Salam olsun İbrahimə



Yüklə 1,08 Mb.
səhifə60/82
tarix10.01.2022
ölçüsü1,08 Mb.
#109450
1   ...   56   57   58   59   60   61   62   63   ...   82

Allahın razılığı

Abbas Hadi


İbrahimin xarakteri elə idi ki, adətən, yanında olub görənlərdən başqa heç kim işlərindən xəbər tutmurdu. Lakin özü zəruri bildiyi məqamlarda bəzi işlərindən danışırdı. Həmişə deyirdi ki, Allahın razılığı üçün görülən işi deməyə gərək yoxdur. Həmçinin deyirdi: "Bizim problemimiz budur ki, hamının razılığından ötrü iş görürük, Allahdan başqa".

Həzrət Əli (ə) buyurur: "Kim qəlbini və əməllərini Allahdan qeyrisindən təmizləsə, Allahın nəzərində olar".1

Böyük ariflər də öz sözlərində bildirirlər ki, Allah üçün görülən iş dəyərli olar. Yaxud deyirlər ki, insan Allahdan qeyrisi üçün çəkdiyi hər bir nəfəsə görə axirətdə peşman olacaq.

İbrahim yaralananda Tehranın zorxanalarından birinə gedib bir küncdə oturduq. Hər bir təcrübəli idmançı içəri girəndə mürşidin zəngi səslənir, idman bir neçə saniyəliyə dayanırdı. O da uzaqdan idmançılara əl yelləyir, gülümsəyir və otururdu.

İbrahim diqqətlə insanların hərəkətlərinə baxdı və sonra dönüb yavaşca mənə dedi: "Gör bunlar zəngin səslənməsinə necə sevinirlər. Bəzi adamlar zorxana zənginə aşiqdirlər. Onlar Allaha bu qədər aşiq olsaydılar, daha yer üzündə qalmaz, göylərdə yeriyərdilər. Dünya belədir: adam nə qədər ki dünya aşiqidir və bu dünyaya yapışıb, halı və günü budur. Lakin başını göyə qaldırsa və işlərini Allahın razılığı üçün görsə, əmin ol ki, həyatı dəyişər, yaşamağın mənasını anlayar. Zorxanada çoxları bilmək istəyir ki, kim daha güclüdür və kim daha tez yorulur. Əgər bir gün miyandar olsan və birinin yorulduğunu görsən, Allahın razılığından ötrü tez idmanı dəyiş".

İbrahim deyirdi: "İnsan hər bir işi, hətta şəxsi işlərini də Allahın razılığından ötrü görməlidir".

***

Cümə səhəri yaxınlaşırdı. İbrahim qanlı köynəkdə evə gəldi. Çox yavaşca paltarlarını dəyişdi. Namazını qılandan sonra dedi: "Abbas, mən yuxarıda yatmağa gedirəm".



Günortaya yaxın həyətdən səs gəldi. Kimsə dayanmadan qapını döyürdü. Anam gedib qapını açdı. Qonşu qadın idi. Hirslə salam verəndən sonra dedi: "Sizin bu İbrahim mənim oğlumla tay-tuşdur?! Axşam oğlumu motosikletlə aparıb, sonra da qəzaya düşüblər, oğlumun ayağı sınıb".

Sonra əlavə etdi: "Bax, xanım, mən oğlumu ən yaxşı liseyə qoymuşam və sənin oğlun kimilərlə oturub-durmasını istəmirəm".

Anamızın heç nədən xəbəri yox idi. Çox narahat oldu, üzr istəyib dedi: "Mən nə dediyinizi, nədən danışdığını bilmirəm, amma baş üstə, mən İbrahimə deyərəm, siz bağışlayın..."

Mən onların danışığını eşidib yuxarı mərtəbəyə qaçdım, İbrahimi oyadıb dedim: “Dadaş, nə etmisən?”

– Nə olub ki?

– Motosikletiniz qəzaya düşüb?

Yerindən hoppanıb təəccüblə soruşdu: "Qəza?! Nə danışırsan?!”

– Bəs eşitmədin? Qapıdakı Məmmədin anası idi, haray-həşir salmışdı...

Bir qədər fikirləşib dedi: "Yaxşı. Allaha şükür, mühüm bir şey deyil".

Həmin gün axşamüstü Məhəmmədin ata-anası bir dəstə gül və bir qutu şirniyyatla İbrahimi görməyə gəldilər. Qonşu qadın dayanmadan üzr istəyirdi. Bizim anamız təəccüblə dedi: "Hacı xanım, nə səhərki sözlərindən bir şey anladım, nə də indiki işindən".

- Vallah, xəcalətimdən nə deyəcəyimi bilmirəm. Məhəmməd hər şeyi danışdı. Əgər ağa İbrahim olmasaydı, Allah bilir başına nə gələrdi! Məhəllə uşaqları biz narahat olmayaq deyə İbrahimlə Məhəmmədin qəzaya düşdüklərini söyləmişdilər. Hacı xanım, mən tez mühakimə yürütdüyümə görə üzr istəyirəm. Sən Allah, məni bağışla. Atasına da dedim ki, çox ayıbdır, ağa İbrahim neçə aydır yaralanıb, bizsə hələ onu görməyə getməmişik. Buna görə əziyyət verdik.

- Məhəmmədə nə olub ki?

- Cümə axşamı gecə məscidin Bəsic üzvləri məhəllədə keşik çəkirmişlər. Məhəmməd küçədə digər uşaqların yanında imiş. Birdən əli çaxmağa keçir və səhvən silahından açılan güllə öz ayağına dəyir. O, yaralanıb yıxılır və ayağından çoxlu qan axır. Bu zaman ağa İbrahim motosikletlə gəlib, uşaqların köməyi ilə Məhəmmədin ayağının yarasını bağlayıb və sonra xəstəxanaya aparıb".

Qonşu qadının söhbəti bitəndən sonra dönüb İbrahimə baxdım. Xüsusi soyuqqanlılıqla bir küncdə oturmuşdu. O, yaxşı bilirdi ki, Allahın razılığından ötrü bir iş görmüş adam camaatın sözlərinə fikir verməməlidir.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin