalıq ərazidə yaraşıqlı parkların salınması, daxili yoların enliləşdirilib, ağır maşınların həmin ərazidən keçməsinin təmin edilməsi, içməli suyun durulaşdırılıb camaata verilməsi və s. işlərin aparılmasına başlanılacaqdır. Bu məqsədlə İ.Vəliyev rayonumuza təcrübəli arxitektor da təyin etmişdir. Cox şükür! Uğur olsun! “Muğan muğan olsa biri üç eylər, muğan muğan olsa üçü heç eylər” (S.Vurğun).


01.05.2011.

01 may 2011-ci il tarixində saat 22:10 radələrində Neftçala rayonu Qaraqaşlı kənd sakini, 1995-ci il təvəllüdlü Baxışov Sahib Şahin oğlu ailə münaqişəsi zəminində həmkəndlisi 1987-ci il təvəllüdlü Həsənov Zamiq Əvəz oğlunu bıçaqla vurmuşdur. Onu Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da həyatını xilas etmək mümkün olmamışdır.




APREL:
25.04.2011.

Bu gün axşam saatlarında Xıllı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verdi. Belə ki, Xıllı qəsəbə sakini, 1980-cı il təvəllüdlü Tağıyev Zöhrab Əlibəy oğlunun idarə etdiyi Jiquli ilə Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Yahyayev Emil Müqabil oğlunun idarə etdiyi Mersedes toqquşmuşdur. Nəticədə Jiqulidə olan sərnişin Xıllı qəsəbə sakini, 2006-cı il təvəllüdlü Tağızadə Əlibəy Zöhrab oğlu aldığı xəsarətdən xəstəxanaya çatdırılsada həyatını xilas etmək mümkün olmamışdır.

22.04.2011.

Bu gün rayonda YAP binasının akt zalında dəyirmi masa keçirildi. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin nəzdində olan ilk təşkilatların Gender bərabərliyi və Qadın Problemləri üzrə komissiyalarının sədrlərin və üzvlərin iştirakı ilə təşkil olunan tədbirdə bir çox qonaqlar iştirak etdi. Cəmilə Səttarova-Azərbaycan Həmkarlar İttifaqı Komitəsinin Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzin sədri, Mədəniyyət işçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri “Azərbaycanda gender siyasəti və cəmiyyətdə qadının rolu” ilə bağlı, Ədalət Hüseynov-Neftçala rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri bu məsələlərə dair rayonumuzda görülən işlərlə bağlı, Arifə Zülfüqarova-Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Gender bərabərliyi və qadın problemləri üzrə komissiyanın sədri “Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar ittifaqı Respublika Komitəsində Gender bərabərliyi və qadın problemləri üzrə 2010-cu ildə görülmüş işlər barədə” məruzə etdilər.

Bundan başqa respublikanın bir sıra rayonlarının Hİ sədrləri də tədbirdə iştirak etdilər. Telman Əzimov-Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsinin sədri “Azərbaycan qadının müasir cəmiyyətinin inkişafında rolu”, Adil Əhmədov-Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Biləsuvar rayon Komitəsinin sədri “Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsində qadınların rolu”, Sakit Bağırov- Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Saatlı rayon Komitəsinin sədri “Qadınlar cəmiyyətimizin aparıcı qüvvəsidir”, Daxil Həsənov- Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Hacıqabul rayon komitəsinin sədri “Həmkarlar İttifaqı və qadın problemi”, Vüqar Bayramov- Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Şirvan rayon Komitəsinin sədri “Qadınlara qarşı zorakılığa yox deyirik”, Səidə Əliyeva- Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının gender bərabərliyi və qadın problemləri üzrə komissiyanın üzvü “Azərbaycanda gender siyasətinin gücləndirilməsi”nə dair məsələlərlə bağlı çıxışlar etdilər.

22.04.2011.

20-sindən bəri zəif də olsa külək əsirdi. 21-də artıq külək bir qədər də bərkidi və rayonu toza-dumana bürüdü. Axşama yaxın artıq daha da güclənən külək əksər ağacları əymiş, zəifləri isə kökündən qopartmışdı və daha nə qədər ziyanlıq törətmişdi. 22-si səhər tezdən başlayan yağış onu bir qədər səngitsə də kəsə bilmədi. Tempratur düşmüş, palçıqlı, bərk yağış yollarda gölməçələr əmələ gətirmişdi. Yağış gün boyu gah bərkidi, gah da yavaşıdı. Bu əvəzləmədən sonra, nəhayət küləyi az da olsa ram edə bildi.
18.04.2011.

Bu gün səhər Qarabağ savaşında iştirak etmiş Hüseynov Zaur adlı şəxs rayon İcra Hakimiyyətinin binasında protest etməyə cəhd edib. Tələbi isə ona qanunsuz olaraq əlillik statusu və mənzil verilməsi olmuşdur. Binanın foyesində üstünə benzin tökərək özünü yandırmağa çalışmış Z.Hüseynovu postda dayanan polislər güclə zəbt etməyə çalışmışlar. Həmin şəxs qanunsuz odlu silah saxladığına, quldurluq etdiyinə görə 1996-cı ildə məhkum olunmuşdu. Bu hərəkətinə görə də yəqinki, onu yenidən cəza evi gözləyir.


17.04.2011.

Aprel ayı toylar ayıdır desək yanılmarıq. Ailələr ən çox bu ayı toy etmək üçün daha uyğun görürlər. Həftəyə nəzər salanda diqqətimi bir şey cəlb etdi. Aprelin bu həftəsində rayonda toy edənlər müəllimlər oldu. Bu da ürəkaçan qəribəlik. Toyunuz mübarək olsun!

17.04.2011.

Təhsil Nazirliyinin paytaxtla yanaşı regionlarda keçiridiyi abuturyentlər üçün sınaq imtahanın növbəti təşkil olunan məkanı Neftçala rayonu oldu. Rayon 1 saylı məktəbdə keçirilən sınaq imtahanında qonşu rayonlardan da abuturyentlər iştirak etdilər.

13.04.2011.

Artıq Yaponiyadakı fəlakətdən sonra havadakı qəribəlikləri müşahidə etmək insanlar da bir vərdiş halına çevrilib. Hamı bir qədər həssaslaşıb. Bu gün ki, havanın durumu isə öz qəribəliyi ilə görənləri sözün həqiqi mənasında şoka saldı. Gecədən yaşan yağış səhər sübhdən kəsdi. Səhərin açılmasına baxmayaraq, hava alatoran qalmışdı. Saat 09:30-dan eləbil hər tərəf sarı rəngə boyandı. Yarıqaranlıq, sapsarı hava saat 11-12:00 arasına qədər davam etdi. Elə-bil ətrafa sarı gözlüklü eynəklə baxırdın. Sarı rəng keçdikdən sonra, göyün üzündə buludlar müxtəlif rəng almaqa başladı-gah çirnel, gah bənövşəyi, gah da boz. Ətrafı duman bürüdü. Görənlərin dediyinə görə yağış da palçıqlı yağırmış. Bəlkə də bu duman elə bir neçə gün bundan qabaq olan toz dumanı imiş. Günün günorta vaxtı yarıqaranlıq olduğundan otaqlarda işığı yandırmaq lazım gəldi. Eşitdiyimə görə məktəbdə şagirdlər arasında qorxudan şok yaranmış, ağlayan, ürək keçmə halları olmuşdu. 12:00-dan başlayaraq, yavaş-yavaş hava öz normal vəziyyətinə keçdi. Amma insanlar arasında halsızlıq və bədbinlik kimi halları saxladı.

12.04.2011.

Külək zəif də olsa 2 gündür ki, yenə də əsir. Tempratur aşağı düşüb. Elə-bil payız havasıdı.

11.04.2011.

Zəif külək əsir. Göyün üzü elə bil iki hissəyə ayrılıb. Göyün qərb tərəfində qara buludlar, şərq tərəfində isə günəş hakimlik edir. Dəniz görünən hissədən para şəklində göy qurşağı görünür.

10.04.2011.

Rayonda abadlıq oişləri davam edir. Yolların qırağındakı elektrik lampaları yeni, gözəl dirəklərlə əvəz olunur. El arasında adı “svetaforun yanı” , gənclərin və o illəri yaşamamış adamların görmədiyi işıqfor yenə də işə düşdü. Artıq 15, bəlkə də daha çox olardı ki, vaxtilə yolun 2 yerində qurulmuş bu işıqforların yalnız adı qalmışdı, özü isə lazımsız bir qurğu kimi toz-torpaq altında asılıb qalmışdı. Həmin 4 yol ayrıcında isə çox qəzalar baş verirdi. Xeyirli olsun!


09.04.2011.

Bu gün qəribə hava hökm sürüb. Günortaya qədər günəşli, yaz fəslinə uyğun olmayan boğucu isti olmuş, təqribən saat 15:00-da isə birən-birə güclü külək başlamışdı. Külək elə güclü idi ki, tozu, torpağı burulğan kimi sovururdu. 6-8 metrdən o tərəfi görmək mümkün deyildi. Təəccüb doğuran bu mənzərə idi. Axşama yaxın külək zəiflədi.


08.04.2011.

Rayonumuzda abadlıq işləri davam edir. Küçələrdəki işıq dirəkləri müasir tipdə yeniləri ilə əvəz olunur.

01.04.2011.

Qürbətdən vətənə meyit gətirildi. Çox təəsüf ki, insanların qəlbini üşüdən belə ağır hadisələr çox tez-tez baş verir. 2 uşaq atası 35 yaşlarında olan həmin gənc bu gün torpağa tapşırıldı.

05.04.2011.

Təbiət bu gün öz şiltaq üzünü göstərdi. 2 gün idi ki, respublikanın çox yerlərində yağışların yağmasına rəğmən bizdə hava tutqun keçirdi. Lakin bu gün saat 16:00 radələrində iri damlalarla yağış yağmağa başladı. Saat 17:30-dan çirkli yağış möhkəmləndi, ardınca 2-3 dəqiqə buz dənələri yağmağa başladı. Qəribə də bu idi ki, dolu balaca rayonun az yerində müşahidə olundu. Bundan sonra hər tərəfi duman bürüdü. Xəbərlər proqramından eşitdik ki, Abşeron yarımadasını da bürüyən bu duman Ərəbistandan gələn toz burulğanının nəticəsidir. Yağış fasilərlə demək olar ki, səhərə qədər davam etdi.


MART:
31.03.2011.

Beləcə mart ayını başa vurduq. Bu ay bayram əhval-ruhiyyəsi ilə yanaşı, çox təəsüf ki, xalqımızın taleyində ağır tarixi günlər də özünə yer alıb. Bütün idarə və müəssisələrdə, eləcə də Mərkəzi kitabxanada “31 Mart Azərbaycanlıların soyqırımı günü” qeyd edildi. Bu günləri yad etmək, bu günün dəhşətlərini uşaqlarımıza xatırlatmaq, bir daha belə tarixi səhvlərə yol verməmək baxımından gərəkli və çox önəmlidir.


30.03.2011.

Rayon Tarix Diyarşünaslıq muzeyində “31 mart Azərbaycanlıların Soyqırımı günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə həmin günləri əks etdirən faktlardan, o cümlədən rayonumuzun bir çox kəndlərində vəhşi ermənilər tərəfindən törədilən qanlı hadisələrdən söhbət açıldı.

28.03.2011.

9 gün bayram tətilindən sonra bu gündən iş gününə start verildi. Şagird və tələbəlr də dərsə döndülər.

20.03.2011.


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin