Əvvəlki paraqrafda tropların (onlardan bəzilərini fiqur kimi də nəzərdən keçirmək olar) analizi göstərdi ki, troplar hər şeydən əvvəl sözün mənasının transformasiyası ilə bağlıdır və məntiq qanunlarının (çox zaman analogiya qaydalarının) pozulması onlardan hər birinin əsasında dayanır.
Fiqurlar, artıq qeyd edildiyi kimi, hər şeydən əvvəl strukturun transformasiyasını nəzərdə tutur: sözün strukturunun (mikrofiqurlar) və ya cümlənin strukturunun (makrofiqurlar) transformasiyası yenə də ritorik funksiyanın həyata keçirilmə vasitəsidir.
Yeri gəlmişkən, məhz bu səbəbdən fiqurları elə fiqurlar adlandırırlar. Beləliklə, belə hesab edirlər ki, artıq bir-birinə nəzərən müəyyən şəkildə yerləşmiş müəyyən miqdarda komponentləri başqa şəkildə də düzmək olar. Yəqin ki, "fiqur" anlayışı adı altında troplardan fərqli olaraq fiqurlara artıq formalaşmış tamın tərkibində struktur dəyişikliyi kimi baxmağa imkan verən işarə nəzərdə tutulur.
Belə "formalaşmış tam" kimi, məsələn, müəyyən komponent sistemini (məsələn, səsləri) nəzərdə tutan sözün strukturu çıxış edə bilər. Komponentlər sisteminin qurulması qaydası fonetikanın qanunları və sözdüzəltmə qanunları vasitəsilə tənzim edilir. Sözün strukturunda həyata keçirilən istənilən yenidənqurma yeni struktur formalaşdırır. Amma bu struktur yenə də əvvəlki komponentlərdən təşkil olunur və bu səbəbdən də artıq məlum olan, amma transformasiyaya məruz qalan struktur kimi qəbul edilir. Buna görə də, o, ritorik cəhətdən maraqlıdır: əvvəlki strukturun yeni struktur ilə müqayisə edilməsi məna cəhətdən məsafəni təmin edir. Hər bir konkret halda bu məna cəhətdən yaranan məsafə «məna baxımından» effekt yaradır.
Digər tərəfdən, "formalaşmış tam" kimi cümlənin strukturu da çıxış edə bilər. Sintaksis vahidi kimi cümlə də tamamilə müəyyən komponentlər sistemini nəzərdə tutur.
Bu sistem normativ sintaksis qaydaları vasitəsilə tənzim edilir. Bu sintaksis vahidin strukturunun dəyişdirilməsi makrofiqurun, daha doğrusu, yeni strukturun yaranmasına gətirib çıxarır. Bu yenidən qurma yenə də yalnız qismən yeni struktur kimi qəbul edilir: yenidən qurulmuş variantda adətən, əvvəlki strukturun ümumi cizgilərini asanlıqla müşahidə etmək olar, köhnə və yeni strukturlar arasındakı əlaqələr semantik baxımdan maraqlı ahəngdarlıq yaradır.
Troplar kimi mikro və makrofiqurlar sahəsi də paralogikanın adı ilə bağlıdır. Paralogika burada ənənəvi qrammatika ilə ziddiyyət təşkil edir və həmişə buradakı qanunları nəzərə almır. Bunun nəticəsi kimi isə "məlum komponentlərin yeni strukturu" və bu zaman yaranan gözlənilməz məna effektləridir. Adətən, bütün məlumat miqyasında rellaşdırılan, daha doğrusu, hipersintaksis tam yaradan fiqurlar xüsusən mürəkkəb məna effektləri yaradır.
Yeri gəlmişkən, belə mürəkkəb fiqurları "bəzi standart məna effektləri" yaradan daha sadə fiqurlardan fərqləndirməyi linqvistik ensiklopedik lüğətdə "Nitq fiqurları" məqaləsinin müəllifi V.N.Toporov da zəruri hesab edir. Burada fiqurun "həndəsi təsnifatı" göstərilir: "... elementar sintaksis növlər (onlar da səs vahidlərinə və ya morfoloji səviyyəyə aid edilir) dil paradiqmasının vahidi kimi nitqdə (mətndə) məkan baxımından təşkil etmənin bəzi prinsiplərinə uyğun olaraq özünəməxsus həndəsi fiqurlara oxşar şəkildə nizamlanır, amma məkan cəhətdən belə təşkil etmə dilin özünün strukturuna xas deyil.
Başqa sözlə, mətndə məkan baxımından semiotikanın ümumi prinsiplərinə uyğun olaraq məkan baxımından nizamlanmaya məruz qalan dil elementləri məkan proyeksiyasında ifadə oluna bilən nitq fiqurlarına çevrilir. Məsələn, təkrarlanma: aaaa...; əvəzlənmə: abab...; şişirtmə: ab şəraitində abc; azaltma (ellipsis): abc şəraitində ab; simmetriya: ab/ba və s., müxtəlif növ həndəsi fiqurlar: qavrama, xiatus, invensiya və s.". (Toporov V.N. Fiqurı reçi / Linqvistiçeskiy gnüiklopediçeskiy slovarğ. – M. 1990, s. 543).
Amma bununla belə biz bu dərslikdə fiqurları paralogikanın köməyi ilə həyata keçirilən yenidənqurma kimi nəzərdən keçirəcəyik. Bu yenidənqurma həm qrammatika, həm də məntiq ilə ziddiyyət təşkil edilərkən artıq özü ilə eyniyyət təşkil etmir və bununla da əsas məntiq qanunlarından biri olan eyniyyət qanununun tələblərini pozur.
Dostları ilə paylaş: |