Tör-töküntülü əyin-başla, saç-saqqal içində orta yaşlı bir kişi daxil olur. Şanel təəccüblə ona baxır. Kişi də Şanelin gözlərinə diqqətlə baxır və Şanel təəccüb içində donub qalır.
İqor: Tanıdın, madmauzel?
Şanel: Etten Balsan!
İqor: Balsan! Özüdür ki, var!
Şanel: Etten, sənə nə olub?
Balsan: Nələr olmayıb ki, Şanel?
İqor: O, müflis olub, madmauzel! Atasını öldürüblər. Anası da itkin düşüb. Bir də ki.... (susur)
Şanel: Nə olub? Bir də nə İqor? (sükut) Nə olub axı? Danışın da. Etten, sənə nə olub?
İqor: O, heç nə görmür. Kor olub.
Şanel: Aman tanrım! Niyə Etten? Mən səni gözlərindən tanıdım. Çünki sənin çox qəşəng gözlərin var. İllər ötsə də o gözlər öz yaraşığını itirməyib, Etten.
Balsan: Amma heç nə görmürəm, Şanel. Səni görmək istəyirəm. Sənə toxunmaq istəyirəm. Yaxın gəl, mənim kokom. (Şanel ona yaxınlaşır və Etten onun əllərini tutur) Ətrin dəyişib, Şanel! Səni şöhrət və pul çox dəyişib. Bunu hiss edirəm.
Şanel: Səni də kasıblıq və şikəstlik çox dəyişib, Etten. Mən bunu həm hiss edirəm, həm də görürəm.