Sarsilmaz coş Makdauell Kristobal Kruzenin


On beşinci fəsil Nişan və təhsilin sonu



Yüklə 222,76 Kb.
səhifə22/31
tarix05.01.2022
ölçüsü222,76 Kb.
#111623
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

On beşinci fəsil

Nişan və təhsilin sonu

Avtomat-telefonla yalnız beş dəqiqə danışmaq üçün mən xırda qəpiklər götürdüm. Bunu xəsislikdən etmədim, sadəcə cənab Merriklə daha çox danışmaq üçün mənim cəsarətim çatmazdı. Dəstəyi xanım Merrik götürdü və həmin an ərini çağırdı.



  • Allo?

  • Cənab Merrik?

  • Bəli.

  • Salam, cənab. Bu, Coş Makdauelldir.

  • Salam, Coş. Səni eşitdiyim üçün şadam. Uitonda vəziyyət necədir?

  • Yaxşıdır, cənab, hətta çox yaxşıdır.

  • Sənə görə şadam. Qiymətlərin necədir, qaydasındadır?

  • Qiymətlərim... bəli cənab. Mənim qiymətlərim yaxşıdır.

  • Çox yaxşı. Hüquq məktəbinə qəbul olmaqla bağlı planların necədir, yəqin ki, artıq öz yoluna düşür?

  • Bəli, cənab! Planlarla bağlı hər şey qaydasındadır. Mən də elə indi müxtəlif hüquq məktəblərini nəzərdən keçirirəm.

  • Nə yaxşı, bunu eşitdiyim üçün həddən artıq şad oldum, Coş. Mən belə başa düşdüm ki, sən Linn ilə danışmaq istəyirsən?

  • Bəli, cənab. Əlbəttə... amma mən sizinlə də danışmaq istəyirdim.

  • Əlbəttə, mən səni dinləyirəm.

  • Cənab Merik... mən sizin qızınızla evlənmək istəyirəm.

Xəttin o başındakı sükutdan ürəyim az qala partlamaq istəyirdi. Mən həyəcanla ovcumda qızıb sürüşkən olmuş iyirmi beş qəpikliyi seçib ayırdım.

  • Yaxşı, Coş, — nəhayət, cənab Merrik danışdı, — mən bilirəm ki, qızım səni sevir. Mən ona başa salmağa çalışdım ki, nikah oyun-oyuncaq, cavanlıq ehtirası deyil, daha vacib şeydir.

  • Mən razıyam, cənab.

  • Bu, hələ hamısı deyil, mən səni birinci dəfə görəndə Linnin səninlə görüşməyinə razı deyildim.

  • Bəli, cənab, mən bilirəm.

  • Lakin demək istəyirəm ki, bu il yarım ərzində mənim sənə münasibətim tamamilə dəyişib. Mən qızımla evlənməyinə sevinərək razılıq verirəm.

  • Minnətdaram, cənab.

  • Yəqin ki, indi isə gənc xanımın özü ilə də danışmaq istəyirsən?

  • Bəli, cənab, əlbəttə. Çox sağ olun, cənab. Səni eşitdiyimə çox şad oldum, — cənab Merrik dəstəyi yerə qoydu. Linn onu götürəndə xırdam demək olar ki, sona çatmaq üzrə idi.

  • Salam! — o, dedi.

  • Linn, mənimlə evlənərsən?

  • Əlbəttə, evlənərəm! — o, dedi.

Və bundan sonra telefon birdəfəlik susdu.

Iki həftədən sonra Linn bacısı Enci ilə Uitona gəldi və gecəni yerli mehmanxanalardan birində qaldılar. Növbəti gün şənbə idi və may ayının ilk həftəsonu idi. Mən elə bil ki, iynə üstündə oturmuşdum. Uiton kollecində köhnə bir ənənə var idi. Gənclər öz nişan və toylarını Blançard-Holldakı «qülləyə çıxmaq»la qeyd edirdilər. Sonra onlar zəngi vururdular ki, tələbə şəhərciyində bu barədə hamı bilsin. Həftənin əvvəlində tələbə komitəsindən qüllədəki təntənənə üçün icazə aldım. Şənbə səhəri bütünlüklə vacib işlərə həsr olundu. Dik, Frenk və başqa dostlarım mənə kömək etdilər. Hələ qüllənin başına tort, bir-neçə üzümdən hazırlanmış «limpard» şüşələri, stəkanlar, boşqablar, çəngəllər və salfetlər aparmaq lazım idi.

Saat ona hələ bir neçə dəqiqə qaldığını göstərirdi. Biz isə artıq hər şeyi yerbəyer etmişdik. Linndən başqa hamı gəlmişdi. Biz gözləməyə başladıq.

Lakin intizar uzun çəkdi. Saatlar on biri göstərəndə Frenk dözə bilmədi:



  • Sən ona saat neçədə burada olsun demişdin? — o, soruşdu

  • Saat onda, — deyə mən cavab verdim.

  • Bir nömrəli dərs, — Diki qəzəbli səslə dedi, — qadınlar və dəqiqlik bir araya sığışmaz.

  • «Onun yaxşı cəhətlərinə diqqətli, çatışmamazlıqlarına isə mərhəmətli ol».

  • Sən bunu elə indi qoşdun?

  • Əlbəttə, yox, — Dik istehza ilə dedi. — Bu, bir fransız şairinin şeirindəndir... görəsən, onun adı nə idi?

  • Metyu Prayor, axmaq! Özü də o, fransız deyil, ingilisdir, — Frenk dedi.

  • Ey, siz, sakit olun! — mən təpindim və hamı sakitləşdi. Həqiqətən də kiminsə pilləkənlərlə qülləyə çıxdığını eşitdik. Bir an keçməmiş mənim evlənməyə hazırlaşdığım qız bizim qarşımızda dayandı. Linnin ardınca bacısı Enci və onların rəfiqəsi, Uitonda ikinci kurs tələbəsi olan qız gəldi.

  • Yaxşı, dərhal məsələyə keçməyi təklif edirəm, — Dik üzüm şirəsini açıb, plastmas stəkanları bir-birinin ardınca dolduraraq dedi. — Mən sağlıq demək istəyirəm.

O, hər kəsin öz yeməyini götürüb sağlığa qulaq asmağa hazır olduğunu gözləyərək, səbirsizliklə hamını gözdən keçirdi.

  • Coş və Linn, sizin sağlığınıza. Qoy qarşıda sizi ailə xoşbəxtliyi ilə dolu olan uzun illər gözləsin. Unutmayın ki, xoşbəxt nikahın yeganə sirri...

  • Bəs sən özün onu bilirsən? — deyə Frenk burnunda mızıldandı.

  • Nikahda arvadını bir işarədən başa düşən kişi əsl xoşbəxt kişidir.

  • Bundan nə nəticə əldə etmək olar? — Frenk soruşdu, sonra isə öskürərək öz sağlığını təklif etdi: — Coş! Linn! Bu xüsusi gündə biz hamımız sizə görə xoşbəxtik. Ən vacibi unutmayın ki, siz bir-birinizlə yaşamağı bacardığınız üçün deyil, bir-biriniz olmadan yaşamağın mümkün olmadığı üçün evlənirsiniz!

  • Bax, bu, doğrudur! — deyə dostum Cim Qrin stəkanını qaldıraraq uca səslə dilləndi. Qonaqlarımız da razılıqla başlarını yellədilər.

Ruhlandırıcı nida səsləri altında mən Linnin əllərindən tutdum və dərindən bir-birimizin gözlərinə baxdıq. Həmin an mənə aydın oldu ki... heç bir şübhəsiz... mən səhv qərar qəbul etmişəm.

Özlərini ölüm ayağında hiss etmiş insanlardan hərdən eşitmişəm ki, belə vaxtda bütün ömür şimşək kimi göz önündən keçir. O yük maşınının sərxoş sürücüsü mənim maşınıma çırpılanda mən bunu hiss etmişdim. Mən yenə də buna bənzər bir hiss yaşadım, lakin bu dəfə həyatımın gələcək kadrları sürətlə mənim gözlərim qarşısından keçməyə başladı. Bəli, Linn çox yaxşı qızdır. Lakin mən onu lazım olan kimi sevmirdim. Necə sevmək lazım idi? Bu, nə deməkdir? Mən bilmirdim bu nə deməkdir. Mən ancaq onu bilirdim ki, qəlbimin dərinliyində, həyatımın sonuna qədər təəssüflənəcəyim bir hərəkəti etmək üzrə olduğumu bildirən saf və şübhəsiz bir hiss var idi. İndi elə burada nişan mərasimi etməmək üçün məndən güc tələb olunurdu. Lakin biz çox uzağa getmişdik və mən başa düşürdüm ki, indi kiminsə ürəyini qırmadan geriyə çəkilmək mümkün deyil. Bettl-Krikdən aldığım nişan üzüyünü Linnin barmağına taxdım. Onun gözlərindən yaş axdı. Mənim başımda indi hansı fikirlərin dolaşdığı digərləri kimi onun da heç ağlının ucundan keçmirdi.

Zəngi çalmağın əsl vaxtıdır, Coş, — Dik ruhlandırıcı səslə xatırlatdı. Mən başımı yırğaladım və qəflətən mənə dar ağacı təsiri bağışlayan qüllə zənginin dilindən sallanan kəndirə baxdım. Bir dəfə bir toyda sağdışın huşunu itirib ölümcül yerə yıxıldığının şahidi olmuşdum. Bütün xalqın gözü qarşısında. Mən sadəcə belə bir şeyin mənimlə baş verməsinə yol verə bilməzdim. Buna tab gətirə bilməzdim. Özümü gülümsəməyə məcbur edərək kəndirdən yapışdım və hisslərimi cilovlamağa çalışdım. Sonra isə tələsmədən yeddi dəfə zəngi vurdum. Daha sonra mənim yerimi Linn tutdu və yeddi gurultulu zəng səsi yer üzərinə yayıldı. Aradakı fasilə vaxtı Blançard-holl qülləsinin aşağısındakı gənclərin zarafat şəklində olan Uiton ənənəsinə uyğun olaraq çalınan bu zəng səslərinə verdikləri reaksiyaları eşitmək olardı. Aşağıdan səslər gəlirdi:


  • Dostum, bunu etmə! — uzaqdan bir səs eşidildi.

  • Əlvida, azadlıq! — ikinci səs artıq yaxınlıqdan gəldi.

  • Qandallara öyrəş!

Biz Linnlə cavabında gülə-gülə indi isə ikimiz birlikdə kəndirdən yapışaraq yeddi dəfə vurduq. Yeddi. Kamillik rəmzi.

  • Alın, götürün, — Enci flomasteri bizə uzatdı ki, zəng qülləsinə yazılmış yüzlərlə adların yanına biz də öz adımızı əlavə edək. Coş və Linn. 5 mayda nişanlandılar. Evləndilər...

  • Hansı tarixi yazaq, əzizim? — Linn parıldayan gözlərini məndən çəkməyərək və markörü əlində hazır tutaraq soruşdu.

  • Toyumuz nə vaxtdır?

«Heç vaxt, — deyə qışqırmaq istədim. — Sən çox yaxşı qızsan, Linn, mənim tanıdığım qızlardan ən yaxşısı. Lakin bundan heç nə çıxmayacaq. Sən evdarsan, mən isə bütün dünyanı gəzmək istəyirəm.»
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin